"Gicitkən C, B2, K vitamini ilə yanaşı dəmir, fosfor, faydalı yağ turşuları ilə zəngin bir qidadır. Gicitkən bitkisinin böyrəklərə faydalıdır, çox güclü sidikqovucudur. Gicitkən qəbizliyi aradan götürür, böyrəkləri daş və qumlardan təmizləyir, dərini təravətləndirir, immuniteti artırır". Bu fikirləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.
Onun sözlərinə görə, prostatdan əziyyət çəkən şəxslər bu bitkini dəmləyərək istifadə edə bilər: "Hətta bu bitkini yeməklərdə də istifadə edirlər. Bu, bizim milli mətbəximizdə də var. Gicitkən çığırtması da milli mətbəximizin yeməklərindəndir. Böyrək, öd kisəsi çöküntüsünün qarşısını alır. Müəyyən qədər bu problemin aradan qaldırılmasına yardım edir.
Bundan əlavə gicitkən bitkisi qan-damar sistemində də faydalıdır. Qan təzyiqinin tənzimlənməsində çox faydalıdır. Qan hüceyrələrinin əmələ gəlməsində, qan artımına kömək edir. Düşünürəm ki, gicitkən bitkisini hər bir şəxs öz qida rasionuna əlavə etməlidir. Təbii ki, bu bitkidən mövsümündə istifadə etmək daha məqsədəuyğundur. Gicitkənin kompotunu da hazırlayıb içmək məsləhətlidir. Kənd yerlərində bu bitkini duza batırıb da istehlak edirlər.
Həmçinin gicitkən bitkisinin dəriyə də faydaları var. Lakin dəriyə tətbiq edildiyi zaman dəridə səpkilər əmələ gətirir ki, bunun da səbəbi bu bitkinin tikanlı olmasıdır. Bu bitkini dərərkən ehtiyatlı olmaq lazımdır ki, əldə allergiyaya səbəb olmasın. Onun dikanları insanın əlini dalayır və bu da bəzi dərilərdə allergiyaya səbəb olur. Ona görə bu bitkini dərərkən diqqətli olmaq lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə