Artmaqda olan boşanmaların köklü səbəbləri nədir? - ARAŞDIRMA

Artmaqda olan boşanmaların köklü səbəbləri nədir? - ARAŞDIRMA

Hazırda dünyada ekstremizm, qarşıdurmalar ailə institutuna mənfi təsir göstərir, onu zəiflədir. Amma bununla belə, Azərbaycanda ailə institutu qorunub saxlanılır. Bu gün ailə institutuna təsir edən hallar var. Bəzi hallarda ailədə ünsiyyət problemləri, sosial-psixloji mühitin gərginliyi, erkən və qeyri-rəsmi nikah, məişət zorakılığı, uşaqların təhsildən yayınması ailənin zəifləməsinə, dağılmasına gətirib çıxarır. Amma bəzən də biz valideyn və uşaqların məsuliyyət hissinin zəif olması hallarına rast gəlirik. Çünki Azərbaycanda boşanma proseduru Avropa ailələrindən fərqli olaraq normal getmir. Avropada boşanmağa hazırlaşan əksər ailələrdə hər iki tərəf anlaşaraq normal ayrılır və ayrılandan sonra dünyaya gətirdikləri övladlarına analıq və atalıq borcunu yerinə yetirməyə davam edirlər. Çox vaxt öz övladlarını bir dost kimi birgə böyüdürlər. Amma bizdə boşanma zamanı iki nəsil çox vaxt düşmənə çevrilir. Qadın məkrindən övladını ərinə göstərmir, yaxud ər ondan güclü çıxıb uşağı alır və uşağı anasına göstərmir. Əslində bu, bizim ailə dəyərlərimizdən uzaq olan bir haldır. Lakin buna Avropa dəyərləri də demək olmaz. Cəmiyyət dəyişdikcə insanın psixologiyasına, həyat tərzinə sirayət edən müəyyən amillər yaranır ki, onların təsiri altında bu gün Azərbaycan cəmiyyətində mənfi hallar baş verir.

Ailə psixoloqu İlahə Dəmirbəy SİA-ya açıqlamasında kiçik bir model adlandırdığımız ailə dəyərlərindən danışıb.

Ailə institutu ümumiyyətlə bizim üçün nədir?

Bir çoxları üçün nəsil artımı düşüncəsidir. Nəslimi artırım və yaxud ailəm mənim üçün narahat olmasın kimi fikirləri ilə bu addımı atırlar. Bir çox valideynlər düşünür ki, övladım mütləq ailə qurmalıdır, uşaqları, əri olmalıdır, amma bu sadəcə cəmiyyətin insanlara öyrətim olmaqdır. Bu düşüncə ilə ailə quran insanların təbiidir ki, bir-biri ilə uzlaşma, anlaşma, çətin və yaxşı gündə anlamaq gözləntiləri fərqlidir. Maddi durumunu yaxşılaşdırmaq üçün, yaşayış yerini dəyişdirmək, ana-ata arasında yaranan problemlərdən qaçmaq üçün ailə quran gənclər də çoxdur. Bunu daha çox qızlara şamil etmək olar ki, ailə qurum ailədən qaçım deyə qərarlarını səhv verirlər. Evlənəndə də elə bir problemlərlə üzləşir ki, düşünür və keçmiş ailəm bura nisbətən daha yaxşı idi qənaətinə gəlirlər.

Belə ailələrin uşaqlara göstərdiyi ailə münasibətləri, ailə modeli düzgündürmü?

Təbii ki düzgün deyil. Amma biz uşaqları tamamilə də bu problemlərdən yad qoya bilmərik. Uşağın gözünün qarşısında söyüş, dava-dalaş olamamalıdır. Uşaq ən azından bilməlidir ki, ailədə hər hansı problem olur və o problem çözülür. Bəzən heçnə deməyəndə ana və ata boşanmaq qərarına gələndə uşaqlar daha böyük travma və çaşqınlıq yaşayırlar ki, hər şey çox gözəl idi, amma anam atam birdən-birə boşanma qərarını verdi. Bu onlara daha çox təsir göstərir, nəinki ana ata bəzi problemlər olandan sonra uşaqlara bizim aramızda belə bir problem oldu, narahatçılıq oldu amma narahat olmayın məsələni həll etdik kimi fikirləri ilə anlatmaq lazımdır. Bəzən ailələrdə olur qadın və ya kişi uşağıma görə dözürəm, heç nə demirəm, övladlarım olmasa çıxıb gedərəm kimi düşüncə altında ömür sürür. Bu da kökündən yanlış məsələdir. Belə hallarda hər iki tərəflə danışıb məsələni həll etmək lazımdır. Çünki belə bir ailədə, mühitdə böyüyən uşaq sağlam psixologiyaya sahib olmayacaq. Həmçinin uşaqların bir-biri ilə ünsiyyəti, bir-birinə olan münasibəti onların gələcək həyatında bir ana obrazı olaraq, bir ata obrazı olaraq öz valideynləri kimi bir avtoportireti yaradır ki, artıq özü də istəməsə belə, zamanla beynində yaratdığı həmin avtoportiret özünü göstərəcəkdir.

Belə ailələrdə böyüyən uşaqların cəmiyyətdə yer tutmasına nə kimi təsirləri ola bilər?

Cəmiyyətdə yer tutmasını sırf ailə ilə əlaqələndirmək olmaz. Təbii öncədən hər şey ailədən başlayır. Əlbəttə ki, həmin ailə dediyimiz mikro mühitdə nə tərbiyə almışıqsa, nə travmalardan keçmişiksə biz sabah makro mühitə çıxdıqda, ora inteqrasiya zamanı tətbiq etməyə başlayırıq. Bəzən bu birmənalı qarşılanmır. Təbii burada problem də ola bilər.

Bəs bu halların qarşısını necə ala bilərik?

Qarşısını almaq üçün çox qlobal bir məsələlər ortaya çıxmalıdır. Məsələn bir gənc ailə qurarkən o ailə qurmağa hazırdımı sualını həmin insana verməliyik. İstər qadın, istər kişi. Həmçinin özləri bir-biri ilə tanış olduqdan sonra bir il ərzində ailə psixoloqu həmin fərdlərlə işləməlidir. Onların həqiqətən ailə qurma məsuliyyəti varmı-yoxmu bir birinə qarşı fikirləri düşüncələri nədir kimi sualları diqqətlə düşünərək cavablandırmalıdır.

Sosioloq, jurnalist Lalə Mehralı isə qeyd edir. Təəssüf ki, ölkəmizdə boşananlar bir-birinə qarşı o qədər aqressiv olurlar ki, aralarında sonradan bərpa olunmayacaq dərəcədə soyuqluq yaranır. Daha sonra övladlarına görə bir araya gəlmək lazım olanda görüşməyə heç biri cəsarət eləmir. Cütlüklər boşananda elə boşanmalıdır ki, övladlarının problemləri zamanı ortaq məxrəcə gələ bilsinlər. Ər arvaddan və yaxud arvad ərindən boşananda onlardan heç biri övladlarından boşanmamalıdır. Çox təssüflər olsun ki, bizim ölkəmizdə boşanan ailələr bunu dərk eləmir. Parçalanmış ailələrdə olan uşaqların psixoloji vəziyyəti ürək açan olmur. Çünki hər iki tərəf daima bir-birinə qarşı mənfi fikirlər söyləyir, hər ikisi övladının qarşısında digərini hörmətdən salmağa çalışır və bu da təbii ki, təsirsiz ötüşmür. Uşağın cəmiyyətə adaptasiyasında öz izini buraxır. Yəni həmin övladlar da problemlemli münasibətlər qurur və ya cəmiyyətə tam şəkildə adaptasiya oluna bilmirlər. Həmçinin də problemli münasibətlərə, zərərli vərdişlərə meyilli olurlar. Belə münaqişələri mühitdən çıxıb o səddi yıxa bilən uşaqlar da olur ki, onlar cəmiyyətdə, təhsildə yaxşı yer tuta bilirlər. Təbii ki, iradədən də çox şey asılıdır.

Valideynlər münasibətlərinin yaxşı mənada bərpa edilməsini qeyri-mümkün sayırsa tamamilə kəsmək qərarına gəlirlər. Bəzən də sığınacağa qoyulan uşaqlara valideynləri görüşməyə qoymurlar. Təəssüflər olsun ki, bəzi valideyn-uşaq münasibətləri toksik olur və bununda həmin uşaqların gələcək həyatında mənfi təsirləri özünü daha çox biruzə verir. Həmin uşaqlar vaxtında həkim, psixoloq qəbuluna getməli və gələcəyi üçün nə kimi təhlükələr varsa hamısını aradan qaldırmalıdır. Hesab edirəm ki, bu yöndə gedən işlər, ayrı-ayrı sığınacaqlar tərəfindən qənaətbəxşdir. Amma Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin işi zəif və yaxud bir qədər kölgədə qalır. Ola bilər iş görürlər cəmiyyəti və ya mətbuatı xəbər etmirlər. Bu kimi işlər görəndə hesabatları geniş şəkildə məlumatlandırmalıdır.

Vəkil Türkel Süleymanlı açıqlamasında son illərdə ölkəmizdə ailə institutunun öz əhəmiyyətini itirməyə başladığını deyib. O qeyd edib ki, ailəni təşkil edən tərəflər maddi məsələlərə daha çox üstünlük verirlər. Vəkil boşanma sayının artmasının səbəblərindən biri kimi cəmiyyətdəki ümumi gərginliyi, insanlarda dözümsüzlüyün yaranmasını göstərib. Digər səbəb isə maddiyyat çatışmazlığıdır. Ümumiyyətlə, 2010-cu ildən etibarən boşanmaların sayının ilbəil artması nəzərə çarpır. Belə ki, 2010-cu ildə 9 min 61 boşanma qeydə alınmışdısa, sonrakı illərdə biz bu rəqəmlərin daha da artmasının şahidi oluruq.

Hər il Azərbaycanda nikahların 12-13 faizi boşanma ilə nəticələnir. Avropa dövlətlərində bu rəqəm 35-45 faizdir. ABŞ-ın bəzi ştatlarında boşanmalar 70 faiz, bəzilərində isə 45-50 faizdir. Ölkəmizdə hər il təxminən 170 min əhali doğulur, 80 min nikah bağlanır və təxminən 12 min boşanma faktı baş verir. Lakin Azərbaycanda boşanmaların səbəblərinə diqqət yetirsək görərik ki, bu səbəblər gələcəkdə aktual problemə çevrilə bilər.
Yaxşı olar ki, boşanma zamanı uşaqlar psixoloji dəstək alsın. 12 yaşdan sonrakı korreksiya çox əziyyətlidir, amma mümkünsüz deyil. Natamam ailələrdə uşaqlar gələcəkdə özləri də ailə qurmaqdan qaçırlar. Ailə Məcəlləsinə görə, əgər tərəflər arasında əmlak mübahisəsi yoxdursa, uşaqları yoxdursa, yerli icra orqanına boşanmaq barədə ərizə verdikdən bir ay ərzində boşanma gerçəkləşir. Amma tərəflər arasında əmlak mübahisəsi və uşaq varsa, razılığa gəldikləri halda bir aya boşanırlar, razılıq əldə edilmirsə, məhkəmə onlara barışıq üçün 3 ay möhlət verir. Azərbaycanda maariflənmə işi gücləndirilməlidir, risk altında olan, yəni zorakılıq faktı baş verən ailələr diqqət mərkəzində olmalıdır. Qanunvericilikdə də təkmilləşdirmə işi aparılmalıdır.

Müəllif: Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə