Uşaqlarımızı neçə yaşdan tərbiyə etməyə başlamalıyıq? - PSİXOLOQ AÇIQLADI

Uşaqlarımızı neçə yaşdan tərbiyə etməyə başlamalıyıq? - PSİXOLOQ AÇIQLADI

"Körpə ana bətnindən həyatı hiss edir. Ətrafda baş verən yaxşı və ya pis, hər şey anaya və bilavasitə onun bətnində olan övladına təsir edir. Psixoloji və fiziki sağlam uşaq üçün sağlam ailənin olması şərtdir. Əgər ana şiddət görərsə, bu, gələcəkdə doğulan uşağın aqressiv, əsəbi və s. kimi problemlərlə doğulmasına səbəbdir. Məhz elə ona görə də uşaq ana bətnindən tərbiyə edilir". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Tahiba Quliyeva bildirib.

Psixoloq qeyd edib ki, uşağı ilk növbədə ailə, daha sonra cəmiyyət formalaşdırır: "Ailədə uşağa necə davranmağımız, onun gələcəkdə digərlərinə o tərz davranmağına səbəb olacaqdır. Uşağın tərbiyəsində mütləq ailə yekdil olmalıdır. Əgər uşaq hansısa bir yanlış davranış edərsə, ailədə olan fərdlərin hər biri uşağa eyni mövqedən yanaşmalı, fərqli çıxış edərək uşaqda davranış problemlərinə yol açmamalıdırlar. Bəzən ailə geniş olduqda, xüsusilə də, nənə baba ilə yaşayan ailələrin uşaqlarında davranış problemlərinə çox rast gəlirik. Uşaq yanlış nəsə etdikdə ana irad bildirir, lakin nənə uşağı həmin an yanına çağırıb qucaqlayır. Bu, uşaq tərbiyəsində atılan addımlardan ən yanlışdı. Uşaq yanlışı və doğru dərk etməlidir. Bunun üçün ailədə uşağa eyni mövqe olmalıdır. Uşağa hansısa ağır cəzalar və ya şiddət göstərilməməlidir. Əgər uşağa şiddət göstərilərsə nəzərə alın ki, siz gələcəyə ətrafına şiddət tətbiq edən, aqressiv uşaq, gənc, ailə başçıları böyüdürsünüz.

Bundan başqa onu da qeyd etmək istəyirəm ki, uşağın tərbiyəsi yanlız anaya məxsus deyil. Hər iki valideyn uşağın tərbiyəsində mühüm rol oynayır. Bəzi ailələrdə təəssüf ki, atalar bu məsuliyyətdən qaçırlar, uşağın tərbiyəsinin yalnız anaya məxsus olduğunu düşünürlər. Əgər ana işləmirsə evdə daha çox uşaqla o vaxt keçirirsə, bəli, onda daha çox onun üzərinə düşür bu. Lakin bu hal atada uşağın tərbiyəsi ilə məşğul olmamalıdır fikrini formalaşdırmamalıdır. Uşağın hər iki valideynin qayğısına, tərbiyəsinə ehtiyacı var. Xüsusilə də, oğlan uşaqları ilə ata daha çox vaxt keçirməlidir. Çünki oğlan uşağının kişi kimi formalaşması üçün ata ilə ünsiyyəti mütləqdir.
Əziz valideynlər, uşağınızın düzgün formalaşması üçün erkən verəcəyiniz tərbiyə vacibdir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə