“Xalxın uşağı”, “camaatın oğlu, qızı” kimi ifadələr işlətməyə bizim toplum meyillidir. Bizim toplumda müqayisə yönümlü tərbiyə, müzakirələr uşaqların tərbiyəsində çox böyük bir yeri əhatə edir". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı bildirib.
Onun sözlərinə görə, uşaqların tərbiyəsi zamanı ya ailədəki uşaqlar arasında müqayisə aparılır, yaxud da qonşu uşağı, qohum uşaqları ilə mübahisə aparılır: "Həmçinin valideynlər öz uşaqlıqları ilə də övladlarını müqayisə edirlər. Deyirlər ki, mən uşaq olanda belə idim, sən isə beləsən. Təəssüf ki, belə müqayisələr edirlər. Bu isə uşaqlarda əziklik travmasına səbəb olur. Uşaqlar özlərini yetərsiz, bacarıqsız hesab etməyə başlayırlar. Bu özgüvənsizlik, yetərsizlik altında böyüyən uşaq isə gələcəkdə cəmiyyət içərisində də bir sıra ciddi problemlər yaşayırlar. Özünü cəmiyyət üçün yararlı bir insan kimi görməyəcək. Bu əziklik ilə həmin şəxslər digər insanlara qarşı da aqressiv yanaşacaqlar. Ailə arasındakı uşaqlar arasında müqayisə isə bacı-qardaş arasında qısqanclığa səbəb olur. Valideyin öz uşaqlığı ilə müqayisəsi isə uşaqda anama, atama layiq deyiləm psixologiyası yaradır. Hər dəfə onlara layiq olmaq üçün cəhdlər edirlər və bunu əl-üzlərinə yaxırlar, yəni daha da çox səhvlər edirlər. Amma bu cəhdlərin sonu olmayacaq. Cəhdlər uğursun olduqsa özgüvən əskikliyi daha da artır.
Bunlar bir uşağın şəxsiyyətinin formalaşmasında çox önəmlidir. “Mən səni olduğun kimi sevirəm”, “sən mənə lazımsan” kimi ifadələrlə uşaqları daha düzgün psixologiyada yetişdirmək lazımdır. Bu özgüvənsizliyin yaratdığı problemlər insanları intihara da sürükləyir. Nəzərə almaq lazımdır ki, bir çox intiharın səbəbi ailədə yaranan xırda bir mövzulardır”.
Bütün xəbərlər Facebook səhifəmizdə