Çay nədir, say nədir... FELYETON

Bu yay Həsən kişinin rayondan qonağı gəlmişdi. Kişi də nə eləsin? Qonağı evdə-dörd divarın içərisində saxlamayacaq ki... Dedi, ə Məmməd, evdə oturmağa gəlmisən? Dur səni aparım, bir şəhərlə tanış ol, gör bir nə var, nə yox.

Axşamüstü kişilər durub çıxırlar şəhərə. Üz tuturlar dəniz kənarına doğru. Axşamçağı olmasına baxmayaraq havadan od tökülür, sərinləmək bilmir ki, bilmir. Bu kişilər də yaşlı adam, nə eləsinlər. Bir kölgəlik axtarırlar ki, oturub dincəlsinlər. Məmməd kişi də rayondan gəlmiş, kəndin sərin havasına öyrəşmiş, burada da havasını-suyunu dəyişmiş adam. Dedi, ay Həsən, gəl oturub bir çay içək, dilim ağzımda yandı.

Yaxınlaşdılar bir məkana. İnsafən hər tərəf tər-təmiz, abad, gözəldir. Əyləşirlər. Həsən kişi ofisiantı çağırıb, bir çay sifariş verir. Ofisiant soruşur ki, sadə olsun, yoxsa...

Həsən kişi də cavab verir ki, bala, çay sadə olar da, başqa nə cür olur ki, bəlkə xəbərimiz yoxdur. Ofisiant da başlayır sayır-sayır, deyir ki, yanında bunlar olsunmu, demək istədim. Həsən kişi də deyir ki, yox bala, biz elə ata-baba çayı istəyirik.

Ofisiant gedir, bir azdan əlində sini ilə qayıdır, üzərində də bir çaynik çay, iki stəkan, iki nəlbəki, bir də ki, qənd.

Bunları ehmalca ağsaqqalların masasına qoyub qayıdır. Həsən kişi ilə Məmməd kişi də çaydan süzüb söhbət edə-edə içirlər.

Bir azdan Həsən kişi:

- Məmməd, deyəsən, yerini bəyəndin, ha. Qalx ayağa gedək, oturmağa gəlmisən. Dur gedək gəzək.

Həsən kişi ofisiantı çağırır, borcunu soruşur, o da deyir. Həsən kişi tutulsa da, özünü Məmməd kişinin yanında sındırmır, pulu ödəyir, gedirlər.

Həsən kişi düşünür ki, yüz ilin bir başı Məmməd durub rayondan onun evinə qonaq gəlib: ta simiclik etməyəcəm ki... Olmasın bu ayın pensiyasının yarısı.

Bu minvalla, gecə evə qayıdanadək 4 dəfə müxtəlif yerlərdə əyləşib çay içirlər. Həsən kişi 4 çaynik çay üçün 20-30 manat xərcləyir. Bunu Məmməd kişi də müşahidə edir. Evə qayıdanda yolda çayla bağlı söhbəti açır və deyir:

- Ay Həsən, bu çay bizim rayondakı çaydan deyil, nə yaman qiymətli olub şəhərdə belə? Ay qardaş, bir çaynik su, bir çimdik çay nə vaxtdan 5-6 manat olub ki? Heyf deyil, rayon, bir çaynik çay 1 manatdı. Nə qədər istəyirsən, iç.

Həsən kişi:

- Ay Məmməd, indi nə öz qiymətinə satılır ki? Kim nəyi neçəyə istəyir, satır. İstəyirsən al, istəmirsən xoş gəldin.

Kişilər söhbət edə-edə çatırlar evə. Evdə söhbətə Həsən kişinin oğlu da qoşulur. Deyir siz hələ sadə çay içmisiniz, bu qədər gileylənirsiniz. Bəs siz çay dəstgahı təklifini qəbil etsəydiniz, nə edərdiniz? Onun qiymətini eşitsəniz, bu gecə yuxunuz qaçar, ona görə də yaxşı olar ki, deməyim.

Kişilər bu məsələni müzakirə edirdilər ki, Həsən kişinin həyat yoldaşı Mənsurə xala ortaya pürrəngi çay gətirir. Həsən kişi bir çaya, bir Mənsurə xalaya baxır, deyir, ay Mənsurə bu gün anladım ki, yenidən dünyaya gəlsəm, ölənədək sənin tək bu çay haqqını ödəyə bilmərəm. İllərdi, çaydı ki, dəmləmisən, çaydı ki, içmişik, “Çayın biri qaydadır, ikisi cana faydadır, üçü nəsdir, dördü bəsdir. Çatdı beşə, vur on beşə. Çay nədir, say nədir” misalı.

Evdəkilər Həsən kişinin bu sözünə xeyli güldülər...

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə