“Qərbi Azərbaycan İcması” adı təşkilat yarandı

“Qərbi Azərbaycan İcması” adı təşkilat yarandı

Bu gün “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin ümumi yığıncağı keçirilib. SİA xəbər verir ki, yığıncağın gündəliyinə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili), “Qərbi Azərbaycan İcması”nın Nizamnaməsinin təsdiq olunması, “Qərbi Azərbaycan İcması”nın İdarə Heyəti, Müşahidə Şurası və Nəzarət-Təftiş Komissiyasının üzvlərinin və sədrlərinin seçilməsi məsələləri daxil edilib.

Səsvermə nəticəsində “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub.

İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Bu məqsədlə İcmanın vəzifələri və hüquqları müəyyən edilib.

Eyni zamanda İcmanın İdarə Heyəti, Müşahidə Şurası və Nəzarət-Təftiş Komissiyasının üzvləri və rəhbərləri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə