"Yorğunluğun zehni, fiziki və psixoloji növləri var. Duyğusal yorğunluq insanların psixoloji durumu ilə əlaqəli olandır. Biz bunu tükənmişlik sindromu ilə də eyni tuturuq. Çünki əlamətlər eynidir. İnsan iş görməsə də, daim özünü yorğun hiss edir, fikirli olur, hər şey maraqsız gəlir, heç bir şey onu ruhlandırıb ilhamlandırmır. Bir növ də bunu depressiyaya bənzədirlər. Amma bunlar tam fərqli bir şeylərdir. Çünki burada da insan ünsiyyət qurmaqdan çəkinməyə, heç bir şeydən zövq almamağa başlayır. Hər kəsə də maraqlıdır ki, "bu, haradan qaynaqlanır və bunun öhdəsindən necə gəlmək lazımdır?". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.
Onun sözlərinə görə, insan emosiyalara, ruhuna bir rahatlıq verməlidir: "Bu, çox vacibdir və müxtəlif yolları var. Kimi meditasiya edir, kimi psixoloqa müraciət edir, kimi də bir az tək qalır və yaxud da əksinə, təbiətə çıxır, dostları ilə görüşür. Yəni, zehnini rahatladacaq, ruhunu rahatladacaq bir fəaliyyət lazımdır. Bu məqamlarda diqqət etməliyik. Bizi üzən duyğuların üzərinə gedib kökünü tapmalıyıq".
Psixoloq sözlərinə belə davam edib: "Duyğusal yorğunluq bir növ təşviş və həyəcanla da əlaqəlidir. Çünki bu cür şəxslər hər şeyi kontrol etməyə çalışan insanlardır. Onlar daim qaçaqaçda və hərəkətdədirlər. Özləri fiziki olmasa da, fikirlər daim nələrisə düşünür və bu da insana yorğunluq verir. Bunlara diqqət edib sakitlik yaratmaq lazımdır.
Onu da qeyd edim ki, bu hala qapanmaq pis nəticələr verə bilər. Çünki insanlardan uzaqlaşır, şəxsi münasibətlərində, ətrafında bununla bağlı problemlər yaşamağa başlayırsan. Yorğunsan deyə və yaxud yorğun olduğunu düşünürsən deyə aqressivləşirsən, insanlarla münasibətini pozursan və s. Ona görə hər kəsə tövsiyə edərdim ki, belə bir durum yaşayırlarsa bunun sadə bir şey olduğunu, keçib gedəcəyinə inansınlar. Amma bunun üzərində çalışmaq lazımdır. Dediyim kimi, öncə zehni, ruhu dincəltmək, ona izn vermək lazımdır ki, o da bir müddət boş qalsın, fəaliyyət olmasın, düşünməsin.
Daha sonra bizi əyləndirən, həyatımıza həyat eşqi qatan bir məşğuliyyətimizin olması çox vacibdir. Hər kəsə tövsiyə edərdim ki, bu həvəsi, sevgini tapsınlar".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB