Məhv etdiyimiz adətlərimizdən biri - Xınayaxdı... JURNALİST YANAŞMASI

Təxminən 40-50 il öncəyə nəzər salsaq, o dövrkü adət-ənənələrimizdən əsər-əlamət qalmadığını açıqca görə bilərik. O adət-ənənələri biz öz əllərimizlə məhv edib tarixin arxivinə gömmüşük. Götürək toylarımızı. Qeyd etdiyim zamandan bu günə kimi görün bir nələr dəyişib. Nə üçün dəyişib? Bunları dəyişməyə kimin haqqı var? Biz adət-ənənələrimizə nə üçün sahib çıxmırıq, onların dəyişməsinə nə üçün göz yumuruq? Bunun hansı faciə ilə nəticələnəcəyini niyə dərk etmirik?

Bu gün Azərbaycan toyunun ən maraqlı mərasimindən-xınayaxdıdan danışmaq istəyirəm. O xınayaxdı ki, artıq bizim olmayan xınayaxdıya çevrilib. Müasir xınayaxdı mərasimlərində adam özünü heç də Azərbaycanda hiss etmir...

Müasir xınayaxdılar, yoxsa toy?..

Müasir dövrümüzün xınayaxdı mərasimləri toy kimi keçirilir. Onsuz da anormal şəkildə ayırdığımız qız və oğlan toylarına yeni bir toy da əlavə etmişik ki, bu da xınayaxdıdır. Beləliklə bir valideyn qızına üç dəfə toy etmiş olur. Birinci nişan, bunun üçün restoranda bir toy edir. İkinci xınayaxdıdır ki, bu da xərcinə görə heç də nişandan geri qalmır. Üçüncü isə qız toyudur ki, bununla valideyn vəzifəsini bitmiş hesab edir.

Lakin düşünəndə günah biz valideynlərdədir. Adət-ənənələri dəyişən də, qədimliyimizin üstündən xətt çəkən də, övladlarımızın bütün istəklərinə yox deməyi bacarmayan da bizlərik. Hansı ki, lap əvvəldən biz elə edərdik, adətlərimiz bu qədər məhv uğrayıb, hazırda ölüm yatağına düşməzdi.

Faktlara baxaq. Bizdə belə bir prinsip var ki, qonşudan geri qalma. Biz qonşulardan, qohumlardan seçilməmək üçün nə edirik? Banklara üz tuturuq. Kredit götürürük, illərlə borc ödəyirik, götürdüyümüz pulun faizi gəlib özünə bərabər olur, lakin biz qonşudan geri qalmamaq üçün, necə deyərlər, əynimizdən, boğazımızdan kəsib bunu edirik. Nədir, nədir ki, heç kimdən seçilməyim. Bu gün adamlar tanıyıram ki, övladının ailə qurmasından 3-4 il ötüb, iki nəvəsi var, hələ də kredit ödəyir. Biz özümüzü nə üçün bu qədər əzaba düçar edirik, anlamıram.

Gələk toya bərabər xınayaxdılara. Əsla bu qədər təmtərağa ehtiyacı olmayan bu mərasim kimlərinsə cibinin dolması, kimlərinsə illərlə borc ödəməsi mərasimidir. Buna ehtiyac varmı? Bəlkə də bu xınayaxdılarda adət-ənənələrimiz qorunsa, yaşadılsa, haradasa demək olardı ki, qoy belə keçirək, təki adətlərimiz yaşasın. Lakin bugünkü xınayaxdılar bu mərasimi məhv edib, gömüb, üzərində yeni, bahalı bir mərasim yaradıb.

Xınayaxdı üçün nə etməlisən? Əvvəlcə bu mərasimi keçirmək üçün müəyyən bir məkan seçməlisən. Məkan da ki, istənilən qədər, xınayaxdıların təşkili işləri ilə məşğul olanlar onlarla... Hər biri ayrı-ayrı baha qiymətlərə başa gələn bütün aksesuarlar öz yerində olmalıdır. Yəni qədimliyi özündə əks etdirən samovar, butalar, döşəkcələr və sair. Maraqlıdır ki, müasir xınayaxdılarımızda qədimliyimizi əks etdirən tək bu rəmzlərdir. Vəssalam.

Daha sonra geyim, rəqqasə, aparıcı, bilmirəm daha nələr, nələr, gəlir bir toyun qiymətinə çıxır. Lakin əvvəl necə idi? Çox az xərclə başa gələn xınayaxdılarda həm də gözəl adətlərimiz qorunub yaşadılırdı.

Əvvəlki xınayaxdılar

Toydan bir gün əvvəl keçirilirdi xınayaxdı. Adətən də axşamlar olurdu. Oğlan evində toy vaxtı 10-15 nəfər qız-gəlin yığışıb qız evinə gedərdi. Qızın evinə çatmağa xeyli qalmış maşınlardan enər, haxışta deyə-deyə toy evinə yaxınlaşardılar. Bütün qonşular bilərdilər ki, filankəsin qızının xınayaxdı gecəsidir. Qonaqlar həyətdə bir saatadək rəqs edər, sonra içəriyə keçərdilər.

Toyu olan qızı bəzədilmiş stula əyləşdirər, həm oğlan, həm də qız evindən olan qızlar, qadınlar onun ətrafına toplaşar, haxışta yarışına başlayardılar:

Oğlan evi:

Al almağa gəlmişik, haxışta

Şal almağa gəlmişik, haxışta

Oğlanın adamıyıq, haxışta

Aparmağa gəlmişik, haxışta

Qız evi:

Al almağın vaxtı var, haxışta,

Şal almağın vaxtı var, haxışta.

Oğlanın adamısız, haxışta,

Aparmağın vaxtı var, haxışta

Oğlan evi:

Günay oturub daş üstə, haxışta

Saçın töküb diz üstə, haxışta

Murad deyir, dur gedək, haxışta

Günay deyir, baş üstə, haxışta

Qız evi:

Murad oturub daş üstə, haxışta

Gözün dikib yol üstə, haxışta

Günayı görən kimi, haxışta

Çıxır yolunun üstə, haxışta

Bu cür deyişmələrdən sonra deyib-gülər, yenə də rəqs edib, gəlinin əl-ayağına xına yaxar, bir ovcuna nişanlısının, bir ovcuna öz adının baş hərfini yazardılar. Xına yaxan qadına ənənəvi olaraq kiçik hədiyyə verilərdi. Gəlinə xına yaxılandan sonra mərasimdə iştirak edən hər kəs barmağını həmin xınaya batırardı.

Ortalıqda qoyulan masada şirniyyatlardan ibarət süfrə açılardı. Kim istəyərdisə, həmin şirniyyatların dadına baxar, konfetlərdən uşaqlara aparardılar ki, onlara da qismət olsun.

Xınadan oğlan üçün də götürüb qayıdardılar. Beləliklə də ucuz başa gələn və gözəl adət-ənənələrimizlə zəngin xınayaxdı mərasimi başa çatardı.

Xına naxışlı əllər

Bəli, əvvəllər sadəcə xınaya barmaq batırılardı. Lakin indi necədir? İndi ərə gedən qızın əl-ayağına xına ilə xüsusi naxışlar işlənir. Axı biz ta qədimdən gələn xınayaxdılarımızda belə naxış işləmələri görməmişik. Bu naxışlar haradan gəlib adətlərimizi sıxışdırıb bir kənara atdı?

Əvvəllər dəfələrlə təsadüf etmişik ki, qızlarımız xınanın lap incə şəkildə çəkilməsini istəyiblər. Çünki incə, zərif çəkilən xına gəlinin əllərində daha gözəl görünürdü, nəinki əllərin tamamilə xınaya batırılması. Həm də xına əldən çox uzun bir zamana gedir. Qızlarımız toydan sonra işə qayıdanadək əllərindən xınanın getməsi üçün onun incə çəkilməsini istəyirdilər. Bu da bir abır-həya, ismətin göstəricisi idi. İndi də xınanı naxışsız, incə çəkilməsini istəyən qızlarımız var. Lakin naxışlarla daha tez-tez qarşılaşırıq. Toydan bir neçə həftələr sonra da küçədə-bacada əlləri naxışlı gəlinlərlə qarşılaşanda bilirsən ki, hə, bu, təzə gəlindir.

Lakin xınanın bu cür bayağı çəkilməsinə ehtiyac varmı? Yəni o dövrlərdə də naxış işləyə biləcək qadınlarımız vardı. Onlar arasında ağ parça üzərində ipək saplarla naxış toxuyanlar vardı ki, necə deyərlər, iki göz istəyirdi tamaşa etsin. Həmin tikmələr bu gün də evlərimizdə qorunub saxlanmaqdadır. Həmin qadınlar parçaya vurduqları naxışları əllərə də vura bilərdilər. Lakin bu, nə məna izhar edir, nə üçün olmalıdır ki? Axı bu, bizim xınayaxdı adətlərimizə məxsus deyil. Nə üçün bu naxışların əllərimizə vurulmasına razılıq veririk. Bu yenilik nəyimizə lazımdır. Eybəcər görünməkdən başqa nəyi ifadə edir?

Deməli, bu naxışları vurub pul qazananlar deyil, biz öz adətlərimizdən imtina edirik. Belə bayağılıqlara yol açan bizlərik. Təbii ki, bunları bizə zorla etmirlər, biz istəyirik, edirlər. Bir ağbirçək, bir ağsaqqal irəliyə çıxıb demir ki, ay gənc qız, ay bala, bu axı bizim adətdə yoxdur...

Yüksək-yüksək təpələrə ev qurmasınlar...

Bu gün xınayaxdı mərasimlərimizdə ən çox narahatlığımıza səbəb olan bu türkünün səsləndirilməsidir: yüksək-yüksək təpələrə ev qurmasınlar, uzaq-uzaq məmləkətə qız verməsinlər, anasının bir dənəsini xor görməsinlər.

Türkiyə ilə biz qədim qonşuluq, dostluq əlaqələri olan xalqlarıq. Bəzi adət-ənənələrimizdə də çox oxşarlıq var. Lakin bu, o demək deyil ki, biz özümüzün gözəl ənənələri olan xınayaxdı mərasimlərimizi dəyişib türklərin xınayaxdı mərasimlərinə bənzədək.

İndi qızların hamısı öz xınayaxdılarında türklərdəki kimi rəfiqələri ilə bu türkünün ssenarisini qururlar. Sual olunur, görəsən, Türkiyənin hansısa bir məmləkətində xınayaxdı mərasimlərinə bizim haxıştaları əlavə edərlər? Və yaxud da bu türkünü bir kənara atıb haxışta deyərlər? Xeyr, etməzlər. Çünki onlar adət-ənənələrinə bizdən qat-qat bağlıdırlar. Biz isə harada nə görürüksə, nədən xoşumuz gəlirsə, öz adətlərimizi bir kənara qoyub, ona meyl edirik.

Maraqlıdır, görəsən bu türküdən yana ürəkləri axan qızlarımızın on nəfərindən biri onun tarixi barədə məlumatlıdır. İnanın ki, yox. Sadəcə, onun ssenarisi xoşlarına gəlib və xınayaxdılarımıza daxil edilib. Əslində isə, bu türkünün kədərli bir tarixi var. Bizdə isə belədir ki, ay aman, bunu etmə, düşər-düşməzi olar. Biz nə edirik? Evimizə gəlin gələndə onun qucağına oğlan uşağını oturduruq, qız yox. Ona görə belə edirik ki, ilki oğlan olsun, qız yox. Qıza ikinci dərəcəli övlad kimi baxırıq. Təzə gəlin ilk dəfə evdən çıxanda, o yana, bu yana boylanırıq ki, filan qonşu qarşısına çıxmasın, sonsuzdur, düşər-düşməzi olar. Bəs bilsələr ki, bu türkü necə bir acı sonluğun məhsuludur, inanın valideynlər birdəfəlik bunu xınayaxdılardan yığışdırar. Deməli, biz nəyinsə mahiyyətinə varmırıq, sadəcə görüntüsünə vurulur, öz adətlərimizi əllərimizlə bir kənara itələyib, ona meydan açırıq.

Yeri gəlmişkən, Türkiyədə bu türkü yəqin ki, xınayaxdılarda o bədbəxt taleli qızın xatirəsini anmaq naminə hər dəfə səsləndirilir. Bizim də bəxtsiz Saramız var. Onun taleyi ilə bağlı gözəl də mahnı yazılıb. Belə isə nə üçün ən xoş günlərimizdə Saranı anmırıq, Zeynəbi anırıq?.. Yenə deyirəm, dünyanın harasında olursa olsun, bir qadının acı taleyi qadın olan hər kəsin acısıdır. Lakin adət-ənənələrimiz hər şeydən öndədir, bunu unutmayaq!

Xına bitir, dərd bitmir...

Bəli əvvəlcə nişan, sonra xına, sonda toy... Bu üç mərasim minlərlə manata başa gəlir. Hər üçündə də süfrələr açırıq haradan haraya. Üzərinə də nemətlər düzürük, hər növdə, hər çeşiddə. Adımıza layiq olmasını istəyirik. “Qonşu belə toy etmişdi, niyə mən ondan kəsirəm?” təfəkkürü bizi məhv etməkdədir. Bu təfəkkürlə yaşaya-yaşaya, bir-birimizlə bəhs edə-edə illər ötür, lakin biz ən vacib qorumalı olduğumuz adətlərimizi əllərimizlə gömürük, lakin lüzumsuz alışqanlıqlarımızdan yaxa qurtara bilmirik.

Beləliklə nə baş verir? Toy bitir, gəlinlə bəyi ya öz darısqal evimizə, ya da əvvəlcədən kirayələdiyimiz mənzilə yola salırıq. Çünki evləri yoxdur. Hansı ki, oğlan və qızın valideynlərinin bu dəbdəbəli toylar üçün xərclədikləri pulla bir evin təməli qoyula bilərdi. Lakin yekəxanalığımız buna imkan vermir axı. Biz nə üçün ətrafımızdan, qonşularımızdan yaxşıları yox, pisləri, bəzi hallarda bizə lazım olmayanları götürürük. Məsələn, qonşu Türkiyədə valideynlərin övladlarının toylarında çox cüzi xərcləri çıxır. Bizim kimi dəbdəbəli süfrələr açmırlar. Əvəzində həm əllərində olan, həm də toya bəxşiş kimi verilən pullarla yeni ailənin evinin təməlini qoyurlar. Biz bu adəti nə üçün onlardan götürmürük. Axı bu, yaxşı bir ənənədir.

Biz nə edirik? Əmək haqqımızı illərlə banklara ödəyirik. Bir də baxıb görürük ki, hələ məbləğdən heç nə getməyib, gedən faizdəndir. Bu arada banklarımız da “sağ olsun”lar, faizi gündən-günə artırırlar.

Biz bu yolu seçirik, övladlarımız isə kirayələrdə sürünürlər. Restoranlara səpələdiyimiz pullarla övladımıza lazımi cehiz verə bilmədiyimiz üçün gənc ailə bir televizor tapıb başını qata bilmir, bir soyuducu tapıb ən azından yayın cırhacırında istifadə edə bilmir. Bax, budur bizim təfəkkürümüz. Əlimizdə-ovcumuzda olanı boş və mənasız işlərə xərcləyib vacib olanları unuduruq, əslində ağlımıza belə gətirmirik.

Məncə dəyişilməli olan bunlardır...

Adət-ənənələrimizi məhv etməyək!

Tək toylarımızı götürsək, çox adətlərimiz unudulub, yerini yeni və lüzumsuzları alıb. Toylarımızın başlanğıcı olan elçilik mərasimindən tutmuş təki toyların özünədək bu gün onlarla adətlərimiz tarixin o üzündən boylana-boylana qalıb. Onlara tərəf nə baxan var, nə də yaxına qoyan.

Kəndli-şəhərli hamı restoranlara qaçır. Ta əvvəlki kimi mağar toyları, bağçalarda açıq şəkildə toylar yığışılıb. Heç kim əziyyət çəkmək istəmir, rahatçılığı hər şeydən üstün tutur. Bu da onunla nəticələnir ki, həm adətlərimiz əlimizdən gedir, həm də pulumuz.

Restoranlar baha olduğu üçün hər evdən bir və ya iki nəfər toylarımıza dəvət edirik. O da böyüklər. Təsəvvür edin ki, dayı, əmi, xala, bibi uşaqları öz əmiqızı, dayıqızı, bibioğlu, xala qızının toyunda iştirak etmir. Bu, faciədir. Gənc qohumlar ən əziz günlərində bir-birinin yanında ola bilmirlər. Sonra da deyinirik ki, bu uşaqlar niyə bir-birindən uzaq düşürlər, bir-birinin qapısını açmırlar. Günahkar özümüz ola-ola bunu dərk etmədən hələ bir özümüzə suallar da veririk. Ta bilmirik ki, bütün bunların təməlini özümüz qoymuşuq.

Restoranlarda da o zaman ki, yallılarımızın yerini diskotekalar, milli musiqilərimizin yerini müasir dövrün bayağı mahnıları aldı, o vaxtdan çox şeylər itirdik. Ha yazırlar, ha danışırlar, heç kim əsla eşitmir.

Lakin qulaqlarımızı açıb eşitməli, gözlərimizi açıb görməliyik. Nə qədər ki, əlimizdə olanlar var, heç olmasa onları qorumaq xətrinə. Günahkar, adətlərimizin düşməni olduğumuz, onları bir-bir öz əllərimizlə itirdiyimiz üçün özümüzü tənbeh etməliyik. İtirən özümüz olduğumuz üçün onu tapıb, geri qaytarıb yerinə qoyan da özümüz olmalıyıq.

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...