Aydın Hüsyenov, Milli Məclisin deputatı
Ölkəmizin ictimai-siyasi, mədəni və sosial həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını artıq dünyada nüfuz sahibinə çevrilib. Qadın gözəlliyi, qadın iradəsi, saflığı və sədaqəti xalqımızın çoxəsrlik milli-mənəvi dəyərləri sistemində formalaşıb. Öz əməlləri ilə bütün sahələrdə xalqın dərin etimadını qazanmış Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi fəaliyyət, gördüyü işlər ən gözəl nümunələrdir.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü genişmiqyaslı işlər bütün qadınlara əsl örnəkdir. Müasir dövrdə ölkəmizin birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva özünün həm ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir: “Mən işimi sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətindəyəm. Mərhəmətsizlik və laqeydlik qorxulu anlayışlardır. İstər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumaq vacibdir” deyən Mehriban xanım Əliyevanın gördüyü işlərin miqyasının nə qədər böyük olduğu göz önündədir. Mehriban xanımın fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Ulu öndəri Heydər Əliyevin adını daşıyan Fonda rəhbərlik etməsi və bu Fond vasitəsilə reallaşdırdığı çoxsaylı humanitar, sosial layihələr, xeyriyyəçilik fəaliyyəti minlərlə insanın həyatında unudulmaz hisslər buraxmışdır. Məhz bu baxımdan, hər bir azərbaycanlı Mehriban xanım Əliyevanı sadə, qayığıkeş, insanların problemlərinə xüsusi həssaslıqla yanaşan şəxsiyyət kimi qiymətləndirir. Birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud və fərqli sindromlu uşaqların cəmiyyətə inteqrasiyası üçün mühüm işlər görür. Uşaq evləri və internat məktəbləri yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, "Təhsilə dəstək" və "İnklüziv təhsil" proqramlarının həyata keçirilməsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. "Diabetli uşaqlara ən yüksək qayğı" və “Talassemiyasız həyat naminə” layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Fondun muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində gördüyü işlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, dünya miqyasında yüksək dəyərləndirilir. Bu gün muğamımızın səsi Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşadan dünyaya yayılır. Belə bir sevinci yaşamağımız isə təbii ki, dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti sayəsində imza atdığımız tarixi Zəfərimizlə bağlıdır. Bu Qələbə Azərbaycanın həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü dünyaya çatdırdı. İnformasiya cəbhəsində əldə olunan uğurlarda Heydər Əliyev Fondunun əməyi danılmazdır. İkinci Qarabağ müharibəsinə qədər Fondun müxtəlif ölkələrdə keçirdiyi təbliğat xarakterli tədbirlər, müxtəlif dillərdə çap etdirdiyi kitablar, digər əyani vəsaitlər məqsədə çatmaqda əsas rol oynadı.
Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Birinci vitse-prezident özünə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə ona həvalə edilən vəzifəni layiqincə daşıyır, ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına mühüm töhfələr verir.

Bu gün Mehriban xanım Əliyeva Azərbaycan qadın hərəkatının önündə gedərək beynəlxalq təşkilatlarda xanımlarımızı ləyaqətlə təmsil edir. Azərbaycanın birinci xanımının fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək dəyərləndirirlər. Belə ki, Mehriban xanım 2004-cü ildə UNESKO-nun, ondan cəmi iki il sonra ISESKO-nun xoşməramlı səfiri adına layiq görüldü. 2007-ci ildə “Qızıl ürək” beynəlxalq mükafatını alıb. Həmin ildə Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülüb. 2009-cu ildə “XXI əsrin böyük qadını” laureatı olub. 2010-cu ildə Fransanın “Şərəf legionu” ordeninə və UNESKO-nun “Qızıl Motsart” medalına layiq görülüb. Mehriban xanım müxtəlif din mənsublarına xoş münasibət və qayğı göstərməklə də beynəlxalq aləmin diqqətini çəkib. Bu səbəbdəndir ki, Mehriban xanıma “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun “Yaqut Xaç” ordeni verilib, Rus Pravoslav Kilsəsi onu II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni və Rusiyaya səfəri çərçivəsində Mehriban xanıma qonşu dövlətin başçısı tərəfindən “Dostluq” ordeni təqdim edilib. Ölkəmizin birinci xanımının bu günədək layiq görüldüyü çoxsaylı beynəlxalq mükafat və təltiflərin bir qismi məhz onun xoşməramlı səfir kimi gördüyü işlər, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır. Eyni zamanda, Azərbaycanın birinci xanımı mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə beynəlxalq mükafatlara layiq görülüb.

Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd edib ki, müasir Azərbaycanda xeyriyyəçilik institutunun inkişaf perspektivləri, ilk növbədə, ölkəmizin gələcək iqtisadi inkişafı, sosiomədəni modernləşməsi, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və cəmiyyətimizin mənəvi tərəqqisi ilə bağlıdır. Mehriban xanım insanlarda sosial məsuliyyət hissinin yaranmasına və ictimai işlərdə fəal olmağa sövq etdi. Və bu gün xeyli sahibkarlıq strukturları, təşkilatlar xeyriyyə işləri görür, bunu bir borc kimi qəbul edirlər.
Bu gün xalqımızın dərin sevgisini qazanmış Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür. Həyat yolu və çoxşaxəli fəaliyyəti ilə xalqımızın sonsuz sevgisini qazanan və yüksək etimadını döğruldan Mehriban xanım Əliyevanı təbrik edir, xalqımızın daha yaxşı rifahı və ölkəmizin dinamik inkişafı naminə yeni-yeni uğurlar arzulayıram.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB