Uşaq niyə müstəqil ola bilmir? - PSİXOLOQ AÇIQLADI

"Valideynlərin bir çoxu uşağın sərbəst olmamasından şikayətlənir və adətən, bunun fərqinə gec varırlar. Bəzi valideynlər uşağın nəsə etmək istəyini elə beşikdəcə boğur. Buna misal olaraq - "Oy, sən qabları pis yudun, gərək birdə mən yuyam!”, "Keç o tərəfə görüm, əl-ayağa dolaşma!" ifadələrini göstərmək olar". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.

Psixoloq sözlərinə belə davam edib: Əgər uşaq 8 yaşı keçibsə, onu nə dilə tutmaqla və ya üstünə qışdırmaqla yola gətirmək olmursa nə etməli?

1. Siz uşağın üzərinə kifayət qədər ciddi öhdəliklər qoya bilərsiniz. Məs.: Ərzaq alıb onların qiymətini xüsusi hesab proqramına və ya sadəcə, dəftərə yaza bilər.

2. Bu yaşda uşaq ev heyvanı istəyirsə, onun qulluğunu öz üzərinə götürəcəyi barədə razılaşmaqla ona ev heyvanı almaq olar. Bunu dəqiq anlamaq və öhdəlikləri bölmək lazımdır. Məsələn, uşaq özü itlə gəzə, onu yedizdirə, yuvasını təmizləyə bilər. Lakin heyvanın sağlamlığı ilə bağlı öhdəlikləri onun üzərinə qoya bilməzsiniz.

3. Uşağın zahiri görünüşü ilə bağlı qərar çıxarmasını rahatlıqla onun öz üzərinə qoya bilərsiniz. Məsələn: Paltarını ütüləyə və ya ayaqqabısını təmizləyə bilər.

4. Uşağa kommunal xidmətlərə görə gəlmiş qəbzi doldurmağı öyrədin. Bu, otaqdan çıxarkən işığı söndürməyin nə qədər vacib olduğunu göstərmək üçün yaxşı üsuldur.

5. Uşaq "Mən artıq böyüyəm və özüm hər şeyi bilirəm" deyəndə müstəqilliyin təkcə pivə içmək və ya məktəbin arxa həyətində siqaret çəkməkdən ibarət olmadığını xatırladın.

6.12 yaşdan yuxarı yeniyetmələrin pul qazanmaq fürsəti müstəqilliyi göstərmək və inkişaf etdirmək üçün yaxşı üsuldur. Bu, nənə və babaya fermada yardımdan ibarət olsa belə. Şərtləri və əmək haqqını öncədən razılaşdırın.

7. Uşağa hədəflər qoymağı öyrədin. Bu metoddan istifadə edən zaman onun sabahdan nə gözlədiyi aydın olur, tapşırıqların dəqiq qoyuluşu ilə gün rejimi isə ona bu hədəflərə çatmağa kömək edəcək. İldə 100 hədəfdən başlayaraq gündə 5-7 hədəfədək. Bu, müstəqil və azad şəxsiyyətin formalaşmasında atılan balaca addımlardır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...