Ölkədə qida təhlükəsizliyi ilə bağlı hansı addımlar atılır? - BİRLİK SƏDRİ AÇIQLADI

Ölkədə qida təhlükəsizliyi ilə bağlı hansı addımlar atılır? - BİRLİK SƏDRİ AÇIQLADI

"Ölkədə qida təhlükəsizliyini təmin etmək üçün bir çox məsələlər var. Həmin məsələlər qida təhlükəsizliyi haqqında qanunda öz əksini tapmayıb. Hazırda keyfiyyət məsələsi masanın üzərində qalıb. Heç kim keyfiyyətlə məşğul olmur". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, keyfiyyətin yüksəldilməsi ilə bağlı ayrıca qanun olmalıdır: "Keyfiyyət məsələsi önə çəkilməlidir. Ən azından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində ciddi dəyişikliklər olmalıdır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeçiliyində olan standart institutuna status verilməli və qidanın keyfiyyətini təmin edən müəyyən tədbirlər görülməlidir. Təəssüflər olsun ki, 2021-ci ilin 18 may tarixində Nazirlər Kabinetinin 343 saylı qərarı ləğv olundu. Bu qərar malların təhlükəsizliyini təmin edirdi. Hazırda təkcə qida yox, həmçinin digər təhlükəli mallar da ölkəyə gətirilərək istehsal olunur. Həmçinin, istehlakçı hüquqlarını qoruyan dövlət qurumu fəal işləməlidir".

Eyyub Hüseynov həmçinin qeyd edib ki, AQTA-nın mövcud əsasnaməsi əsasındakı fəaliyyətində böyük çatışmazlıqlar var: "AQTA qidanın təhlükəsizliyinin təmin olunması məsələsinə əlçatanlığı təmin etmək üçün mütləq ictimaiyyətlə yaxşı işləməlidir. AQTA ictimai rəydə gedən məsələləri təqib etmir. İctimai müzakirə olan məsələlər nə vaxta qədər təmin olunmayacaq, araşdırılmayacaqsa, əlbəttə ki, AQTA lazımi hədəflərə çata bilməyəcək. İkinci bir məsələ AQTA insanların inamını qazanmalıdır. İnsanlar öz gözləri ilə gördüklərinə üstünlük verirlər. AQTA KİV-lə, əhali ilə sıx və qarşılıqlı olaraq işləməlidir. Bir sözlə, elə bir iş aparılmalıdır ki, əhali AQTA-nın sənədi olmayan məhsulu almasın. Qida təhlükəsizliyinə dair dövlət strategiyasının preambulasında qida zəhərlənmələrinin miqdarı göstərilir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə