Suşi yeyərkən nələrə diqqət etməliyik? - ARAŞDIRMA

"Suşi yeməyi haranındır?" sualının cavabı təbii ki, Yaponiyadır. Hətta suşini yapon mətbəxinin ən klassik və populyar yeməklərindən biri kimi nümunə göstərə bilərik.

Bu gün suşi kimi tanınan yemək növü Edoda, indiki Tokioda Hanaya Yohei tərəfindən icad edilib.

Suşinin eramızdan əvvəl 4-cü əsrdə Asiyanın cənub-şərqində Mekonq çayı ətrafında və Çin ərazisində meydana gəldiyi güman edilir. 8-ci əsrdə Yaponiyaya gətirilən suşi ilk dəfə balıqların duzlanması, düyü ilə bükülməsi və daha uzun müddət saxlanılması üçün quyularda saxlanması zamanı ortaya çıxıb.

“Asiya” dedikdə ağla gələn ilk yemək suşidir. Onu sevənlər qədər sevməyənlər də az deyil. Çiy balıq yeməyə qərəzli münasibət bəsləyənlər tərəfindən bu yemək sevilmir. Bu səbəbdən, ilk təcrübədə "Yox, bu yemək qəti mənlik deyil!” sözlərinə tez-tez rast gəlinir. Amma zövqünüzə uyğun suşi növlərini tapsanız, "nə qədər yesəm də, doymuram!" deyilən tərəfə keçə bilirsiz.

Suşi növləri:

Maki

Uramaki

Nigiri

Chirashi

Sashimi

Kaliforniya

Britaniya Kolumbiyası

Filadelfiya

Hələ də suşi sevmirsinizsə, ona bir şans verməlisiniz. Zövqünüzə uyğun olacağını düşündüyünüz müxtəlif suşi növləri ilə dünya mətbəxinin ən ləzzətli dadlarından birini əldə edin.

İlk dəfə suşi yeyən şəxsin seçimi nə olmalıdır?

Kappa rolu (düyü və xiyar) və kaliforniya rolu (düyü və avokado) tövsiyə olunur. Ola bilər ki, siz dərhal buna alışmayasınız.

Makinin bir növü olan Uramaki yeni başlayanlar üçün ən uyğun suşi növlərindən biridir.

Suşi tamamilə çiydir?

Suşidə bütün balıq və dəniz məhsulları üçün çiy demək düzgün olmazdı. Suşinin bir çox çeşidi var və hər birində fərqli kəsmə və bişirmə üsullarından istifadə edir. Yalnız çiy şəkildə təqdim olunan çeşidlərə sashimi deyilir.

Suşi hansı içki ilə istehlak edilməlidir?

Suşi ilə ən çox seçilənlər “Sake”-dir. Əsas tərkib hissəsi kimi jasmin çayı, yaşıl çay, ağ şərab və düyü olan ənənəvi yapon içkisidir.

Suşi nə qədər müddətdə istehlak edilməlidir?

Yeniliyinə tam əminsinizsə, bir gecə saxlaya bilərsiz.

Suşi çubuqları necə adlanır?

Bu gün Çin və ona yaxın ölkələrdə Koreya, Yaponiya, Monqolustan, Tayvan, Vyetnam, Tayland, Sinqapur və başqalarında bu çubuqlardan istifadə olunur. Bu çubuqlara "varibaşi" deyilir. Ancaq bəziləri buna "haşi" də deyirlər.

Suşi çubuqları əldə necə tutulur?

Üst çubuğu baş barmağınızın və şəhadət barmağınızın ucları arasında saxlayın. Orta barmağınızı çubuqun altına gətirin və çubuğun baş barmağınız, şəhadət və orta barmağınız arasında oturmasına icazə verin. Eynən qələm tutmaq kimi.

Bakıda suşi setlərinin qiymətləri hansı aralıqlardadır?

“Sushihouseaz” adlı məkanda:

MIX set 27.50 AZN-dır. Tərkibinə 36 ədəd suşi daxildir.

Prestij set 35 AZN-dır. Tərkibinə 42 roll və 8 ədəd nigiri daxildir.

“Sushikalmar” adlı məkanda:

Tokyo set 22.90 AZN-dır. Setin tərkibinə 44 rol daxildir.

Set Yamato 39.99 AZN-dır. Setə 84 rol və 2 litrlik içki daxildir.

“Sushi.servis” adlı məkanda:

İmperator set 77 AZN-dır. Setə 140 rol daxildir.

Bəs, suşinin zərər və faydaları nələrdir? Suşi alarkən hansı məqamlara diqqət etməliyik? SİA mövzu ilə bağlı araşdırma apararaq mütəxəssis və qida üzrə ekspertlərin fikirlərini öyrənib.

AİB sədri Eyyub Hüseynov: “Suşi balıq tərkibli olduğu üçün təhlükəli qida siyahısına daxildir. Mən suşi çox yemirəm. Lakin başqa ölkələrdə görmüşəm ki, xüsusi lent üzərində fırlanır. Masa arxasında əyləşən insanlar da buradan götürərək istehlak edir. Mən həmişə suşinin bu cür təqdimatını məşhur rus ruletinə bənzədirəm. Yəni, zəhərli suşi kimə düşərsə, özü bilər.

Mən suşini Azərbaycan şəraitində arzuolunmaz qida hesab edirəm. Bunun ən arzuolunmaz cəhəti isə onun onlayn sifarişi və evə çatıdılması məsələsidir. Onun hansı temperaturda çatdırılması və s. sual altındadır.

Bu Azərbaycan üçün xas olmayan bir qidadır və trend kimi qəbul olunur. “Hansı şəraitdə hazırlanır?”, “Balıq haradan gəlir?” və s. qaranlıq məsələlərdir.

Vaxtilə şəhərin ən məşhur restoranlarında reydlər keçirmişik. Görmüşük ki, ən bahalı restoranın mətbəxi belə bərbaddır. İstehlakçılar elə düşünür ki, orada onlara təzə yeməklər hazırlayırlar. Amma orada yeməklərin donu açılıb qızdırılır.

Biz Yaponiyadan gəlmiş yeməyin tərəfdarı deyilik. Buna nəzarət edən heç bir qurum da yoxdur”.

Qida üzrə baş mütəxəssis Ağa Salamov: “Suşi min illərə söykənən bir yapon mədəniyyətidir və yaponların yemək tərzi ilə bizim yemək tərzimiz başqadır. Yəni, burada mentalitet, milli mədəniyyət var. Bu təam bizim ağız dadımıza uyğun olmaya bilər. Amma bu, o demək deyil ki, suşi bizə ziyandır.

Müəyyən suşilər ki, var çiy yeyilir. Yəni, onların ziyanı ola bilər. O da müəyyən bir parazitlərin mədə-bağırsaq sistemində zəhərlənmələrin əmələ gəlməsinə yol aça bilər. Çiy istehlak olunan suşilər var ki, onlara Saşimilər deyirlər. Saşimilər bizdə təbii ki, yoxdur. Mən rast gəlməmişəm.

Hot rollar var ki, bunlar isti rollar, yəni bişmiş suşi sayılır. Bu insanların ağız dadına görə dəyişir. Onların heç bir ziyanı yoxdur.

Bir ara dedilər ki, dəniz məhsulları olduğuna görə suşini sanki çiy bir məhsul kimi qəbul edirlər. Çiy deyil, düyüsü də, əti də bişir. Sadəcə olaraq, hisə verilmiş balıqdan da olur. Onsuz da hisə verilmiş balıq mədəniyyətimiz var. Südlü aş var ki, orada quru balıqdan istifadə olunur. Bu da bizə təbii ki, zəhərlənmə verə bilməz. Balıqlar ən çox suşilərdə istifadə olunur. Mikrobioloji çirklənmə olarsa zəhərlənmə verə bilər.

Suşi mədəniyyətində vasabi və bir də soya sousu var. O xardaldan hardasa bir çay qaşığının ucunda soya sousuna qarışdırıb yemək olar (suşinin düyü olan hissəsini yox, çox adam düyü hissəsinə batırır, bu, yanlışdır. Yəni, o zaman suşinin dadı itir. Ətli hissəsini sousa batırıb yemək lazımdır. Bu da əgər orada çiy balıq varsa zəhərlənmənin qarşısını alır).

İndi bu xardal hotrolların da yanında verilir. Yəni, bişmiş krevetka suşisi var ki, krevetkanın və krevetkadan hazırlanmış suşinin də yanında verilir. Onu bir balaca xardalı soya sousa qatıb o ətli hissəsini sousa batırıb yeyib daha dadlı olacaq və heç bir ziyanı da olmayacaq. Suşinin ümumiyyətlə heç bir ziyanı yoxdur.

Bizim çiy mədəniyyətimiz də yoxdur. Çox vaxt özümüzü modern və yaxud qlamur göstərmək üçün saşimilərə müraciət edirik, yəni, çiy balıqlara. Bu da təbii ki, qida zəhərlənməsinə gətirib çıxara bilər”.

Dietoloq Ceyhunə Yusifova: “İnsanlar ümumiyyətlə suşini sağlam qida kimi görürlər. Çünki onun tərkibində balıq var. Əslində, balıq yaxşı protein və omeqa 3 mənbəyidir. Suşinin əsas tərkib hissəsi ağ düyüdür və bu, demək olar ki, bütün lifləri, vitaminləri və mineralları çıxarılan rafinə olmuş məhsuldur. Bu cür rafinə karbohidratların böyük miqdarda qəbulu qan şəkərinin artması ilə əlaqələndirilir ki, bu da iltihabı artırır və diabet və ürək xəstəliklərinə səbəb olur.

Bundan əlavə, suşidəki düyü adətən, şəkərlə hazırlanır. Əlavə edilmiş şəkər və aşağı lif tərkibi suşinin karbohidratlarının həzm sisteminə sürətlə udulması deməkdir.

Bu, qan şəkəri və insulin səviyyələrində sıçrayışlara səbəb ola bilər ki, bu da həddindən artıq yeməklə nəticələnir.

Suşi çox vaxt kilo vermə dostu olan bir qida kimi tanınır.

Ancaq bir çox suşi növləri yüksək yağlı souslar və qızdırılan tempura yağı ilə hazırlanır ki, bu da onun kalorililiyini ciddi şəkildə artırır.

Bundan əlavə, bir suşinin tərkibində çox az balıq və ya tərəvəz olur. Bu onu az proteinli, az lifli qida halına gətirir, aclıq və iştahı azaltmaqda daha az təsirli olur.

Suşi adətən çoxlu duz deməkdir. Suşi hazırlanarkən düyü adətən duzla bişirilir. Bundan əlavə, hisə verilmiş balıq və turşu tərəvəzlər də duz ehtiva edir.

Sonda soya sousu ilə verilir və bu sousda duzun miqdarı çox olur. Bu da bədəndə şişlik və ödem yaranmasına səbəb olur ki, nəticədə təzyiqimizi artıra bilər.

Çiy balıqla hazırlanmış suşi yemək sizi müxtəlif bakteriya və parazitlərə yoluxma riski ilə qarşı-qarşıya qoyur.

Dənizin çirklənməsi səbəbindən balıqlarda civə və ağır metallar da tapıla bilər. Tuna, qılınc balığı, skumbriya və köpəkbalığı kimi yırtıcı balıqlarda onun səviyyəsi yüksəkdir. Qızılbalıq, ilan balığı, alabalıq kimi növlərində isə aşağıdır.

Suşinin faydalarını necə artırmaq olar?

Suşidən daha çox fayda əldə etmək üçün aşağıdakı sadə bələdçidən istifadə edə bilərsiniz:

Qida qəbulunu artırın

Bunun üçün ağ düyüdən çox qəhvəyi düyü ilə hazırlanmış sarğılara üstünlük verin.

Konus formalı bükmələrə üstünlük verin. Onlar ənənəvi sarğılardan daha az düyüyə malikdirlər.

Yeməyi lif və proteinlə zənginləşdirin

Krem pendir, souslar və tempura ilə hazırlanmış sarğılardan çəkinin. Bu zərərli maddələr olmadan daha xırtıldayan yemək istəyirsinizsə, əlavə tərəvəzlər istəyin.

Soya sousunu istifadə etməyin. Əgər duza qarşı həssassınızsa, soya sousundan qaçın və ya bir az batırın”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə