"Hər zaman böyüklərə, kiçiklərə münasibətimiz tam fərqli olub" - MÜSAHİBƏ

"Hər zaman böyüklərə, kiçiklərə münasibətimiz tam fərqli olub" - MÜSAHİBƏ

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli SİA-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Son zamanlar yol-nəqliyyat hadisələrinin sayı çoxalıb. Ümumiyyətlə yol-nəqliyyat hadisələrinin baş verməsinə əsas səbəb kimi nə göstərilir?

- Paytaxt ərazisində son illərlə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının azalmasını müşahidə edirik. Amma bununla belə baş vermiş hadisələrin, qəza nəticəsində dünyasını dəyişənlərin sayı həqiqətən ciddi və hər birimizi narahat edən rəqəmlərdir. Bildiyimiz kimi Bakı şəhəri respublikanın ən böyük şəhəri və əhalinin ən sıx məskunlaşdığı bir şəhərdir. Burada baş vermiş hadisələri digər ərazilərlə təhlil etdikdə müəyyən meyarları nəzərdən qaçırmamalıyıq. Respublika ərazisində 1 milyon 630 minə yaxın nəqliyyat vasitəsi var. Bu gün həmin nəqliyyat vasitələrinin sayının ümumi 70%-ə qədəri paytaxt ərazisindədir. Bu hərəkət dinamikasını, sıxlığını nəzərə alaraq avtomobil sayını, insan sıxlığını hər birinin düzgün şəkildə təhlilini aparsaq, görərik ki, ötən illərlə müqayisədə ümumi hadisələrin sayı azalıb.

- Yol-nəqliyyat hadisələrində ən çox hansı hallarla rastlaşmısınız?

- Paytaxt ərazisində yol-nəqliyyat hadisələrinin baş verməsinin 23,6%-i sürət həddinin aşılmasına görə, 36,7%-i manevr qaydalarının pozulması, 2,6%-i qarşıdan gələn nəqliyyatın yoluna çıxma, ötmə qaydalarının pozulması, 25,7%-i ara məsafələrinin düzgün seçilməməsi, 5,7%-i yol ayrıcının keçilmə qaydalarının pozulması, 5,2%-i piyada keçidlərindən keçilməsi qaydalarının pozulması, 1,7%-i svetoforun qadağanedici işarəsinin tələbinin pozulması, 6,6%-i piyadalar tərəfindən qaydaların pozulması və 1,5%-i isə naməlum yol-nəqliyyat hadisələridir. Bütün bunlar yol hərəkəti təhlükəsizliyinə təsir edən bütün növ qayda pozuntularıdır. Ümumiyyətlə insanlarda məsuliyyətsizlik halı çoxdur. Paytaxt ərazisində 6 ay ərzində ümumilikdə 229 ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 229 yol-nəqliyyat hadisəsində 85 nəfər dünyasını dəyişib, 189 nəfər müxtəlif növ bədən xəsarəti alıb. Ümumilikdə ortalama rəqəmlərə baxdıqda ötən 6 ay ilə bu ilin 6 ayı arasında rəqəmlərdə ciddi fərqlər var.

- Piyadaların piyada keçidlərinin yaxınlığında olduğu halda keçiddən istifadə etməmələrinin dəfələrlə şahidi olmuşuq. Ümumiyyətlə bu insanlarla bağlı hansı tədbirlər görülür?

- Hər bir dövlət orqanının özünəməxsus səlahiyyətləri var. Qanunvericiliyin tələbləri hər bir sahə üzrə müəyyən olunmuş qaydalardır. Məsələn piyada üçün nəzərdə tutulmamış yerdə keçilməsi İnzibati Xətalar Məcəlləsində 338-ci maddəyə uyğun olaraq 20 və 40 manat məbləğində cərimə nəzərdə tutulub. 80 kilometrdən yuxarı olan yollarda piyada düzgün şəkildə yolu keçməsə, 40 manat məbləğinda cərimə nəzərdə tutulub. Piyada nəzərdə tutulmamış ərazidə keçid edən zaman polis əməkdaşının yaxınlaşıb hər hansı bir inzibati protokol tətbiq etməsi həmin piyadanın həyatında mühüm rol oynaya bilər. Çünki həmin polis əməkdaşı piyadanı qayda pozuntusundan qırağa çəkərək hər hansı bir yol-nəqliyyat hadisəninin qarşısı alındı. Bu məsələlərin ciddiyətinin, mahiyyətinin, düzgün şəkildə təhlilinin formalaşdırılmasında ictimaiyyətin böyük rolu var. Yol hərəkəti qaydaları həyati əhəmiyyətə malikdir. Burada qaydaları pozmaq, səhv etmək və həmin səhvi düzəltmək üçün uzun müddət yoxdur. Bu məsələdə medianın, cəmiyyətin üzərinə böyük yük düşür. Orta məktəblərdə və digər təhsil müəssisələrində hədsiz görüşlər keçiririk, uşaqlara tövsiyələr veririk. Uşaqlara yol hərəkəti qaydalarına düzgün şəkildə və hörmətlə yanaşmalarını öyrətmək lazımdır. Bizim ölkəmizdə elə bir situasiya yaranıb ki, hər zaman böyüklərə, kiçiklərə münasibətimiz tam fərqli olub. Cəmiyyətimizdə bu qaydalar hüquqi çərçivə ilə yanaşı, eyni zamanda mənəvi normalara çevrilib. Bu cür mənəvi dəyərləri də itirmək olmaz.

- Bu gün paytaxtda avtomobillərin düzgün parklanmaması nələrə səbəb ola bilər?

- Avtomobillərin düzgün parklanmaması, dayanma-durma tələblərinin pozulması aktual məsələlərdən biridir. Avtomobillərin düzgün parklanmaması yollarda tıxacın yaranmasına, dayanma-durma tələblərinin pozulması piyadaların təhlükəsizliyinin pozulmasına səbəb ola bilir. İctimai nəqliyyatın rahat və fasiləsiz hərəkəti bizim qarşımızda əsas məqsədlərdən biri kimi dayanır. Çünki ictimai nəqliyyat nə qədər inkişaf etsə, nə qədər bu sistem optimallaşsa, yol hərəkəti təhlükəsizliyinə bunun çox böyük köməyi ola bilər.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə