Fikrət Qocanın qızı Gülay Qocayevanın SİA-ya verdiyi müsahibəsini təqdim edirik:
- Fikrət Qocanı bir şair kimi bütün xalqımız tanıyır. Bəs ata kimi necə bir ata idi? Necə xarakterdə adam idi?
- Mənim üçün atam həyata inamla atdığım addımlara görə sonsuz borclu olduğum əsil insan, böyük şəxsiyyətdir. О, sağlığında mənim güvəndiyim, arxalandığım, hər dəfə qürurla dinlədiyim, izlədiyim bir şəxs idi. Sərtliyi ilə də, mülayimliyi ilə də. Onun bir şeirini xatırlatmaq istəyirəm: Sığındığım bu damdı,
Dam da yağışda damdı...
Düşünürəm ki, hər bir övlad üçün atası idealdır (əlbəttə ki, istisnalar xaric).
Uşaqlıqda atamdan cox cəkinirdik. İşlədiyi otağa daxil olmağa belə cürət etməzdik. Həmişə bizə sadə olmağı, özümüzü heç kimdən üstün və yaxud əksik tutmamağı məsləhət görərdi.
Zamanla münasibətlərimiz daha çox istiləşdi. Qəribədir ki, yaşa dolduqca valideynlərlə bağlar daha da möhkəmlənir. Əvvəl onlar bizə valideyn sevgisi verirlər, sonra biz onlara övlaq nəvazişi, qayğısı göstəririk.
Hər zaman atamın yanında olmuşam və axırıncı gününə kimi yanında idim. Çoxları düşünür ki, valideynin son günlərində yanında olmaq övlad üçün ən böyük xoşbəxtlikdir. Ancaq onu da bilin ki, sizin yaddaşınızda yalnız o son günlər silinməz olaraq qalacaq və bu çox ağrılıdır...
Uşaqlıqda çox nadinc və tərs olduğum üçün deməzdim ki, atam mənə qarşı ehtiyatlı və qısqanclıqla davranardı, əksinə döyülmə təhlükələrim çox olub… Ancaq atam çox səbirli insan idi.
Mənə elə gəlir ki, o, məni daha çox qızı kimi yox, oğlu kimi görürdü.
- Fikrət müəllim daha çox kimlərlə dostluq edirdi? Dostları çox idimi? Yazıçılardan başqa sənət aləmindən kimlər var idi?
- Atamın dostları çox idi. Balıqçı, ovçu, bəstəkar, rəssam, qələm dostları və, s..
Bir sözlə, dostlarına sadiq bir insan idi.
Aleksandr Qriç bizə gəlirdi. Atanın yaxın dostu. O vaxtı “Dalğa”, yaxud “Bayatı” verilişini İntiqam Qasımzadə ilə birgə aparırdı. O, sonra ölkədən köçdü, indi Amerikada yaşayır. Hələ də münasibətlərimiz qalır. Çox yaxşı dost idi. Sonra... Siyavuş Məmmədzadə gəlirdi. Tərcüməçi şair idi o. Mansur Vəkilov gəlirdi, rəhmətlik. Vaqif Səmədoğlu gəlirdi, o atamın ən yaxın dostu idi, münasibətləri də çox yaxşı idi. Polad Bülbüloğlu musiqilər yazılanda gəlirdi. Anar müəllim çox az-az bizdə olurdu. Onlar hardasa başqa yerlərdə otururdu. Müslüm Maqomayev tez-tez bizə zəng edirdi, musiqiləri ilə əlaqədar.
- Bəs ananızla necə tanış olub?Heç danışıbmı sizə?
- Valideynlərim, hər iki tərəfin ailəsi Kür çayının kənarında istirahət edərkən tanış olublar. Bizə isə zarafatla “ananızla Kürün qırağında tapışmışıq” - deyərdi.
- Ən çox nə zaman ona ehtiyac duymusunuz?
- Bir gün axşam çağı telefonum zəng çaldı. Mən telefonumda atamın nömrəsinə fərqli zəng qoymuşdum, ona görə bir anlıq onun həyatda olmadığını unudub, telefonu açaraq “ay can, papa” - dedim. Zəng vuran isə oğlum Fikrət idi. O, babasının telefonunu yadigar olaraq özündə saxlayır. Mənim sözlərimi eşidən oğlum da babasının telefonundan zəng vurduğuna peşman olmuşdu.
Hər gün, hər an onun varlığına ehtiyac duyuram. Zənglərinə, şirin sözlərinə, əzizləməsinə o qədər ehtiyacım var ki…
- Atanızın səsinin tutulduğu vaxtları xatırlayırsınızmı? Necə baş vermişdir?
- Səhv eləmirəmsə, bu 1986-cı ildə olmuşdu. Atamın ciyərində problem yarandı, getdi Yazıçılar Birliyinin poliklinikasına. Həkim yəhudi idi, baxan kimi dedi ki, sən təcili əməliyyat olunmasan ömrün qısa olacaq. Atamda xərçəng xəstəliyi başlamışdı. O vaxt atamın bir yaxın dostu var idi, İsaq İbrahimov. Əvvəllər vəzifədə işləmişdi, həmin vaxtlar isə vəzifədə deyildi. Bizi bağ evinə qonaq çağırmışdı. Onun yoldaşının Heydər Əliyevə qohumluğu çatırdı. Əlaqə yaratdılar, Heydər Əliyev də dedi ki, təcili Moskvaya gəlsin. Atam Moskvadakı xəstəxanaya gedir, yer olmadığı üçün mehmanxanada qalır. Onda Heydər Əliyev demişdi ki, siz niyə bu adama yer verməmisiniz. Bütün Moskvanı axtarıb atamı tapmışdılar və həmin xəstəxanaya yerləşdirmişdilər. Məşhur bir cərrah var idi, adı təəssüf ki, yadımdan çıxıb. O, başqa bir ölkədə simpoziumda idi, onu ordan çağırtdırdılar. İlk əməliyyatı o eləmişdi. Xərçəng tamamilə bir ciyərini tutmuşdu. Əməliyyat sırasında səs tellərinə toxunmuşdular. Həkim demişdi ki, mən sənin səs tellərinə toxunmaya bilməzdim.
- Ailənizdə şeir yazan, ədəbiyyata bağlı olanlardan varmı? Atanızdan keçibmi nələrsə?
- Atam özünün bir parçasını bütün övladlarında qoyub gedib. Hərəmiz özümüzə məxsus tərzdə mənimsəmişik bunu. Arada mən nəsə yazmağa çalışıram, onlara şeir demək düzgün olmaz. Düşüncələrimi vərəqə köçürürəm deyək.
Oğlum Fikrətin də bəzən cızma-qaraları olur.
Mənim üçün atam hələ də yaşayır ,o, bu dünyadan mənim ürəyimə köcüb….
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB