Abşeronda şəhid Fərid İlyasovun ordeni ailəsinə təqdim edilib

44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü həm düşmənə, həm də bütün dünyaya göstərdi. Xalqımızın qələbəsi ilə bitən müharibədə igidlik göstərən qəhrəmanlarımız Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətində şəhid Fərid İbad oğlu İlyasova ölümündən sonra verilən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin ailəsinə təqdimetmə mərasimi keçirilib.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ordumuzun döyüş meydanında əldə etdiyi şanlı Qələbədən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Kəndlərimiz, şəhərlərimiz yenidən qurulur və soydaşlarımız öz dədə-baba yurdlarına köçməyə başlayıblar.

Ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini deyən Abdin Fərzəliyev Abşeron rayonunda da bu qəbildən işlər görüldüyünü, onların işlə təmin olunmalarında əhəmiyyətli nəticənin əldə edildiyini vurğulayıb.

Şəhid Fərid İlyasovun ailə üzvləri çıxışlarında ölkəmizdə şəhid ailələrinə böyük diqqət və qayğı göstərildiyini qeyd ediblər. Onlar Fərid İlyasovun Vətən müharibəsi zamanı göstərdiyi şücaətə görə ordenlə təltif olunmasından iftixar hissi keçirdiklərini vurğulayıb, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Cəfər Rəcəbov, Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissənin zabiti, polkovnik-leytenant İntiqam Ağasıyev, şəhidin babası Əlövsət İbrahimov və anası Bəsirə İlyasova iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...