Sarsaqlar olmasaydı, yaltaqlar acından ölərdi - EKSPERT TƏNQİD ETDİ

“Varlının eybini görməzlikdən gəlmək, kasıbın eybini isə böyüdüb dağ boyda etmək mənfi xüsusiyyətdir. Çox adam bunu Azərbaycan xalqının mental dəyərləri ilə əlaqələndirir. Mən bu fikirlərlə razı deyiləm. Hesab edirəm ki, Azərbaycan xalqının böyük əksəriyyəti ləyaqətli insanlara qiymət verməyi bacarırlar. Ləyaqət isə var-dövlətlə, sərvətlə ölçülmür. Bu bir xarakter məsələsidir. Azərbaycanlılar ləyaqətli insanları sevir və onlara hörmət edirlər”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, təəssüf ki, mənfi tendensiyalar da var və biz hər gün ictimai həyatda bunu müşahidə edirik: “Doğrudan da Azərbaycanda varlı insanların qüsurlarına göz yummaq, hətta onların şit hərəkətlərinə gülmək, onların bədnam əməllərinə haqq qazandırmaq meyili var. Amma bu, kütləvi deyil. Məncə, bunu daha çox şəxsi maraqlarını güdən, savadına görə deyil, tanışlığa görə kimlərinsə himayəsi sayəsində karyera quran adamlar edirlər”.

Seymur Verdizadə sözlərinə belə davam edib: “Elə adamlar var ki, onlar öz potensialı ilə cəmiyyətdə layiq olduqları yeri tuta bilmirlər. Yəni, onların potensialı cəmiyyətdə sayılıb seçilən və söz sahibi olan adam olmağa imkan vermir. Buna görə də boğazdanyuxarı təriflərlə, marketinq dəyərlərini önə çəkməklə özlərini təsdiqləmək istəyirlər.

Yəni, varlının eybinə göz yummaq, şit hərəkətlərinə gülmək, kasıbı ələ salmaq və ona üstdən aşağı baxmaq kütləvi yanaşma deyil. Bu, öz potensialından yuxarı vəzifə tutan, olmayan potensialına baxmayaraq ciddi karyera quran adamların vərdişidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə