Bir uşağın monoloqu BAXIŞ BUCAĞI

Bir uşağın monoloqu BAXIŞ BUCAĞI

Əziz anam və atam. Hər hansı bir səhvim üçün daim məni danlayır, günahlandırır, cəzalandırır, bəzən də sillə vurursunuz. Nə üçün bütün səhvlərim üçün məni günahkar hesab edirsiniz? Siz məni cəzalandırdıqca mən düşünürəm. Nəyi səhv, nəyi düz etdiyimi götür-qoy edirəm. Və bu qənaətə gəlirəm ki, səhvlərimin hamısı üçün cəzalandırılmalı deyiləm. Çünki o səhvləri etməyimdə sizin də payınız var. Siz düşünürsünüz ki, necə olursa-olsun mən əsla səhv etməməliyəm, lakin bu, belə deyil. Onu da düşünün ki, mən nə üçün səhv edirəm? Siz bunu heç vaxt nəzərə almadığınız üçün cəzalandırılan tək mən oluram.

Cığırlarla yollara...

Uşaqlar çığır, valideynlər yoldur. Bizi sizin yanınıza o cığırlar gətirir. Bu cığırlardan maneəsiz, yıxılmadan, dizlərimizə daş batmadan keçməyimizə köməklik göstərirsinizsə, biz sizin yanınıza-o yola rahat çata bilirik. Yox, əgər o cığırlarda yıxılıb qalxmaqdan, yaralar almaqdan beziriksə, təbii ki, sizin yanınıza-o yola çatanda yorğunluqdan sizi incidəcəyik. Siz də istər-istəməz narahat olacaq, bizim acılarımız həyatınızın acısına çevriləcək.

O yola çatmaq hər uşaq üçün çətindir. Bəlkə də həyatındakı ən çətin dövrdür. O cığırlarla irəliləmək sizsiz olmur, mənim atam, mənim anam. Sizin əlinizdən tutub yıxılmadan keçmək istəyirəm o cığırları. O yolun başlanğıcından sonunadək sizi yanımda görmək istəyirəm. Yorulduğumda sizə sığınmaq, qorxduğumda atamın yanımda olmasından güc almaq, acdığımda tələbatımı ödəmənizi istəyirəm. O cığırları sizinlə keçmək həyat dərsidir. O dərsi siz mənə öyrətdikcə deməli, o böyük yola çıxanda səhvim də ola bilməz... Lakin mən cığırlardan sizinlə birlikdə keçə bilirəmmi?

Uşaqlar parklara, mən bağçaya...

Ana, gəl bir az söhbət edək. Məni səhər-səhər bağçaya aparanda eyni mən yaşda olan uşaqlar hələ səhərin şirin yuxusunda olurdular. Onların anaları evdə səssizlik yaradırdı ki, balam səhərin yuxusunu daha şirin yatsın. Sənsə televizorun səsini bir az da qaldırırdın ki, mən yuxudan oyanam və bağça saatına yetişək.

Axı sən işləmirdin də, nə üçün məni yanında istəmirdin, aparıb bağçaya qoyurdun? Mən səni çoxmu incidirdim, ana? Nə üçün qonşu uşaqların anaları onları təmiz havaya gəzintiyə çıxaranda mən bağça divarları arasında yad insanların nəzarətində olmalıydım? Mən də onlar kimi səhərin şirin yuxusunu yatmaq, sonra sənin ahəstə nəvazişlərinlə oyanmaq, yemək, gəzintiyə çıxmaq, günəşin zərrin şüalarından pay almaq istəyirdim. Səninlə olmaq istəyirdim, səninlə bir yerdə.

Sənə qonşular sual da verirdilər, yadındamı? Deyirdilər ki, işləmirsən, nə üçün bu uşağı bağçaya qoyursan? Necə qıyıb onu sübh çağında yuxudan oyadırsan? Sən də cavab verirdin ki, nə olsun işləmirəm, bağça uşağı daha yaxşı tərbiyə edir.

Sənin məni bağçaya qoymaq səbəbin telefon və televizor idi. Axşamadək televizorda seriallara baxır, onlar bitəndə isə telefonla məşğul olurdun. Mən özümü bulayanda, acıb ağlayanda məcburən ayağa qalxıb tez-tələsik bunları həll edib yenidən öz məşğuliyyətlərinə qayıdırdın. Məni bağçaya aparacağını bilirdim. Çünki mən sənə çox mane olurdum.

Karyera və mən

Çox keçmədi ki, işləməyə başladın. O vaxt bağça ilə bağlı ümidlərim birdəfəlik məhv oldu. Düşünürdüm ki, bəlkə aradabir insafa gəlib məni bağçaya qoymazsan. Lakin sən işə düzələndən sonra anladım ki, yanılmışam. Yadında, nənəmgil dedilər ki, uşaq balacadır, qoy bir az böyüsün, sonra işləyərsən. Sən də dedin ki, uşağı onsuz da bağça saxlayır da. Evdə oturub telefonla oynayınca barı işə gedim.

Ana, sən işləyəndən sonra mən səni əvvəlkindən də az-az görməyə başladım. Çox keçmədi ki, bir adam tutub məni bağçaya aparıb-gətirməyi, axşamlar sən işdən gec qayıdanda onun mənə baxmasını tapşırdın. Bilirsən, o mənim üstümə necə çığırırdı? Qorxumdan divanın arxasına qısılırdım. Sən məni bağçaya aparanda ora getmək istəmirdim, səninlə qalmaq istəyirdim. Ən azından sən mənə onun qədər çığırmırdın. Amma o qadın gələndən bağçanı sevməyə başladım. Çünki onunla bir yerdə qalmaq məni çox sıxırdı.

Beləliklə, düz məktəbə-birinci sinfə gedənədək bu cür yaşamalı oldum. Atamla səni görəndə elə bilirdim üzümə günəş doğur. Amma sizi o qədər az-az görürdüm ki, günəşsiz-işıqsız qaldığımı hiss edirdim.

Ev və bağça... Mənim həyatım bu iki ünvan arasında idi. Başqa uşaqlardan fərqli olaraq parklar, gəzintilər, oyunlar məndən çox uzaqlarda idi.

Siz vəzifələriniz artdıqca, demək olar ki, məni tamamilə unudurdunuz. Səhər siz evdən çıxanda da, axşam evə qayıdanda da mən yuxuda olurdum. Beləliklə siz məni, mən də sizi görmürdüm. Siz karyera arxasında, mən də miskin uşaqlığımı özüməməxsus şəkildə yaşamaqdaydım...

Məktəb də eynilə bağça kimi...

Bağçanı bitirəndə o qədər sevinmişdim ki... Düşünürdüm ki, bağça bitdi, ta o qadın həyatımdan çıxar, sizinlə birlikdə olaram, əziz anam, atam... Lakin nə qədər yanıldığımı bir neçə ay sonra, məktəbə yollananda anladım. Məktəbə yaşıdlarımı ya anası, ya da atası gətirirdi, həm də dərsdən sonra aparmağa gəlirdilər. Məni isə indi başqa bir qadın aparır, gətirirdi. Dərslərimlə də o, məşğul olurdu. Hərfləri yeni öyrənməyə başlamışdıq. Çox çətinliklə yazırdım. Dəfələrlə o qadın əlimdən qələmi alıb barmaqlarıma çırpıb ki, düz yaz da...

Lakin sinif yoldaşımın anası dərsinə gəlmişdi. Müəllim də bizə hərf yazdırırdı. O uşaq yaza bilmirdi, anası qələmi əlindən aldı, onun əllərindən öpdü, sonra qələmi ikisi bir yerdə tutdular və anası dedi ki, ana qurban, bax, belə yaz...

Uşaqlar tez-tez sinifdə ana-atalarından söhbət açırdılar, gəzdikləri yerlərdən, gördüklərindən danışırdılar. Mənimsə onlara qulaq asmaqdan başqa deyəcəyim söz yox idi. Hamı sinifdə elə bilirdi ki, mənim danışmaqdan xoşum gəlmir, ta bilmirdilər ki, danışmağa sözüm yoxdur.

Atamı çox gözlədim

Məktəbdə şahmat yarışı olmuşdu. Mən qalıb gəlmişdim. Birinci yerə çıxdığım üçün mənə tərifnamə və kubok vermişdilər. Həmin gün sevincimi sizinlə bölməyə, mükafatlarımı göstərməyə elə ehtiyacım vardı ki. Xüsusilə atamı həmin gün nə qədər gözləmişdim, heç vaxt unutmaram. Lakin o, gəlib çıxmırdı ki, çıxmırdı. Sən ana, yadında, saçlarıma sığal çəkib, ağıllı oğlum, dedin. Ancaq mən gözləyirdim ki, heç olmasa bu qələbəmə görə məni bir gəzintiyə apararsan. Lakin eləmədin. Çünki işdən sonra da ya seriallara baxır, ya da şəxsi işlərin üçün gedirdın, bir saniyə də vaxtın yox idi.

Mən atamı həmin gün çox gözlədim. Yatmamağı qərarlaşdırmışdım. Sən məni yatmağa göndərsən də, yerimdə uzanıb qapının açılmasını gözləyirdim. Xəyal qururdum ki, mükafatlarımı atama necə göstərəcəyəm, atam necə reaksiya verəcək. Elə bu xəyallarla da nə vaxt yatmışam, bilmirəm. Sabah oyandığımda siz yox idiniz, o qadın vardı. Yenə eyni səs tonu ilə “Tez ol, dərsə yubanırsan”,-deyirdi.

Mənsə yerimdən qalxıb, onun əmrlərinə tabe şəkildə hərgünkü planla məktəbə yollandım. Axşam ta atamı gözləmək kimi arzum yox idi. Sanki hər şey dünəndə qalmışdı. O istək də, arzu da. Bu gün o həvəsdən əsər-əlamət yox idi.

Məktəb, hazırlıqlar...

Beləcə illər davam edirdi, mən artıq yuxarı siniflərə qalxmışdım. Məktəb illərində bircə dəfə də olsun dərslərimlə, özümü necə aparmağımla tanış olmaq üçün məktəbə gəlmədiniz. Mən hiss edirdim ki, uşaqlarla ünsiyyət qura bilmirəm. Çünki həyatım o qədər səssiz, rəngsiz keçirdi ki, sanki gündən-günə özümə qapılırdım. Uşaqlar nə qədər şən, nə qədər çılğın idilərsə, mən bir o qədər özümə qapanmış idim. Əslində, belə də olmalı idi. Danışıb nə danışacaqdım ki...

Bir az yuxarı siniflərə qalxan kimi məni hazırlıqlara göndərdiniz. Artıq evdə hərdənbir səsinizi eşidirdim. Öz aranızda danışırdınız ki, bu uşaq hökmən oxumalıdır, dost var, düşmən var. Elə dost və düşmənlərin xətrinə də məni hazırlıqlara qoydunuz. Bununla da yeni həyatım başladı. Məktəb və hazırlıqlar. Ağır və çətin olsa da, yenə də əvvəlki həyatımdan maraqlı idi. Ən azından hazırlıqlara gedəndə evdən çıxır, hava qəbul edə bilirdim.

Beləliklə illər ötür, mən böyüyürdüm, hazırlıqlarım davam edirdi. Sizsə bu dəfə də maraqlanmırdınız ki, bəlkə bu uşağın potensialı çatmır, bu sahə üzrə hazırlıqlar nəticə vermir, bir maraqlanaq, əgər alınmırsa, uşağımıza başqa bir istiqamət verək. Həyatım da, təhsilimin də cavabdehi özüm olmuşdum. Siz sadəcə təhsil haqqını ödəyirdiniz. Bir də ki, evdə, ana, sən xüsusilə tez-tez deyirdin: görürsən də səhər-axşam işdəyik. Təhsilin üçün verdiyimiz pulu zülmlə qazanırıq. Elə oxu ki, başımızı aşağı etməyəsən.

Vəssalam... Mən də çalışırdım ki, başınızı aşağı etməyəm. Ona görə də gücüm çatar-çatmaz ancaq oxuyurdum. Çiyinlərimdə bir yük hiss edirdim ki, İlahi, ali məktəbə qəbul olunmasam, ata-anama nə cavab verəcəyəm...

Həyəcandan bədənim əsirdi...

Qəbul imtahanlarına sayılı günlər qalırdı. Dərslərin ağırlığı bir yandan, imtahan stressi bir yandan məni ağuşuna almışdı. Qətiyyən özümə əmin deyildim ki, nəyi bilirəm, nəyi bilmirəm. Ona görə də imtahan yadıma düşəndə bütün bədənim əsirdi. Həm də ötən illər elə bil məndə bir özünəinamsızlıq yaratmışdı. Özümə heç vəchlə güvənə bilmirdim. Həmişə düşünürdüm ki, imtahan vermək mənim üçün ən böyük sınaq olacaq. Mən o sınaqdan çıxa biləcəyəmmi? Çoxsaylı suallara cavab tapa bilmirdim. Kiminləsə bu narahatlığımı paylaşmaq istəyirdim. Lakin yaxınlığımda kim vardı ki?..

Mənim üçün çox ağır günlər idi. Bu günlərdə mən böyüdüyümü hiss etdim. Hiss etdim ki, insan paylaşmadan, danışmadan, bölüşmədən məhv olar. Və bütün bu düşündüklərimin fonunda uşaqlığımdan bəri ötən günlər bir-bir gözlərim önündən keçdi. Səsimi bir az ucadan çıxaranda aldığım cəzalar, bacı-qardaşımla dalaşanda onlardan böyük olduğum üçün yediyim sillələr... Ana, təsadüfi hallarda dərslərimlə maraqlananda suallarına zəif cavablarım üçün aldığım tənbehlər... Qavrama dərəcəm nəzərə alınmadan yalnız “niyə zəif bilirsən” sualı... Axı mən hansısa bir fənni mənimsəməkdə çətinlik çəkə bilərdim. Bunu mənə anlatmaq əvəzinə tənbeh etmək düzgün seçim idimi?

Nəhayət, qəbul imtahanı günü gəlib çatdı. Ta dünəndən mənə tapşırıqlarınız daha da çoxalmışdı. “Bax, yaxşı yaz ha, bizi biabır etmə” sözünü deyə bilmirəm, nə qədər eşitmişdim. Hər eşitdiyimdə də həyəcanlanır, bədənim tir-tir əsirdi. O səhər də eyni cümləni təkrar-təkrar eşitməli oldum. Və həmin cümlə qulaqlarımda çığnaya-çığnaya imtahana getdim. Həyəcan isə mənimlə birgə addımlayır, bir an da olsa tərk etmirdi.

İmtahan həyəcanı onu heç kimlə paylaşmadığım üçün azalmamışdı, tam ağırlığı, qorxusu ilə içimə vahimə kimi dolmuşdu. Bu səbəbdən də bədənim əsirdi...

Axtardığım yol...

İmtahan bitdi. Həyəcandan nəyi düz, nəyi səhv yazdığımı hələ də özüm üçün müəyyənləşdirə bilmirdim. Bu aralar da yenə tək idim. Atam-anam işdə, məndən yaşca balaca bacı-qardaşım məktəbdə, bağçada. Səhər-axşam yenə də həmin təkrar suallar: nə düşünürsən bal toplaya biləcəksən? Hər dəfə bu sualı eşidəndə elə bil məni qaynar suya salıb, sonra çıxarıb buz kimi soyuq suya salırdılar. Düşünürdüm ki, görəsən bal toplaya bilməsəm, nələr baş verəcək. Bəlkə bir dəqiqədə yüzlərlə fikir gəlirdi ağlıma. Bu sualların ağırlığımı, qorxusumu deyim, gücümün qaldıracağından ağır yük qoymuşdu çiyinlərimə. Bu ağırlığı atmaq üçün yollar axtarırdım. Əgər ali məktəbə qəbul olmasam, hansı yolu seçməliyəm, artıq bundan başqa düşündüyün yox idi.

Bu dəfə tamamilə özümə qapanmışdım. Görəsən nə edəcəyəm. Sizin hazırlıqlarım üçün xərclədiyiniz pulları itirəcəyəm, yoxsa...

Mənə “nə üçün belə kədərlisən, bikefsən” sualını bircə dəfə verən yox idi. Hansı ki, paylaşmağa o qədər ehtiyacım var idi... Bilmək istəyirdim ki, bal toplamasam cəzam nə olacaq. Sizin başınızı qonşuların, qohumların yanında aşağı edəcəyim təqdirdə məni hansı cəzalar gözləyəcək? “Bəlkə bal toplayacağam, heç cəza almayacağam?” da deyirdim. Bəs toplamasam, onda vəziyyətim necə olacaq? Bu cür onlarla sual beynimdə dolaşır, məni rahat buraxmırdı.

Sinif yoldaşlarımı xatırlayırdım. Onlardan bir neçəsi musiqi məktəbində təhsil alırdılar, bir neçəsi idmanla, rəssamlıqla məşğul idilər. Bir neçəsi hansısa bir sənət öyrənmək üçün kurslara gedirdilər. Bütün bunları düşündükcə, öz-özümə deyirdim ki, vaxtilə məni də bunlardan birini öyrənmək üçün göndərsəydiniz, bəlkə də o sənətlərin birində özümü tapardım. İmtahandan bal toplamasam, digər bir sahəyə üz tuta bilərdim. Lakin sizin öz işləriniz, karyeranız məni sizə unutdurdu...

Həmişə cəzalandırılmışam. Lakin indi anlayıram ki, mən heç də həmişə günahkar olaraq cəzalandırılmamışam. Bəzən günahlarım olub... Lakin bəzən də sizin günahlarınız üzündən səhv edən yenə də mən hesab olunmuşam.

Mətanət MƏMMƏDOVA

P.S. Valideynləri tərəfindən qayğısız, diqqətdən kənar bir uşağın dilindən dinlədiyimiz bu monoloqu düşünək ki, ailədə valideynləri arasında hər gün söz-söhbət, qalmaqal olan, təzyiqə məruz qalan uşaqlardan da dinləyirik. Kiçik yaşlarından övladına məktəb xərcliyini dəfələrlə çox verib onun pis yola düşməsinə səbəb olan ata-anaların uşaqlarından da dinləyirik. Telefon əlindən düşməyən anaların, gecə evinə gəlməyən ataların uşaqlarından da dinləyirik. Evinin qapısını günlərlə övladının üzünə bağlayıb öz şəxsi işinin ardınca gedən anaların, övladı ilə çox aralı bir məsafə saxlayan valideynlərin uşaqlarından da dinləyirik. Belə halda uşaqların axtardığı yolu özümüz müəyyənləşdirək... Bir də kimin günahkar olduğunu müəyyənləşdirək...

Bütün xəbərlər Facebook səhifəmizdə