Uşaqların bağçaya getməsi önəmlidir? - CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Uşaqların həyatında valideynin, nənə və babanın rolu olduqca böyükdür. Onların tərbiyəsində, şəxsi inkişafında valideynin rolu qədər bağçaların da təsiri böyükdür. Müasir dövrümüzdə ailədə hər iki valideyn işlədiyi zaman uşaqla çox az zaman keçirirlər. Bu da uşağın şəxsi inkişafına yaxşı təsir etmir. Bəs görəsən bağçaların uşağın şəxsi inkişafında rolu necədir? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Əzizə Nəsirova: “İndi çox evdə hər iki valideyn işləyir. Uşaqla çox az maraqlanırlar. Valideyni də qınamaq olmur. Onlar da həyat şəraitini yaxşılaşdırmaq üçün işləyirlər. Amma uşaqları da nəzarətsiz qoymaq olmaz. Bağça uşaq üçün vacibdir. Onların inkişafına müsbət şəkildə təsir edir”.

Şəhər sakini Esmiralda Həsənova: “Əlbəttə, uşaqları bağçaya qoymaq önəmlidir. Bu, onların həyatında böyük rol oynayır. Uşaqlar paylaşmağı, birgə işləməyi burada öyrənir. Həm də bağça uşağın gələcəkdə öz ayağı üstündə durmasına da kömək edəcək".

Şəhər sakini Əlibaba Məlikov: “Bu dövrdə uşaqlar ancaq telefona, televizora öyrəşiblər. Bu da uşaqları daha çox qapalı bir fərdə çevirir. Bağça ona görə yaxşıdır ki, uşaq həm zehni, həm də fiziki cəhətdən inkişaf edir”.

Şəhər sakini Günel Tahirova: "İndiki dövrdə uşaqlar bir az eqoist, özünəqapalı böyüyürlər. Heç kəslə oynamaq, danışmaq istəmirlər. Təbii ki, bu, bütün uşaqlara aid deyil. Bəzən də nənə-baba tərbiyəsi ilə böyüyən uşaqlar ərköyün olurlar. Bəzi ailələr bağçaya güvənmədikləri üçün uşağını bağçaya göndərmir. Bu da, əslində, normal bir fikirdir. Amma bağça uşağın həyatında böyük rol oynayır".

Şəhər sakini Yusif Ağayev: "Uşaqla hər zaman maraqlanmaq lazımdr. Onun psixologiyasını düşünmək lazımdır. Düşünürəm ki, bağça uşaqların həyatında böyük rol oynayır. Bununla yanaşı, digər məşğələlər də önəmlidir".

Şəhər sakini Tamam Əmiraslanova: "Uşaqlar bizim gələcəyimizdir. Onları gərək qoruyaq. Bağça uşaqların bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Burada uşaq ünsiyyət qurmağı, bölüşməyi, dost olmağı öyrənir. Ona görə də bağça çox önəmlidir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə