Bakı metrosu üçün yeni vaqonlar hazırlanır

Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsində "Bakı Metropoliteni" QSC üçün innovasiyalar baxımından müasir standartlara cavab verən 81-760.B/761.B/763.B tipli vaqonların istehsalı davam etdirilir.

Bu barədə SİA-ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

2019-cu ilin oktyabrında bağlanmış üçillik müqaviləyə uyğun olaraq, adıkeçən müəssisə 2020-2022-ci illər ərzində “Bakı Metropoliteni” QSC-ni hər il 20 vaqon olmaqla, ümumilikdə 60 yeni vaqonla təmin etməlidir. Əvvəlki iki ildə belə vaqonlardan 40-ı Bakı metropoliteninə gətirilərək, sazlama və sınaq işlərindən sonra xəttə buraxılıb.

Cari ildə Bakı metropoliteninin yerli texniki-istismar tələblərinə uyğun istehsalı aparılan bir qatarın rənglənməsi prosesi artıq başa çatdırılıb. Hazırda mexaniki, pnevmatik, elektrik hissələr quraşdırılır. Bu xüsusda elektrik sistemində yüksək gərginlikli dövrələrin montajı tamamlanmaqdadır. Vaqon qapıları sisteminin quraşdırılması da son mərhələdədir. İstehsalın yekun mərhələsində quraşdırılan vaqonaltı avadanlığın, o cümlədən dartı mühərriki və təkər cütlərinin yığılması prosesi də bitmək üzrədir.

Tədarükçü müəssisə yaxın vaxtlarda qatarda işləri tamamlayaraq sınaqlara başlayacaq. Sonra “Bakı Metropoliteni” QSC nümayəndələrinin iştirakı ilə vaqonların yekun sınaqları və qəbulu əməliyyatları aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...