Bəddua FELYETON

Səhər-səhər işə gedirdim. Gördüm ki, qarşıdakı marketin pilləkənlərində bir qadın əyləşib, camaat da toplaşıb başına. Qadının hələ uzaqdan qarğış-bəddua etdiyini eşidirdim. Camaat da onu sakitləşdirməyə çalışırdı.

Yaxınlaşdım, ayaq saxladım ki, görüm burada nə baş verir. Gördüm ki, olar, 60-65 yaşlarında qadındır. Biri su gətirir ona, biri əlini ovuşdurur, digəri isə təsəlliyə bənzər sözlər deyir.

Həqiqətən maraq məni bürüdü ki, görəsən bu qadının başına səhər-səhər nə gəlib. “Ay xanım, nə olub sizə?”, - deyə soruşdum.

- Nə olacaq, Allah evlərini yıxsın.

Qadın bu cümləni dedi və yenidən başladı qarğış-bədduaya. Mən də maraq içərisində gözləyirəm ki, bəlkə bu bəddualardan sonra qadının ürəyi soyuyar, nə olduğunu mənə də deyər. Qadınsa nə kəsir, nə də kiriyirdi. Gördüm ki, qadın mənə cavab verənə oxşamır, üzümü burada olanlara tutdum:

- Bu xanıma nə olub ki?

Heç kim mənə cavab vermədi. Məni isə maraq götürüb, düşünürəm ki, hadisədən hali olmadan buradan bir addım uzaqlaşmaram. Səbirlə gözləməyə başladım. Qadın:

-Nə deyim sənə, dədə, danışmağa söz tapmışdın da. Qəribə öyüd-nəsihət vermisən mənə.

Vallah yenə də bir şey anlamadım ki, anlamadım. Dedim yox ey, gözləməliyəm. Axırda nə isə biləcəyəm yəqin. Qadının əlindən yapışdım, bir az da səmimi:

-Ay xala, axı səhər-səhər səni kim incidib?

Qadın:

-Evləri yıxılsın, bunların əlindən ta bilmirəm hara gedəm.

Qadın bu sözləri dedi və yenə qarğış-bədduaya başladı. Bu arada gözlərim qadının dizlərinə sataşdı. Anladım ki, o, yıxılıb. Çünki dizləri qanamışdı. Əlində də bir az qızartı var idi. Ehmalca əlimi dizinə yaxınlaşdırdım:

-Gərək ehtiyatlı olardınız, sizi Allah qurtarıb, vallah.

Qadın:

-Ay qızım, evləri yıxılsın, vallah ta bunların əlindən bezmişəm. Bilmirəm Allah nə qədər ömür verib, qoymurlar da yaşamağa.

Yenə bir şey anlamadım. Düzü, qadın da çox əsəbi idi. Bir daha da soruşmağa ürək etmirdim. Düşünürdüm ki, acığını camaatın içərisində tökər mənim üstümə. Mən də belə şeylərdən çox tez alınanam. Səbir elədim, dedim, əşi, işə yubansam da, bu məsələni öyrənməmiş buradan ayrılan deyiləm. Mən bu düşüncədəykən qadın yenə də ata-anasına söz ünvanlayırdı, gileylənirdi:

-Başı aşağı olun, olduq, gördük. Qəribə təlim-tərbiyə öyrədiblər bizə. Ta deməyiblər ki, başı aşağı olanda nələr baş verəcək. Gəlin də, gəlin bir-iki gün burada yaşayın, görüm necə başı aşağı olacaqsınız. Allah cəzasını vermişlərin əlindən gəlin, görək necə başı aşağı olacaqsınız. Başı aşağı olduq, gördük başımıza gələnləri.

Bilmirəm xanımın başına toplaşanlar nə olduğunu bilirdilərmi, bilmirdilərmi, lakin mən hələ bir şey anlamamışdım. Ətrafdakılar yavaş-yavaş dağılışıb hərə öz işinin ardınca getməyə başladı. Qadın da aradabir qızışıb qarğış-bəddualarını edirdi. Lakin hiss olunurdu ki, bir saat öncəki əsəbiliyi səngiyir.

Bir azdan hadisə yerində qadından və məndən başqa heç kim yox idi. Elə bil onu qoyub getməməyim qadının yaman xoşuna gəlmişdi. Bunu hiss etdiyim üçün bir qədər də şirinlik etmək istədim və dedim:

- Hara gedirsiniz, mən kömək edim sizə, birlikdə gedək.

-Ay bala, hara gedəcəyəm, səhər-səhər çıxdım ki, sərinlikdi, hava isinməmiş, gəlim ət, bir az da tərəvəz alacaqdım. Gəlməyim də o oldu ki, başıma bu hadisə gəldi. Yıxılıb ölmüşdüm az qala bu yaşımda küçənin ortasında.

Gördüm ki, qadının yavaş-yavaş əsəbi halı keçir. Dedim, dur gedək, nə istəyirsən alaq, səni evinə ötürüm, mən də gedim işə. Qadın ayağa qalxdı. Birlikdə mağazaya getdik, alacaqları aldıq, yön aldıq qadının evinə sarı. Yolda gördüm ki, bu qadının yerişi fərqli bir yerişdir. Nə mənada? O mənada ki, qadın qətiyyən ayağının altına baxmır, sadəcə qarşıya baxır, gedir. Düşündüm ki, elə belə addımlayır ki, yıxılır da. Ar arvad, bir ayağının altına bax da. Yaşlı adamsan, bəs demirsən, nəyəsə ilişərəm, yıxılıb xəsarət alaram. Bu yaşda sənin sınığın neçə günə sağalar. Nə isə... Bu düşüncələrlə qadının evinə çatdıq. Açarını çıxarıb qapını açdı. İçəri girəndə dedi:

-Şükür, bu gününə, Allah, yıxılsam da, qurtardım, evimə sağ-salamat gəlib çıxdım.

Ardınca da başladı ki, Allah, sən onların cəzasını ver, nə bilim dərdini-bəlasını ver. Ya da bir az adamlıq, insaf, mürvət ver. Ta bu qədər də eybəcərlik olmaz axı. Yerə baxmağa peşmanıq. Yediyimiz-içdiyimiz burnumuzdan gəlir. Bu adamları necə belə murdar yaratmısan, İlahi?

Üzünü mənə tərəf tutub:

- Sağ ol, ay qızım. Allah köməyin olsun. Bir vaxtlar atam-anam bizə təlim-tərbiyə verəndə deyərdilər ki, qız-qadın gərək başı aşağı olsun. Biz də o vaxt-bu vaxt, vallah, elə başı aşağı da olmuşuq, Allah şahiddir. Amma başı aşağı olanda yerdə gördüklərimiz axı qoymur başı aşağı olmağa. İnsan nə qədər tüpürər yerə. Bunların içləri irinləyib gedib ey, ay bala. Hamısını o zəhrimar siqaret edir. Hara baxırsan pis-pis türüpcəkdi. Neçə vaxtdı özümə söz vermişəm ki, yerə baxmayacağam, vəssalam. Ayağın altına baxmayanda da gördün də bu gün başıma gələn hadisəni. Sən demə küçə təmir edirlər guya. Neçə günlərdir, qazırlar, gətirirlər, aparırlar. Daşı yığıblar qalıb budur ey, bir həftədir ki, yolda. Mən də oradan keçəndə ayağım ilişdi, necə yerə çırpıldımsa, dedim vallah başım yarıldı.

Hə, bu dəfə qadını tamamilə anladım. Yıxılmağının da, bəddua etməsinin də səbəbini bildim. Dedim:

-Bu, tək sizin probleminiz deyil ki, ay xanım. Bütün yol gedib-gələn insanların problemidir. Mən özüm də bu kişilərin tüpürcəyinin əlindən bezar olmuşam, dəfələrlə iyrəndiyimdən ürəyim ağzıma gəlib. İnanın, mən də yerə baxmıram. Bir gün sözsüz ki, yıxılıb bir təhər olacağam. Həm də ay xanım, açığını deyim ki, mən də sizin kimi hər dəfə belə halla qarşılaşanda o qarğış-bəddua qalmır ki, etməyim...

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə