Yaş fərqi bu fəsadlara səbəb olur - DİQQƏT - PSİXOLOQ AÇIQLADI

“İnsanların bioloji və psixoloji yaşı var. Məsələn, insan var ki, 30 yaşındadır, amma dünyagörüşü və ruh baxımından daha kiçik görünür. Bu intellekt baxımından da ola bilər. İnsanın yaşı onun yaşadığı həyat təcrübəsini, biliyi və savadı əks etdirməyə bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, yaxşı olar ki, insanlar ailə qurarkən bu nüanslara mütləq diqqət etsinlər: “Yaş fərqi sadə bir şey kimi görünsə də, ciddi problemlərə yol aça bilər. İnsanlar, əsasən də kişilər müəyyən yaşdan sonra stabil və sakit həyat istəyir. Yaşca kiçik olan xanım isə gəncliyinin ən çılğın zamanındadır və əylənmək arzulayır. Bunlar tarazlanmadıqda isə ciddi problemlər yaşanacaq”.

Psixoloq sözlərinə belə davam edib: “Bu xırda dediyimiz anlaşılmazlıqdan “Biz bir-birimizə uyğun gəlmirik”, “Biz həyatdan başqa şeylər istəyirik” kimi düşüncələr yaranır. Düşünürlər ki, “O məni sevmir”, “Əgər sevsəydi, mənim sevdiyim şeyləri sevərdi” və s. fikirlərə düşürlər. Bunun sevgi ilə heç bir əlaqəsi yoxdur.

Əgər yaş fərqini nəzərə almırlarsa bunları qəbul etsinlər. Bir bəy özündən çox kiçik xanım sevibsə, onun şıltaqlıqlarını da anlamalıdır. Qadını dəyişmək məqsədilə ilə ailə qurmasınlar, onu dəyişməsinlər.

Tövsiyyə olunur ki, cütlüklər arasındakı yaş fərqi 5 yaşadək olsun. Bu orta bir yaş fərqidir. Lakin fərqin 5 yaşdan çox olması onların yola getməyəcəyi anlamına da gəlmir. Çünki insanın psixoloji yaşı da var və bu da çox önəmlidir.

Münasibəti xilas edən anlayış, sevgi və hörmətdir. Bunları nəzərdə saxlamaq vacibdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə