Xəzər rayonunda şəhid Elçin Əliməmmədovun xatirəsi anılıb

Bakının Xəzər rayonunun Zirə qəsəbəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən Vətən oğullarından biri - şəhid Əliməmmədov Elçin Mehman oğlunun doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində qalib Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə göstərdiyi qəhrəmanlıqlardan və şücaətdən, azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərindən danışıb, şəhidin ailəsinə səbir diləyiblər.

Sonra qəsəbənin Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Elçin Əliməmmədov 2020-ci il oktyabrın 7-də Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində gedin döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə