Bəhsəbəhslik, yoxsa rəqabət? - ARAŞDIRMA

Rəqabət, ambisiya, uğur qazanmaq arzusu və qalib gəlmək sevgisini həyatda bir dəfə də olsa, hər kəs yaşayıb. Əksər insanlar rəqabətə çox erkən yaşda başlayır. Məsələn, sinif birincisi olmaq, maşınımızın, evimizin və ya işimizin başqalarından üstün olması da bura aiddir. Biz hər sahədə özümüzü göstərmək və adımızın uğurla anılmasını istəyirik. Böyüyürük və iş həyatına başlayırıq ki, bu dəfə də rəqiblərimiz daha kəskin olur.

Bəzən rəqib brendlər arasında şirkətimizi müdafiə edirik, bəzən də eyni mövqedə olan həmkarımızla şirin rəqabətə giririk.

Rəqabətin nə olduğunu qısaca müəyyənləşdirək. Rəqabət sözü ərəbcə rəqabət sözündən əmələ gəlib, idarə etmək, nəzarət etmək, müşahidə etmək, diqqət yetirmək, nəzər salmaq deməkdir. Rəqabət üstünlük uğrunda rəqiblərə qarşı yarışların bütünüdür. Demək olar ki, hər sahədə görünür. Bu, bir təşkilat, şirkət, şəxs və ya qrup arasında ola bilər. Gündəlik həyatımızda rəqiblərimiz ola biləcəyi üçün bu söz iş və sosial mühitlərdə də qarşımıza çıxır. Rəqabət o qədər ağır sözdür ki, onun nəticələri təkcə fərdlərə deyil, hətta cəmiyyətlərə də təsir edir.

Haqsız rəqabət nədir?

Yuxarıda qeyd etdiyimiz şirin rəqabətin acı variantı ilə davam edək. Bu haqsız rəqabətdir. Ticarətdə haqsız rəqabət, bir şəxs və ya qurumun başqasına zərər verməsidir. Haqsız rəqabət təcrübəsi bəzi cinayətlərə də səbəb olur.

Haqsız rəqabətə bunlar daxildir

- Məhz kopyalanan əmtəə nişanı haqsız rəqabətədir.

- Kommersiya sirrinin açıqlanması da haqsız rəqabətdir. Məsələn, rüşvət, oğurluq, şantaj.

- Bir şəxsə və ya quruma yalandan böhtan atmaq, qurum haqqında yalan xəbərlər yaymaq da haqsız rəqabət həddinə daxildir.

- Saxtakarlığı və yalan bəyanatlar verməyi haqsız rəqabət kimi qəbul edə bilərik.

Rəqabətin faydaları nələrdir?

İnkişafa yol açır

Rəqiblərimiz, əslində bizi növbəti səviyyəyə aparır. Mövcud olandan daha yaxşısını etmək üçün mübarizə aparırıq. Biz bunu rəqiblərimizi qabaqlamaq üçün edirik, lakin özümüz də istəmədən inkişafa yol açırıq.

Texnologiyaya müsbət təsir göstərir

Buna ağıllı mobil telefonları misal göstərə bilərik. Ağıllı mobil telefonlar istehsal edən firmalar bir-biri ilə rəqabət apardıqları üçün həmişə daha yaxşısını inkişaf etdirməyə çalışırlar.

Daha çox fərqli olmaq

Bizə fərqinə varmadan daha çox yaradıcı əsərlər yaratmağa imkan verir. Bir reklam kampaniyasını nəzərdən keçirin. Rəqibləriniz çoxlu alqışlara malik şirkətlərdir. Beləliklə, reklam kampaniyanızın başqaları arasında rezonans doğurması və parlaması üçün yaradıcı olmalısınız. Bu nöqtədə rəqabətin gətirdiyi yaradıcılıq sizin sehrli açarınızdır.

Diqqəti məqsədə yönəltməyə imkan verir

Bizneslə məşğul olduğunuz yerdə rəqabət hədəfi dəqiq vurmağa imkan verir. Rəqabət olmasa, biz tənbəlləşirik, işə nail olmaq məqsədimiz olmur və bütün bunlar motivasiya itkisi kimi əks olunur. Lakin rəqabət sizi bir məqsədə yönəldir. Bu məqsəd üçün çalışırsınız və günün sonunda qazancınızı düşünərək daha yaxşı motivasiya alacaqsınız.

Həyata maraq qatır

Müəyyən mənada rəqabət həyatı daha adrenalinlə doldura bilər. Bu sizdə uğur qazanmaq həvəsini oyadır. O ambisiya bir müddət sonra sizə adrenalin kimi qayıdacaq. Günün sonunda sizi əyləncəli və aktiv həyat gözləyir.

Rəqabət üstünlüyü nədir?

Bir firmanın və ya markanın bazardakı rəqiblərindən üstünlüyü rəqabət üstünlüyü adlanır.

Bəs, insanlarda bu rəqabət və bəhsəbəhslik nədən qaynaqlanır? Səbəb nədir? İnsanlar niyə maşınını, evini, işini bir-biri ilə müqayisə edir? SİA mövzu ilə bağlı araşdırma apararaq ekspert, psixoloq və sosioloqların fikirlərini öyrənib.

Fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub: “İnsan həyatında iki yön və cəhət var. Bunlardan biri intellekt, əxlaq, mənəviyyat, biri də maddiyyatdır.

Müasir amerikalı sosioloq Robert Merton cəmiyyətdə uğur qazanmaq barədə çox maraqlı fikirlər irəli sürür və deyir ki, müasir cəmiyyətlərdə uğur qazanmağın yeganə meyarı maddi məsələlərdə qazanc əldə etməkdir. Yəni, bir adam maddi baxımdan özünü zənginləşdirsə, bu zaman ona uğurlu insan deyirlər. Əgər bir insanın düşüncəsi və amalı tam maddiyyata yönəlsə, həmin adam uğurunu, gələcəyini, bütün düşüncəsini maddiyyat üzərində quracaq və çalışacaq ki, başqaları ilə bu yöndə yarış keçirsin. Bu adam artıq intellekt, təhsil almaq, kitab oxumaq kimi məsələlərə diqqət ayırmayacaq və onun bütün amalı maddi məsələlər olacaq ki, bura da bahalı maşın, ev, telefon, geyim və s. aiddir.

Belə olan təqdirdə o insan yalnız maddiyyat üzərində əldə etdikləri ilə öyünərək başqaları ilə bəhsə girəcək. Təəssüflər olsun ki, cəmiyyətimizdə belələri var. Bu insanlar üçün həyatın fəlsəfəsi maddiyyatdır. Onlar bəlkə də həyatları boyu bir kitab üzü açmayıblar, yaxud bir alimi dinləməyiblər. Çünki onlar üçün intellekt, mənəviyyat və dəyərlər mənasızdır.

Bəhsəbəhsliyin kökündə iki amil dayanır. Birincisi təhsilsizlik, intellektsizlik, ikincisi isə mənəviyyatsızlıqdır. İnsan mənəviyyatdan kasad olanda meşşanlıq etməyə, başqaları ilə maddiyyat üzərində yarış etməyə başlayır.

Quranda bir neçə ayədə çox maraqlı təbir keçir: “Xeyir və yaxşı işlərdə bir-birinizlə yarışın”. Amma yarışmaq maddiyyata üzərində yox, xeyirxahlıq üzərində olmalıdır. Belə olsa bütün bəşər cəmiyyəti daha firavan həyat yaşayacaq”.

Yazıçı-kulturoloq, siyasi ekspert Aydın Xan Əbilov: “Təəssüflər olsun ki, cəmiyyətimizdə fərdiçilik, şəxsiçilik və öz mövqeyi, fikri olanların sayı xeyli azdır. Elə mövqe ortaya qoyanları da savadsız insanlar təhqir edir deyə, onlar da öz qınına çəkilərək müstəqilliyini nümayiş etdirmirlər.

Azərbaycan cəmiyyətində yenə də “Qonşudan geri qalma”, “Xalçaya bürün, ellə sürün” kimi düşüncə tərzi hökm sürür. Müstəqil və fərqli nəsə ortaya qoymaq istəyənlər demək olar ki, azalıb. Belə bir fikri olan da ölkədən çıxıb gedir.

Hər hansı bir toplum özünün müstəqil mövqeyi olan fərdləri ilə tanınır. Tarixən müxtəlif qəhrəmanlıq göstərmiş insanlar bəşəriyyətin sivilzasiya tarixində öz adını qızıl hərflərlə həkk ediblər. Bu məişət səviyyəsində də özünü göstərir. Milyonlarla insan bu dünyaya gəlib gedir və onlardan yalnız bir neçəsi yadda qalır. Bu da onların öz həyat fəlsəfəsi və yeniliklər yaratması ilə şərtlənir.

Azərbaycanda kimsə təmtəraqlı bir toy edirsə və yaxud kimsə yanacaqdoldurma məntəqəsi tikirsə digəri onu kopyalayır. Ölkənin heç bir yerində fərqli nələrsə görə bilmirik. Bu o qədər azdır ki, insanlarımız da fərqliliyə açıq deyil və cəmiyyət belələrini sıxışdırır deyə hər kəs biri-birini kopyalamağa çalışır.

İstər çalışdığı işdə, istər ailədə və yaxud tikdiyi evdə, aldığı maşında fərqli insanları az görürük. Bu, xalqın genetik şifrəsində olan bəzi mədəni-məişət formasından qaynaqlanır.

Biz əvvəllər imperiyaların tərkibində olan toplum olmuşuq və onlar nə diktə edibsə ona meyilli olmuşuq. Özümüzdən nəsə müstəqil bir şey ortaya qoyan kimi imperiya işğalçıları baba-nənələrimizi sıxışdıraraq təzyiqə məruz qoyub.

1937- ci ilin siyasi repressiyalarında ziyalılar məhv edildi. Bu insanlar fərqli, yenilikçi, modern idilər və onlar ellə sürünmək istəmirdilər. Buna qarşı əlbəttə ki, yeni nəsil mübarizə aparmalıdır. Yenilikçilik dünyada həmişə maraqla qarşılanıb. Bəli, klassikaya hörmət edirik, mühafizəkarlığa sayğıyla yanaşırıq və ənənəyə sadiqik. Nağıllarda da dediyi kimi “Arxaya baxma, daşa dönərsən”. Biz həmişə önə baxmalıyıq.

Zatən Azərbaycan cəmiyyətində son illər qabaqcıl düşüncəyə meyillilik artıb. Amma hər bir yenilik təhsilə, elmə və texnologiyaya verilən xüsusi əhəmiyyətdən asılıdır. Əgər bizim intellektual səviyyəmiz yüksəkdirsə, fərqli olacağıq. Savadsız kütlə heç vaxt fərqli olmur və sürü psixologiyası ilə yaşayır. Amma savadlı, ağıllı və kreativ düşüncəli fərdlər fərqli nəsə ortaya qoyurlar. Bəli, toplum onları qəbul etmir. Lakin fakt odur ki, onlar yenilikçidir və cəmiyyətə verdiyi müsbət dəyərlər onları digərlərindən fərqləndirir.

Kütləvi düşüncə, ictimai-sosial həyatda təkrarçılıq cəmiyyətə yenilik gətirə bilməz. Ola bilər ki, təkrarçılıq hansısa məqamda lazımdır. Amma ümumən kütləvi düşüncə və hər kəs kimi yaşamaq düzgün deyil. Bunun qarşısını almaq üçün təhsili və dünyagörüşü artırmaq, dünyada olan texnologiyalarla tanışlıq, yenilikləri tətbiq etmək və yeni nəsli gələcəyə baxmağa çağırmaq lazımdır”.

Psixoloq Fidan Nizamova: “Bir-biri ilə rəqabət aparmaq, başqasını təkrarlamaq, kiməsə bənzəməyə çalışmaq bizim menatlitetdə də var. Burada yetərsizlik duyğusu da rol oynayır. Məsələn, insan özünü tam hiss etmədikdə, kompleksləri olduqda, başqalarının fikrindən asılı olduqda ona daim başqalarından geri qalmamaq lazımdır.

Bu metalitetimizdə də olduğu üçün uşaqlıqdan kimləsə müqayisə olunuruq. Məsələn, “Xalxın uşağı”, “Camaatın qızı və ya oğlu” və s. kimi deyimlər var ki, bu şüuraltımızda kiməsə bənzəmək ehtiyacı kimi qalır. Bu ehtiyaca o qədər öyrəşirik ki, artıq normaya çevrilir. “Kimsə etdisə, deməli, məndən üstün oldu”, “Mən də etməliyəm” düşüncəsi yaranır. Bu da özgüvənsizlik, başqalarına bənzəmək və onlardan nümunə götürmək deməkdir.

Çünki insan özü-özünə yetərli olduqda bu hisslərə ehtiyacı olmur. Yəni, əlində olanlarla kifayətləndikcə heç kimlə rəqabət aparmağa ehtiyac duymur. Ona görə də bunun əsas mənbəyi uşaqlığımız və eşitdiyimiz sözlərdir. Bu da zamanla bizim xasiyyətimizə dönməyə başlayır.

Çox yaxşı olardı ki, bu halların fərqinə varaq və bizdən sonrakı nəslə bu inancı ötürməyək. Biri buna dur deməlidir. Xırda-xırda bu ifadələr uşağın müəyyən yaşına kimi şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə