İqlim dəyişikliyinin səbəbləri və nəticələri - ARAŞDIRMA

İqlim dəyişikliyinin səbəbləri və nəticələri - ARAŞDIRMA

Qalıq yanacaqlar - kömür, neft və qaz - qlobal iqlim dəyişikliyinə ən böyük töhfə verənlərdir. Qlobal istixana qazı emissiyalarının 75 faizindən çoxunu və bütün karbon qazı emissiyalarının təxminən 90 faizini təşkil edir. Bu qlobal istiləşməyə və iqlim dəyişikliyinə gətirib çıxarır. Planetimiz hazırda bəşər tarixinin istənilən vaxtından daha sürətlə istiləşir və normal təbii tarazlığı pozur. Bu, insanlar və Yerdəki bütün digər həyat formaları üçün bir çox risklər yaradır.

Ümumiyyətlə qəbul edilir ki, istixana qazları qlobal istiləşmənin əsas səbəbidir. İstixana qazları Yerin iqlim tarixini anlamaq üçün də vacibdir. Araşdırmalara görə, istixana qazlarının saxladığı istilik enerjisi ilə atmosferin istiləşməsi nəticəsində yaranan istixana effekti Yerin temperaturunu tənzimləyən əsas prosesdir.

Günəş iqlim sistemində əsas istilik mənbəyidir. Yer səthində istiliyə çevrilən günəş enerjisi Yerin iqlimini formalaşdıran ayrılmaz tərkib hissəsidir. Uzun müddət nəzərə alsaq, bu çərçivədə Günəş əsas ardıcıllıqla inkişaf etdiyi üçün daha parlaq olur və daha çox enerji buraxır. Bu inkişaf yer atmosferinə də təsir edir.
Günəş aktivliyinin dəyişməsi Kiçik Buz Dövrünün başlanmasında, eləcə də 1900-1950-ci illər arasında müşahidə edilən bəzi istiləşmələrdə mühüm amil hesab olunur. Günəş fəaliyyətinin tsiklik təbiəti hələ tam başa düşülməyib.

İqlimə təsir baxımından Yerin orbitindəki dəyişikliklər günəş aktivliyindəki dalğalanmalara bənzəyir, çünki orbitin mövqeyində kiçik sapmalar günəş radiasiyasının Yer səthində yenidən paylanmasına səbəb olur. Orbitin mövqeyində belə dəyişikliklərə Milankoviç dövrləri deyilir, onlar Yerin, Ayın peykinin və digər planetlərin fiziki qarşılıqlı təsirinin nəticəsi olduğu üçün yüksək dəqiqliklə proqnozlaşdırıla bilir. Orbital dəyişikliklər son buz dövrünün buzlaq və buzlaqlararası dövrlərinin növbələşməsinin əsas səbəbləri hesab olunur.

İqlim dəyişikliyi prosesi geri dönməzdir və daha da pisləşəcəyi progonozlaşdırılıb. Bu nəticə BMT-nin 9 avqust 2021-ci ildə təqdim etdiyi hesabatdan gəlir. Mütəxəssislər bu problemin yaxın onilliklərdə artacağını və bunun ilk növbədə kənd təsərrüfatı və səhiyyəyə mənfi təsir edəcəyini proqnozlaşdırırlar.

İqlim dəyişikliyi orta iqlim göstəricilərinin, yəni havanın temperaturu və yağıntının dəyişdiyi bir prosesdir. İqlim dəyişikliyinə həm də quraqlıq, şiddətli tufanlar, daşqınlar kimi anomaliyalar, yəni bu gün müşahidə etdiyimiz bütün ekstremal vəziyyətlər daxildir.

1815-ci ildə İndoneziyada Tambora vulkanının fəlakətli partlayışı növbəti üç il ərzində bütün dünyada havanın temperaturunun azalmasına səbəb olmuşdur.1991-ci ildə Filippində Pinatubo vulkanının püskürməsi, əhəmiyyətli miqdarda kül emissiyası ilə müşayiət olunan, iqlimşünaslıq nöqteyi-nəzərindən əsrin ən mühüm püskürməsidir. Püskürməsindən sonra iki il ərzində havanın temperaturu aşağı düşdü və 1992-ci ildə qlobal orta temperaturun sapması mənfi 0,4-0,6 °C olmuşdur. Beləliklə, yalnız bir püskürmənin təsiri cari əsrdə qlobal istixana effekti ilə müqayisə edilə bilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafik Verdiyev SİA-ya açıqlamasında bildirib ki, son otuz il ərzində baş verən iqlim dəyişikləri bir çox problemlərin üzə çıxmasına səbəb olub. Xüsusilə qlobal səviyyədə istiləşmə artır, şimal ərazilərdə buzlaqların əriməsi, intensiv yağışların artması və nəticədə sahilyanı ərazilərin su altında qalması, təsərrüfata, insan sağlamlığına ziyan vurması və s. digər quraq ərazilərdə isə səhralaşma, quraqlığın düşməsi, su çatışmamazlığı problemi kənd təsərrüfatı məhsulların azalmasına gətirib çıxarır. Eyni zamanda təhlükəli hidrometoloji hadisələrin baş verməsi və ampermetodun da yüksəlməsinə səbəb olur. Xüsusilə də 40 dərəcədən yüksək hava kütlələri, küləklərin artması get-gedə artmaqdadır. İqlim dəyişikliklərin özünə gəldikdə isə yaranmasının əsas səbəbi atmosferə buraxılan parnik qazlarının miqdarının artmasıdır ki, nəticədə də qloblar istiləşmə get-gedə özünü daha çox biruzə verməyə başlayır. Son on ildə temperatur 1,5 dərəcə artıb. Heç olmasa temperaturu bu səviyyədə saxlamaq lazımdır ki daha da artmasın. Buna görə də dövlətlər beynəlxalq tədbirlərdə yığışıb öhdəlik götürüblər ki, öz ölkələrində sənayedə atmosferə buraxılan qazları tələb olunan miqdarda azaltsınlar. Bu dəyişmələrin də sürəti və hüdudu azalsın. Təssüflər olsun ki, həmin öhdəliklərə hələ də tam əməl olunmur və bu proseslər davam edir. Azərbaycanda da bildiyimiz kimi həm su qıtlığı, həm quraqlıq hadisələri son vaxtlar daha çox artmaqdadır. Əlbəttə ki, dövlət tərəfindən bu sahədə işlər aparılır, xüsusilə su ilə bağlı, alternativ su mənbələrdən istifadə, su infstrakturunda itkilərin qarşısının alınması, suvarmada müasir texnologiyanın tətbiqi və s. tədbirlər dövlət proqramlarında icra olunmaqdadır. Bundan başqa 2022-ci ildə Dövlət Su Komissiyası yaradılıb. Eyni zamanda Milli Su Strategiyası yaradılıb ki burada da qısa, orta və uzunmüddətli dövrlər ərzində su sahələrinin mühafizəsi onlardan səmərəli istifadə tədbirləri görmək nəzərdə tutulur.

"Biosfer" İctimail Birliyinin sədri Qorxmaz İbrahimli isə bildirir ki, son onilliklərdə atmosferdəki təbii proseslərdə ciddi bir dəyişikliklər qeydə alınmayıb. Çünki on il aralıqda baş vermiş müxtəlif təbiət hadisələri dəyişikliklər demək deyil. Əgər on ildə bu və ya digər bir dəyişikliklər olarsa, dünya öz ömrünü necə deyərlər, çoxdan başa vurardı. Atmosferdə daim proseslər gedir. Eləcə də qalaktikamızda davamlı hadisələr baş verməkdədir. Yüz və daha çox illər arasında müxtəlif dəyişikliklər qeydə alınır. Ancaq dünyada müxtəlif atmosfer və digər proseslər əsasən 19-cu yüz ildən başlayaraq qlobal qeydiyyata alındığından bu dəyişikliklər haqqında bilgilərin də yaşı çox qədim deyil. Sadəcə dağıdıcı zəlzələlər, vulkanlar arxivləşdirilmişdir. Leysan və digər atmosfer hadisələri də ayrı-ayrılıqda haralardasa baş verərkən not alınmış ola bilər.

Demək, söhbət qlobal istiləşmə və ona səbəb olan amillərdən gedə bilər. Qlobal istiləşmə isə 1800-cü illərdə qeydə alınmış orta hərarətdən bir dərəcə üstündə yüksək olduğu alimlər tərəfindən isbatlanıb.
Əgər qlobal istiləşməni gözə alsaq, deyə bilərik ki, son yüz ildə atmosfer qatında ciddi dəyişikliklər olub. Əlbəttə bu dəyişikliklər biomüxtəlifliyə də təsirsiz ötüşmür. Dəyişikliklərin səbəbi isə birinci növbədə atmosferdə karbon missiyasının xüsusi çəkisinin artması ilə bağlıdır. Karbon dioksidin artma səbəbi isə sənayenin plansız inkişafı, tullantıların çəkisinin artması və s.-dir. Bununla bağlı çoxlu səbəblər göstərmək olar. O cümlədən müharibələri də əlavə edə bilərik ki, 20-ci əsrdə iki Cahan savaşı olub.

Atmosferdə baş verən dəyişikliklər insanın təsiri olmazsa, heç bir təhlükə yaratmır. Dərd insanın sayəsində baş verən dəyişikliklərdir ki, onu durdurmaq çox çətindir. Buna baxmayaraq böyük dövlətlər və BMT təbiətin qorunmasını maksimum təmin edə bilmək üçün müxtəlif beynəlxalq sənədlər imzalayıblar. Kioto protokolu, Paris anlaşması bunlara misal ola bilər. Lakin elə atmosferə zərərli maddələrin daha çox atılması da dediyimiz böyük, inkişaf etmiş dövlətlərdən olur.

Bir kərə atmosferdə gedən proseslərin qarşısını heç bir güclə almaq olmaz. Lakin insanın təsərrüfat fəaliyyəti sayəsində Yer kürəsində gedən proseslər atmosferdə dəyişikliklərə səbəb olmaqdadır. Qarşısını almaq deyil, prosesi qismən zəiflətmək üçün ən azından karbon emissiyasının azaldılması ilə istiləşməni qismən azaltmaq olar. Onun da sayəsində quraqlıq və ya anomal yağıntıların düşməsi kimi məsələlərdə cüzi dəyişikliklər ola bilər. Hər şeydən öncə insan oğlu Tanrının verdiyi bu gözəllik və ehtiyatların bir gün bitmə ehtimalı olduğunu bilməlidir. Bu isə çağımızda olmasa da min il sonra baş verə bilər. Olmaması üçün əllərimizdən gələnləri etməliyik. Birinci növbədə insanlar çevrəni çirkləndirməkdən çəkinməlidirlər. İsrafçılıqdan qaçmalıdırlar. Su öndə olmaqla bütün istehlak məhsullarını qənaətlə tükətməlidirlər. Ayrıca götürsək, ölkəmizdə qlobal istiləşmə, qıtlıq, səhralaşma və s. kimi problemlərin qismən önlənməsi üçün qərarlar alınmaqdadır.

"İqlim ehtiyyatlarından kənd təsərrüfatı istehsalında səmərəli istifadə məsələsi ərzaq problemini həll etmək üçün qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir". Bu fikirləri kimya elmləri üzrə fəlsəfə doktoru, ekoloq Sadiq Həsənov qeyd edib.

Onu həyata keçirmək üçün ərazimizin xüsusiyyətlərini dərindən öyrənmək, kənd təsərrüfatının daha səmərəli və sürətli inkişafını təmin edən potensial imkanları aşkara çıxarmaq tələb olunur.
Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artmışdır. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son on illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artmışdır.

Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmiş və ölkə Prezidenti tərəfindən imzalanmışdır. Paris sazişi isə 2016-cı ilin aprelində imzalanmış və 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunmuşdur. Paris sazişinə əsasən Azərbaycan Respublikası Nəzərdə Tutulan Milli Səviyyədə Müəyyən edilmiş Töhfələrini Konvensiya Katibliyinə təqdim etmiş və qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili ilə (1990) müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35% azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürmüşdür.

Müəllif: Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə