Son günlər kişilərin şortik geyinməsi ilə bağlı olan qalmaqal davam edir. Bir sıra kütlə var ki, hətta yay fəslində belə bu tip geyimlərə sərt şəkildə reaksiya bildirir. Bəzi restoranlarda şort geyinən kişilərin içəri buraxılmaması ilə bağlı paylaşımlara da rast gəlmişdik. Bəs insanların başqalarının geyim tərzini belə aqressiya ilə qarşılamasının səbəbi nədir? SİA mövzu ilə bağlı gənclərin fikirlərini öyrənib.

Şəhər sakini Şahanə Paşayeva: “Ona görə ki, ölkəmiz hələ də alt paleolit dövründən çıxa bilmir. Ümumiyyətlə nəinki şortik, ətək olduqda da pis baxırlar. İnsanlar ilk növbədə təhsilə, savada, nitqə yox, geyimə baxırlar. Saça, döymə olub-olmamasına baxırlar. Bu da geri düşüncəli insanlarla bir cəmiyyətdə olmağımıza gətirib çıxarır. Ayrımçılıq ölkədə həmişə olub və olmağa da davam edir. Məncə, bunun səbəbi valideynlərdir. Nə qədər ki, “Kişidir də normaldı”, “Halaldı oğluma” kimi deyimlər olacaq ayrıseçkilik də davam edəcək. İnsanlar bir az fikirlərini dəyişib dünya görüşlü olmağa çalışmalıdır”.

Şəhər sakini Fatma Abdulla: “Şortik geyinən insanlara aqressiya ona görədir ki, birincisi, çox yaşlı insanlar buna qarşıdır. Buna, əsasən, qatı və kənd yerlərində yaşayan ailələrdə rast gəlinir. Onlar üçün belə bir deyim var ki, “Kişi şortik geyinməz!”, “Kişi kişi kimi geyinər” və s. Lakin günümüzdə yetərincə müasir düşüncəli yaşlılar da var.
Kişilərin şortik geyinməsinə olan aqressiya ya savadsızlıqdan, ya da o insanların belə adət-ənənə ilə böyüdüyündən irəli gəlir. Buna qarşı olanların dünyasında öz doğruları var”.
Şəhər sakini Sona Şıxəmirli: “Şortik geyinən insanlara, adətən, elə kişilərin özləri pis baxırlar. Səbəbinə mən də çox istəyərdim ki, fəlsəfi izah verim. Amma hər şey ortadadır. Danışılacaq, müzakirə olunacaq, utanılacaq daha çox şey var. Amma görünür, bəzi insanlara şortik "problemi" daha öncə həll olunmalı məsələdir. Elə insanlar var ki, sadəcə olaraq, bu görüntünü sevmir, amma qarşı tərəfə də hörmətlə yanaşır. Qaldı ki pis baxanlara, düşünürəm ki, onların fikrinə hörmətdən söz gedə bilməz”.

Şəhər sakini İsmayıl Camalov: “Şortik geyinən insanlara olan aqressiyanın səbəbini mentalitetdə görürəm. Çünki öncəki yaşlı nəsil şortik geyinməyi əxlaqsızlıq kimi qiymətləndirir və onların bu düşüncələri gənc nəsil olan övladlarına sirayət edir.
Ölkəmizdə bu kimi dreskodlarda cins ayrımlığına gəldikdə isə, mənə görə, səbəbi kişilərin son iki-üç ildə şortikdən çox istifadə etməsidir ki, bu da şortik bəyənməyənlərin gözünə batmağa başlayır. Amma ümumən insanlar başa düşməlidir ki, kişinin ayağının görünməyi nə etikadan kənar deyil, nə də tərbiyəsizlik”.
Şəhər sakini Ülkər Xəlilli: “Şortik geyinən insanlara aqressiya ondan irəli gəlir ki, insanlar hələ də hər şeyin geyim olduğunu düşünürlər. Əxlaqı geyimlə ölçürlər, düşünürlər ki, şortik geyinmək əxlaqsızlıqdır və bizim mentalitetə uyğun deyil. Amma ortada o qədər ciddi məsələ varkən, insanların şortikə baxması düz bir şey deyil. Məsələn, 15 yaşlı qızların zorla ərə verilməsinə reaksiya verməyənlər, şortikə reaksiya verirlər. Daha ciddi məsələlər var, onlara aqressiv olmaq, onlara reaksiya vermək lazımdır.
Kişi qadın ayrımçılığı da ailədən gələn şeydir, uşaqlıqdan oğlan uşaqlarını elə böyüdürlər. Məsələn, "sən otur, bacın çay tökər sənə" bu kimi şeylər”.
Şəhər sakini Qasım Abbaszadə: “Daha çox köhnə nəsil insanların düşüncələrinə görə aqressiya var. Özləri elə görüblər deyə gələcək nəsillərə də öz bildiklərini ötürürlər. Bəziləri də dini cəhətdən baxdıqlarına görə aqressiv yanaşırlar. Açıq geyinmək olmaz.
Kişilərlə qadınlar arasında olan ayrımçılıq daha çox uşaq yaşlarından başlayır. Ailə necə böyüdürsə, uşağın da o gördüyü avtomatik olaraq yaddaşda qalır. Oğlan uşağına toy bayramla sünnət toyu keçirirlər. Amma qızın dönəmi çatanda ayıbdır deyib, kişidən gizlədirlər”.
Şəhər sakini Ülkər Orucova: "Mən şortik geyinən kişilərə pis baxıram. Düşünürəm ki, kişiyə belə geyinmək yaraşmır. Üstəlik, bu, dar şort olduqda daha da pis görünür".
Şəhər sakini Aytac Əliyeva: “Ümumiyyətlə, cəmiyyətimizin üzvləri arasında belə fikirlərin olması, mənim fikrimcə, qəbuledilməzdir. Çünki artıq dövr və zamanın dəyişməsi, həyatımızın yeni bir mərhələyə qədəm qoyması bu müzakirələrin əhəmiyyətsiz olduğunun sübutudur. Qadın və kişi arasında ayrıseçkiliyin olması cəmiyyətimizi geriyə aparan səbəblərdəndir. Artıq elə bir dövrdə yaşayırıq ki, insanlar barəsində fikir söyləyən zaman onların nə geyinməsindən daha çox, nə danışıb söyləməsinə fikir verməliyik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB