Dərsliklərlə bağlı qarşılaşan əsas problemlər hansılardır? - ARAŞDIRMA

2000-ci illərdən bəri ümumi təhsil pilləsində şagirdlərə dərsliklər pulsuz verilir. Və o zamandan dərsliklərlə bağlı problemlər səngimək bilmir. Baxmayaraq ki, hal-hazırda da bu problem qalmaqdadır, istər ibtidai siniflər, istərsə də V-XI siniflərin dərsliklərində elmi və texniki səhvlər bitib tükənmir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması qaydasını" təsdiq edilmişdir. Məlum Qayda “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.12-ci maddəsinə uyğun olaraq hazırlanmış və ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması, təsdiqlənməsi və nəşri qaydasını müəyyən edilmişdir. Və həmin qaydanın 2.2-ci bəndində ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi zamanı aşağıdakı ümumi tələblər nəzərə alınması tələbi qoyulub :

1. materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, dəyəryönümlülüyü, tərbiyəyönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu;
2. pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu;
3. dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyi;
4. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğu.

Sonda Prezidentin 13 №-li Sərəncamı ilə təsdiq olunmuş olunmuş “ Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının” 7-ci bölməsinin 4.1.-ci bəndində ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompüter-planşetlə təmin olunması 2015-2020-ci illər üçün nəzərdə tutulmuşdu. Nəinki texniki vasitələr, hazırda istifadə olunan dərsliklər belə tələblərə cavab vermir.

Dərsliklər yazılarkən şagirdlərin yaş səviyyəsi nəzərə alınmır, çətin, məntiqsiz, uyğunsuz cümlələrdən istifadə olunur ki, bu onlarda qavrama çətinliyi yaradır. Hətta valideynlər də övladlarına dərsi izah etməkdə çətinlik çəkirlər. Dərsliklərdəki mövcud çatışmazlıqlar valideynləri də narahat edir. Valideynlər deyir ki, dərsliklər o qədər mürəkkəb və anlaşılmayan dildə yazılıb ki, uşaqlar kitabda verilən mətnləri oxuyub başa düşmürlər.

Dərsliklərin çətinləşməsi repetitorlara üz tutmağa imkan yaradır. Bu qəsdən edilir sanki. Orta ümumtəhsil müəssisələrində şagird dərsləri mənimsəyə bilmir və əlavə hazırlığa gedir. 10-15 il əvvəl təhsil bazarında şagirdin ev tapşırıqlarını həll etmək üçün müəllim yanına getməsi halı yox idi, indi bazarda buna tələbat çoxdur. Bu da onu deməyə əsas verir ki, birbaşa dərsliklərin və tapşırıqların çətinləşdirilməsi məhz əlavə məşğələlərə, müəllim yanına getmələrə imkan yaradır. Halbuki orta məktəblərdə təhsilin göstəricisinin nə qədər aşağı olması bu faktla üzə çıxır.

Təhsil məsələləri üzrə mütəxəssis Elvin Bədirov SİA-ya açıqlamasında dərsliklərlə bağlı yaşanan problemlərdən danışıb: "Son dövrlərdə təhsilin inkişafı üçün bir sıra zəruri addımlar atılsa da , kompleks tədbirlərin keçirilməməsi həm effektivliyi aşağı salır, həm də inkişaf prosesinin davamlılığına mane olur.

Regionlar üzrə qruplaşdırsaq Bakı , Abşeron, Sumqayıt istisna digər bölgələrin problemləri sırasında ən vacib amil yüksək ixtisaslı müəllimlərin azlığı, bəzən isə ümumiyyətlə müəyyən fənlər üzrə müəllimlərin olmamasıdır. Eyni zamanda infrastruktur problemi də təhsilə ciddi əngəl törədir.

Bakı, Sumqayıt və Abşeron məktəbləri isə bu baxımdan daha yaxşıdır. Lakin son illərdə təqdim edilən vakansiya azlığı gənc və savadlı müəllimlərin məktəblərə yol tapmasına çətinliklər yaradır. Ən ciddi problem isə etimad mühitinin olmamasıdır. Valideynlər və şagirdlər məktəbdə yaxşı təhsil alacağına inanmır. Məktəblər rəqabətdə repetitorlara uduzur.

Dərsliklərlə bağlı qayda belədir ki, hər 4 ildən bir hər sinif üzrə dərsliklər yenilənməlidir. Bu addım doğru addımdır, köhnə dərsliklərlə müqayisədə tətbiq edilən yeni dərsliklər daha yaxşıdır. Lakin bunu bütün fənlərə və siniflərə aid etmək olmur. Bəzən dərsliklərin dili, üslubu daha çətin anlaşılan olur. Bu işdə həm dərslik müəlliflərinin, həm də onları qəbul edən komissiyanın ciddi günahı var. Sifarişçi qismində nəşriyyatlar çıxış edir, tenderi qazanır və onların qəbul alan nəşrləri isə müəllif qüsurları səbəbindən səhvlərlə birgə məktəbələrə yol tapır. Əziyyətini isə şagirdlər çəkir. Bunun həll yolu dərsliklərin şagirdlərin yaş psixologiyası, anlama bacarığı nəzərə alınmaqla mövcud kurikulum əsasında işlənməlidir. Biz bu çətinliyi xüsusi ilə ibtidai siniflərin riyaziyyatında aşkar görürük. Nəzərə alaq ki siniflərdə şagirdlərin sayı çoxdur, valideyn məcbur qalır ki övladını əlavə müəllim yanına göndərir, dərsdən yayınma halı artır və məktəbin nüfuzuna xələl gəlir.

5-11-ci siniflərdə isə Azərbaycan dili və Ədəbiyyatı, Tarix , Coğrafiya fənlərində ciddi nöqsanlar var".

Kurikulum sisteminin çatışmazlığı isə daha çox kitablarımızın uyğunsuzluğu, kurikulum standartlarına cavab verməməsi, məktəblərdə dərslərin əsasən ənənəvi qaydada davam etməsi, müəllimlərimizin kurikulum sisteminə uyğunlaşa bilməməsi, müəllimlərin adaptasiya olunmasına zəruri effektiv dəstəyin olmamasıdır.
Problemlərin həllində hər kəsə öhdəlik düşür, lakin daha çox rol rəhbər qurumun, işləri tənzimləyən orqanın üzərinə düşür.
Bir çox valideynlər və müəllimlər də də vardır ki, hər dəfə yenilənən dərs vəsaitlərindən şikayətlənirlər.

Gəncə şəhər 10 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Ələkbərzadə Günay isə qeyd edir,
insanlar, o cümlədən, bizim cəmiyyət yeniliklərə, dəyişikliklərə açıq deyildir. Lakin biz texnologiyanın gündən-günə inkişaf etdiyi bir dövrdə yaşayırıq. İnkişaf hər sahədə özünü göstərir, o cümlədən təhsil sahəsinə də bu inkişafın xüsusilə təsir etməsi önəmli faktordur. Və yeniliklərlə razılaşmayan insanlar hər zaman-bu onların xeyirlərinə belə olsa, şikayətlənəcəklər ki, bu hər dövrdə belə olub. Problem ondadır ki, istər valideynlər, istər bəzi müəllimlər bu yenilikləri öyrənib tətbiq etməkdənsə, ən rahat yolu seçirlər. İnanın ki, öz üzərində çalışan müəllim heç vaxt heç nədən şikayətlənməz. Tələbəlik illərindən bir xatirəni yeri gəlmişkən, paylaşmaq istərdim. Mən Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişəm. Təxminən 2006-2007-ci illərdə biz Bakı məktəblərinin birinə pedaqoji təcrübə üçün getmişdik. Hər gün bir neçə tələbə sınaq dərsi verir, ən sonda pedaqoji təcrübəyə rəhbərlik edən müəllimimizlə birlikdə nəticəni müzakirə edərdik. Müzakirədə bizə istiqaməti Azərbaycan yazıçısı Zahid Xəlilin (dekanımız) qızı Azərbaycan dili və tədrisi metodikası kafedrasının dosenti Şəlalə Nəbiyeva verirdi. Onun bir qiymətli fikri mənə müəllim kimi yeniliklərə köklənməkdə həyat şüarına çevrildi. O demişdi ki, "Hər dövrün düşüncə tərzi, qavraması fərqli olur. Bizim zamanımızda keçilən dərslərin metodları, iş üsulları indiki dövrün uşaqları üçün maraqsızdır, vaxt gələcək, sizin dərs deyəcəyiniz şagirdlərin diqqətini dərsə cəmləmək üçün bundan da fərqli metodlara, daha əyləncəli iş üsullarına ehtiyac duyacaqsınız.". Və həqiqətən də Şəlalə m.nin bu fikri günümüzün reallığıdır.
Dərsliklər bir neçə ildən bir təkmilləşir. Son dərsliklər bir öncəki dərsliklərdən daha yaxşıdır, deyərdim. Problem olaraq mənim müşahidə etdiyim məqam ondan ibarətdir ki, Azərbaycan dili dərsliyində, bir sıra mətnlərdə tələffüzü ibtidai sinfin 1-2-ci sinif şagirdlərinə çətin gələn xüsusi isimlər verilmişdir ki, onları şagirdlər tələffüz etməkdə çətinlik çəkir, hafizələrində saxlaya bilmirlər. Qalan digər hallar baxımından son dərsliklər (mənim ixtisasıma aid olanlar) bütün məzmun xətlərini əhatə edir.

Kurikulum sistemi əslində şagirdlərin bütün bacarıqlarını əhatə edən proqramdır. Bir proqram ki, müəllimə deyir ki, şagirdlərin öyrənmə müxtəlifliyi var- kimi dinləyərək, kimi vizual, kimi kinestetik öyrənir-müəllim, sən bunları bil və dərsini bu şəkildə qur və bununla bağlı metodik vəsaitlərdə, internet resurlarında kifayət qədər öyrədici məlumatlar vardır. Əgər dərs hörmətli müəllimlərimiz tərəfindən düzgün tətbiq olunarsa, həmin dərs şagirdlər üçün kifayət qədər öyrədici və maraqlı olar. Çətin heç nə yoxdur, öyrənmək istəmədiyi üçün qəbul etməyən insanlar vardır. Cəmiyyət müəllim etalonu üzərində qurulur. Müəllim öz işini tələblərə uyğun məsuliyyətlə, əzmlə yerinə yetirərsə, valideynlərə düzgün istiqamət verib, maarifləndirərsə, inanıram ki, yaxın gələcəkdə bu kimi problemlər öz həllini tapacaqdır.

Heç də təsadüfi deyil ki, dərsliklərdə olan nöqsanlarla bağlı istənilən irad və qarşılıqlı ittihamlar reallığa söykənsə belə cəmiyyət üçün narahatçılıq doğuran hal olaraq qalır. Bu gün də məktəblərin təhsilin məzmun göstəricisini və inkişaf səviyyəsini əks etdirən tədris ədəbiyyatları ilə: proqram, kurikulum, dərslik, dərs vəsaiti və digər tədris metodik ədəbiyyatlarla fasiləsiz və ahəngdar təminat ən ciddi problemlərdən biri kimi dövlətin diqqət mərkəzindədir.

Bu sözləri Təhsil eksperti Nadir İsrafilov deyib.

Əlbəttə, təhsilə verilən yeni tələblər “Qaydalar”ın da davamlı olaraq təkmilləşməsi və yeniləşməsi zərurəti yaradacaq,​ dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu, dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyi kimi meyarlar əsas götürüləcək. Bu məqsədlə Layihə çərçivəsində I-IV sinif “Həyat bilgisi” fənni üzrə təhsil proqramındakı təbiət elmlərinə dair məzmun standartları yenilənir,​ yeni V sinif “Təbiət” fənni üzrə məzmun standartları yazılır. V sinif “Təbiət” fənni üzrə dərslik konsepsiyası və bu konsepsiya əsasında yeni dərslik komplekti hazırlanir. Nəticədə dövrün reallıqlarına cavab verməyən tədris vəsaitləri və resurlar tədricən yenilənəcək.

Havar Şəfiyava

Bütün xəbərlər Facebook səhifəmizdə