Yol qəzalarında ən pik səviyyə yaşanır - NƏQLİYYAT EKSPERTİ AÇIQLADI

Yol qəzalarında ən pik səviyyə yaşanır - NƏQLİYYAT EKSPERTİ AÇIQLADI

“Yol nəqliyyat hadisələrinin sayında həqiqətən artım müşahidə edilir. Yol qəzası nəticəsində ölənlərin və xəsarət alanların sayı da çoxalıb. Son günlərdə müəyyən artım müşahidə olunmasa da, öncəki günlərə nəzər saldıqda görürük ki, bəzən bir gündə 5-6 nəfəri yol qəzasında itirmişik”. Bu fikirləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

Nəqliyyat eksperti qeyd edib ki, həftəsonu 12-13 nəfərin məhz qəzalar ucbatından vəfat ediyi də müşahidə olunub: “İnsanlar istirahət adı ilə bölgələrə axın edirlər. Bu axın olarkən də nədənsə yol hərəkəti qaydalarını unudurlar və təhlükəsizlik amillərinə əməl etmirlər. Bir növ insanlar hər şey üçün tələsirlər. Xüsusən, bu, şimal istiqamətində olan yollarda təmir işləri ilə əlaqədardır. Sürücülər təmkinsiz davranaraq, ötmə əməliyyatı aparırlar. Məhz bu səbəblərə görə də həmin zonada ağır yol qəzaları baş verir. Ümumən qəzaların kökündə təbii ki, sürücü səhlənkarlığı var. Həmçinin, yol hərəkətinin təşkilini də qeyd etmək lazımdır: yolların işıqlandırılması, təhlükəsizlik qaydalarının təmin edilməsi və s. hallarda öz əksini tapmalıdır. Bizi narahat edən digər hal isə piyadaların vurulmasıdır. Bütün hadisələrin içində piyada vurmalar 50 faizdən çox təşkil edilir. Piyada vurulması hallarını faiz etibarilə götürsək, Bakı şəhərində bu vəziyyət 50 faizə yaxın, respublikada isə 50 faizdən artıqdır. Bu baxımdan düşünürəm ki, piyadalarla iş daha səmərəli qurulmalıdır. Piyadaların təhlükəsiz davranışı öz həllini tapmalı, eyni zamanda, bu istiqamətdə mübarizə tədbirləri ən sərt formada həyata keçirilməlidir. Heç kimə güzəşt olunmamalıdır. Təbii ki, burada nəzarət mexanizmindən danışmaq lazımdır. Nəzarət mexanizmi hansı səviyyədə həyata keçirilirsə, piyada təhlükəsizliyi o səviyyədədir. Nəzarət zəif olduğu üçün piyadalar da xaotik şəkildə hərəkət edirlər və haradan necə gəldi yolu keçirlər. Nəticədə də, ağır piyada qəzaları baş verir. Gündəlik qəzaların təhlilinə baxdığımız zaman şahid oluruq ki, hadisələrin əksər hissəsi piyada vurmaları ilə bağlıdır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə