"Təzə Pir" məscidində qanvermə aksiyası keçirilib - FOTOREPORTAJ

"Təzə Pir" məscidində qanvermə aksiyası keçirilib - FOTOREPORTAJ

İslami qəməri təqvimdə birinci ay olan Məhərrəm ayının 10-cu günü Aşura günüdür. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının Kərbəlada qətl olunduğu gündür. Hər il ölkəmizdə Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir. Ölkədə qanvermə aksiyaları 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçirilir.

Qeyd edək ki, bu gün ilə əlaqədar olaraq gün ərzində Bakıda Xəzər rayonundakı Mirmövsüm Ağa ziyarətgahı, Nəsimi rayonundakı Göy məscid (mərasim zalı), Nizami rayonundakı Şah Abbas məscidi, Səbail rayonundakı Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonundakı Qaraçuxur məscidi və Yasamal rayonundakı “Təzə Pir” məscidində, bölgələrdə isə Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində qanvermə aksiyası keçiriləcək.

Hazırda Aşura günü ilə əlaqədar paytaxtın Yasamal rayonunda yerləşən Təzəpir məscidində qanvermə aksiyası həyata keçirilir. SİA olaraq qanvermə aksiyasında iştirak edən şəhər sakinlərinin fikirlərini öyrəndik:

Kamran Hüseynov: "Hər il mütəmadi olaraq qanvermə aksiyalarında iştirak etməyə çalışıram. Bu il də iştirak etdim. Özümü yaxşı hiss edirəm. Qanvermək həm də insanın özü üçün faydalıdır. Qanvermə aksiyasını ona görə keçirirlər ki, ehtiyacı olan, şəfa gözləyən uşaqlara, şəxslərə yardım edək. Mən də aksiyada iştirak edirəm ki, ehtiyacı olan insanlara yardım edim".

Elman Nurəliyev: "Qan vermək savabdır. Həm də Məhərrəmlik ayında qan vermək xüsusilə savabdır. Qan vermək insan orqanizminə də xeyirdir. Hər 4-6 aydan bir qan vermək insan üçün faydalıdır. Mən də çalışdığım qədər qanvermə aksiyasında iştirak edirəm. Hazırda öz növbəmi gözləyirəm".

Reyhan Məmmədova: " Hər il bu aksiyada iştirak edə bilməsəm də, çalışdığım qədər qan verirəm. Bu gün İmam Hüseynin və onun ailəsinin şəhid olduğu gündür. Bizim də torpaqlarımız uğrunda şəhidlərimiz öz canından keçiblər. Əgər mənim qanım bir yaralı əsgərə və ya xəstə bir uşağa şəfa olacaqsa, mən niyə qan verməyim".

Aydın Nəsirli: "Qanvermək könüllüdür. Amma faydası da çoxdur. Qan yenilənir. Demək olar ki, 5 il davamlı olaraq qan verirəm. Düşünürəm ki, bu mənim borcumdur və borcumu yerinə yetirməyə gəlmişəm. Allah yolunda qan vermək savabdır".

Nigar Məmmədova: " Allah yolunda qan vermək lazımdır. Qana ehtiyacı olan yüzlərlə insan var. Allah hər birinə şəfa versin. Şəhidlərimizə görə qan vermək bizim borcumuzdur. Allah hər kəsə kömək olsun. Qan verdim, özümü yaxşı hiss edirəm. Mütəmadi olaraq qan verirəm. Bu, həm də öz sağlamlığımız üçün xeyirdir".

Şahmar Sarıyev: "Biz Allah rizası üçün qan veririk. Kimin ehtiyacı varsa Allah onlara kömək olsun. Bizim də qanımızın bir faydası olacaqsa, nə gözəl. Allah dövlətimizi var eləsin. Hər il 1-2 dəfə qanvermə aksiyalarında iştirak edirəm".

Nuriyyə Ağayeva: " İki ildir mütəmadi qan verirəm. İnsanlar qan verməyə çəkinməsinlər. Onlar da aksiyada iştirak etsinlər. Xəstə uşaqlara, yaralı əsgərlərlərə kömək olaq, dəstək olaq. Çox gözəl bir aksiyadır. Ehtiyacı olan insanlara qan vermək lazımdır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə