"Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində mühüm irəliləyişlərə nail olunur. Son 4 ildə də minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 51 faiz, median əməkhaqqı 86 faiz, minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 75 faiz, yaşa görə orta aylıq pensiya 70 faiz, illik əməkhaqqı fondu 2,2 dəfə artıb. Ümumilikdə son 3 ildə aparılan sosial islahatlar 4 milyon nəfəri əhatə edib və bu islahatlar üçün əlavə illik maliyyə dəyəri 6 milyard manat (təqribən 3,5 milyard ABŞ dolları) olan 3 sosial islahat paket həyata keçirilib". Bu sözləri SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasətində şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi başlıca prioritetlərdən biridir: "Dövlət başçısının bu kateqoriyalardan olan vətəndaşlara xüsusi qayğısı onların sosial müdafiəsi sahəsində ardıcıl olaraq mühüm addımların atılmasına imkan verib. Möhtəşəm Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı çox geniş tədbirləri əhatə edən sosial dəstək paketi artıq 100 mindən çox insanı əhatə edərək onlara 193 min dəstək xidməti göstərilib. Bu paket çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min şəxsə e-sistem üzərindən proaktiv qaydada 104 min sosial ödəniş təyin olunub. 44 günlük Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" adı verilərək Prezidentin aylıq təqaüdü təyin olunub. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. 2021-ci ildə şəhid ailələri və müharibə əlillərin 3 il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil və fərdi evin verilməsi proqramı icra olunub. 44 günlük Vətən müharibəsindən sonra 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib. Növbəti iki ayda daha 500 mənzil və fərdi ev onlara veriləcək. Son 4 ildə də 1500-dək, postmüharibə dövründə 264 nəfər, 2022-ci ilin ilk yarımilində 100 nəfər, ümumilikdə ötən dövrdə 7450 nəfər müharibə əlilinə minik avtomobili verilib. Reabilitasiya müəssisələri son 4 ildə müasir tələblərə uyğun qurulub, qazilərin reabilitasiyası üçün müasir şərait yaradılıb. Postmüharibə dövründə də 1456 müharibə əlilinə 21 min reabilitasiya vasitəsi verilib, 5 min ailə sosial-psixoloji, 2506 qazimiz reabilitasiya xidmətləri ilə təmin edilib. Şəhid ailəsi üzvü, müharibə əlili və Vətən müharibəsi iştirakçısı olan 8 min şəxs özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfat və müəssisələri yaradılıb, 5400 şəxs isə münasib işlə təmin olunub. Dövlət başçısının müvafiq Fərmanı ilə 2021-ci ildə yaradılan vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 41 mindən çox şəxsə müxtəlif qurumlara aid 26 istiqamət üzrə “bir pəncərə”dən operativ və şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında xidmətlər göstərilib. Vətən müharibəsinin 200 hərbçisi, habelə əvvəlki Qarabağ müharibəsi əlillərindən 130 nəfər, ümumilikdə 330 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunub. Son 4 ildə şəhid ailələri üçün Prezidentin aylıq təqaüdlərinin məbləği 2,3 dəfə, müharibə əlillərinə Prezidentin aylıq təqaüdü orta hesabla 2,5 dəfə, müharibə əlillərinə müavinət d orta hesabla 2 dəfədən çox artırılıb. 2021-ci il yanvarın 1-dən Vətən müharibəsi Qəhrəmanlarına Prezidentin təqaüdü, 2022-ci il yanvarın 1-dən isə Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü təsis olunub. Hələ 2019-2020-ci illərdə mühüm sosial proqram - 1997-ci il avqustun 2-dək olan dövrdə şəhid olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri birdəfəlik ödəmə ilə təmin edilməsi proqramıicra edilib. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə bu gün növbəti mühüm sosial dəstək proqramına – I Qarabağ müharibəsində iştirak etmiş və sağlamlığını itirmiş, ümumilikdə 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlanıb. Proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir və müharibə əlillərinə daha bir qayğını əks etdirir. Proqram üzrə artıq 11 min şəxsə e-sistem üzərindən proaktivqaydada (heç bir quruma müraciət etmədən) ödəmə təyin olunaraq bank hesablarına köçürülüb. Onların sırasına həmin dövrədək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olanlar aiddir. Birdəfəlik ödəmənin məbləği I dərəcə əlilliyə görə 8 800 manat, II dərəcə əlilliyə görə 6 600 manat, III dərəcə əlilliyə görə 4 400 manat təşkil edir. Birdəfəlik ödəmə təyin olunmuş şəxslər bu barədə məlumatı nazirliyin sosial.gov.az saytındakı “Müharibə əlillərinə birdəfəlik ödəmə” pəncərəsinə daxil olaraq da əldə edə bilərlər. Bununla yanaşı, e-sistemlərdə, habelə müvafiq arxivlərdə aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün elektron qaydada ödəmə təyin edilməyən şəxslər 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarətlə bağlı sənədin elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına və ya həkim-uçuş komissiyasına müraciət etməlidir. Bu sənəd aidiyyəti e-sistemə daxil edildikdən sonra ərizə, şəxsiyyət vəsiqəsi və əlilliyin 1997-ci il avqustun 2-dək olan xidmət dövrü ilə bağlı təyin edildiyinə dair TSEK qərarı (müayinə aktından çıxarış) ilə DOST mərkəzlərinə, vahid əlaqələndirmə mərkəzlərinə və ya DSMF-nin yerli bölmələrinə müraciət etməlidirlər. Əgər birdəfəlik ödəmə almaq hüququ olan şəxs vəfat edibsə, vərəsələrinə birdəfəlik ödəmə veriləcək. Vəfat edən şəxsin adı sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxırsa, həmin şəxsin vərəsəsi (vərəsələri) notariat orqanına müraciət edib vərəsəlik şəhadətnaməsini almalıdır. Vərəsəlik şəhadətnaməsi verildikdə bu barədə notariat orqanı tərəfindən nazirliyin e-sisteminə məlumat daxil olacaq və vərəsəyə proaktiv ödəniş həyata keçiriləcək. Əgər vəfat edən şəxsin adı sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxmadıqda xəsarətlə bağlı sənədin e-sistemə daxil edilməsi üçün vərəsələr vəfat etmiş şəxsin xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına və ya həkim-uçuş komissiyasına müraciət etməlidirlər. Sənəd daxil edildikdən sonra əgər vəfat etmiş şəxsin əlilliyinə dair e-sistemdə məlumat varsa, notariat orqanından alınmış vərəsəlik şəhadətnaməsi əsasında vərəsəyə dərhal proaktivtəyinat həyata keçiriləcək, ona bu barədə məlumat veriləcək. Əlilliyə dair e-sistemdə məlumat olmadıqda isə ərizə, birdəfəlik ödəmə almaq hüququ olmuş hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının ölüm haqqında şəhadətnaməsi, vərəsəlik şəhadətnaməsi, vərəsənin şəxsiyyət vəsiqəsi, vəfat etmiş şəxsə vaxtilə təyin edilmiş əlilliyin 1997-ci il avqustun 2-dək olan hərbi xidmət dövrü ilə əlaqədar olmasına dair TSEK qərarı (müayinə aktından çıxarış) DOST mərkəzlərinə, vahid əlaqələndirmə mərkəzlərinə və ya DSMF-nin yerli bölmələrinə təqdim edilməlidir. Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə verilməsi bu kateqoriyadan olanlara dövlət qayğısının növbəti təcəssümüdür və şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial dəstək proqramlarının uğurla davam etdirildiyini təsdiq edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB