Üzərlik nəfsdən qoruyur? - EKSPERT AÇIQLADI

“Azərbaycan xalqının özünün dünya görüşü, həyata başıx bucağı var və yüz illər boyu bu həyati bilgilər nəsildən-nəsilə ötürülür. Bu baxımdan, xalqımızın elə bir inancı, mənəvi dəyəri və ya bilgisi yoxdur ki, onun həyatda bir mənası olmasın. O baxımdan da üzərlik və digər müalicəvi bitkilərin insan psixologiyasına olan təsiri də əsrlər boyu təcrübədən keçmişdir". Bu sözləri SİA-ya açıqlamasında analitik-ekspert, yazıçı-kulturoloq Aydınxan Əbilov deyib.

Onun sözlərinə görə, illərdir toylarda, şənliklərdə, yığıncaqlarda və ya uşaq dünyaya gələn zaman hər hansı bir insanın baxışlarında mənfi enerji hiss edildiyində, üzərlik kimi digər müalicəvi bitkilərdən istifadə geniş yayılıb: "Bu, yalnız Azərbaycanda deyil, həm də xarici ölkələrdə də mövcuddur. Hindlilər ədviyyatlardan, üzərlik tipli xoş qoxu saçan bitkilərdən istifadə edirlər. Fikir versək görərik ki, Avropanın bir çox brend markaları ətirli qoxu yayan bitkilərdən istifadə edir.

Bu baxımdan üzərliyin özünəməxsus xeyirli cəhətləri çoxdur. Birincisi, sağlamlıq baxımından önəmlidir. Üzərliyin tərkibində olan maddələr yandırılan zaman insanda və yaşayış yerlərində olan bir çox mənfilikləri, bakteriyaları, xəstəlikləri məhv etmək kimi xüsusiyyəti var. Həmçinin insanları sakitləşdirir, onların beyninə xoş təsir göstərir. Bundan əlavə xərçəng və digər ağır xəstəlikləri yüngülləşdirmə gücünə malikdir. Ən əsası isə üzərlik gözdən və nəfsdən qorunmaq üçün çox gözəl vasitədir. Bu, əslində, inam məsələsidir. Adi bir suyu da inanaraq dərman kimi qəbul etsək, bu bizim xəstəliyimizə təsir edəcək. Üzərliklə bağlı Quranda da, dində də, şəriətdə də, elmdə də müxtəlif fikirlər var. Bunların bəziləri təcrübələrdən keçirilib, bəziləri elmi araşdırmalar zamanı təsdiqlənib, bəziləri isə xalqın əsrlər boyu tətbiq etdiyi məlumatlardır. Bu baxımdan da, üzərlik kimi müalicəvi əhəmiyyətli bitkilər var ki, onlardan rahat istifadə etmək olar. Elə insanlar var ki, onların orqanizmi bu qoxulu bitkiləri qəbul etməyə bilər. Lakin əhalinin böyük bir hissəsinə bu müsbət təsir göstərir. Nəinki üzərlik həm də dağ reyhanı, dağ yovşanı bitkiləri var ki, bunlar xərçəng xəstəliyini müalicə edən və yox edən bir vasitədir. Üzərlik faydalı bitkidir və xalq təbabətində bu bitkidən geniş şəkildə istifadə edilir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə