Bədbəxtlər başqalarının həyatı ilə maraqlanır? -SORĞU - PSİXOLOQLAR İZAH ETDİ

Günümüzdə xeyli insan başqasının həyatı ilə maraqlanır. Bəs, başqasının həyatı ilə maraqlananlar özləri bədbəxt insanlardır? Onlar bunu niyə edir? Altında hansı psixoloji səbəblər yatır? SİA bu barədə psixoloqlar arasında sorğu keçirərək onların fikirlərini öyrənib.

Psixoloq Vüsalə Əmiraslanova: “Ümumiyyətlə, insanlar bir neçə xarakter tipinə bölünür. Elə insanlar var ki, başqasının yerini tutmağa çalışırlar və bu zaman onların öz həyatları olmur. Onlar hər zaman başqasını ideal biri kimi görür və ondan daha yaxşı olmağa cəhd edir. Ondan yaxşı olmadıqda isə əsəb keçirir.

Amma elə insanlar da var ki, başqasının həyatı ilə maraqlanırlar və yaxud onların həyat hekayəsi maraqlıdır. Çünki öz məşğuliyyətləri yoxdur. Yaxud da məşğuliyyətləri var, amma daim neqativ düşüncədədirlər. Duyğu baxımından qarşı tərəfi incitmək, onları əzmək xüsusiyyətinə sahib olurlar ki, başqasının həyatını onlara qarşı istifadə edirlər.

Elə adamlar var ki, sadəcə, başqa insanın həyatının marağındadır. Oradan özünə dərs götürür. Əksər insanların problemi qarşı tərəfin problemini bilib ona zərər yetirməkdir.

Bütün bunların altında yatan səbəb isə bu insanların maraq dairələrinin kasad olması, uşaqlıq travmaları və fərdi inkişaflarının aşağı olmasıdır.

Psixoloq Fərqanə Mehmanqızı: “Başqalarının həyatı həmişə insanlara maraqlı olub. Bu, bir xasiyyət və yaxud yaşam formasıdır.

Bu gün də fanatik dərəcədə blogerlərin və yaxud da xarici məşhurların həyatlarını izləyənlər var. Bu adamlar öz həyatlarında uğursuzluq yaşadığı üçün başqalarının həyatına maraq duyurlar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə