Güzgü çoxdur, baxan yoxdur... BAXIŞ BUCAĞI

Güzgü çoxdur, baxan yoxdur... BAXIŞ BUCAĞI

Bəli, “düzü düz, əyrini əyri” tövsiyəsi zamanında güzgü harada idi, tək-tük olardı, o da zadəganların evində. O zaman biz özümüz özümüzün güzgüsü idik. Baxırdıq, görürdük, həm də düzü düz, əyrini əyri görürdük. Həyata baxışımız da bu cür idi, kiminə xoş gəlməsinə, kiminə gəlməməsinə baxmayaraq. İndi isə güzgüdən çox güzgü var, lakin baxan yoxdur. Çünki o güzgülər artıq bizi göstərmir. O güzgülərdə mentalitetimizdən, adət-ənənələrimizdən, nitq mədəniyyətimizdən, özümüzə məxsus geyimlərimizdən və davranışlarımızdan əsər-əlamət qalmayıb.

O güzgüyə baxanda ki, özünü görməyəcəksən, niyə vaxt sərf edəsən ki?.. Qəribədir, deyilmi? Baxasan güzgüyə, özünü görməyəsən. Görəsən ki, oradakı sən deyilsən, avropalıdır. O güzgüdə sənin dilinə hörmətsizlik əlaməti olaraq başqa dillərdən də istifadə edirlər. Görəsən ki, orada axı sənin geyimlərindən əsər-əlamət də yoxdur, buradakılar yarıçılpaq köynəklərdə, ya qarşıdan, ya arxadan açıq paltarlarda, kəsiyi haradan hara ətəklərdədirlər. Görəsən ki, burada ailənlə birlikdə baxa biləcəklərin çox az saydadır. Burada qonaqla davranış da başqadır, onunla söhbət də. Burada özünü, yaxın-tanışları reklam yaman dəbdədir. Bu güzgü dayanmadan-durmadan cinayətləri, yerli-yersiz narkomaniyanı, intiharları göstərir.

Əyləncəli verilişlərdə nələr, nələr baş verir. Bütün bunların fonunda ha axtarasan, özünü görə bilməyəsən, deyəsən ki, yaxşısı budur bu güzgüyə heç baxmayım. Hansı ki, güzgülər ondan yanadır ki, hər gün baxıb özünü görəsən və özündə qalasan.

Hə, yəqin bildiniz güzgü deyəndə nəyi nəzərdə tuturuq. Əlbəttə, aydındır, lap gün kimi, televiziya kanallarıdır güzgülərimiz. İndi güzgü çoxdur, hamının evində hətta bir neçəsi var. Lakin baxan varmı? Var, amma çox az. Həm də çox az telekanallara. Bu güzgülərdən hey danışırıq. Niyə yaxşı əks etdirmir, niyə özümüzü yaxşı görmürük, nə üçün keyfiyyəti gündən-günə aşağı düşür, deyirik. Ötən həftə Mətbuat bayramı ərəfəsində istədik ki, bu güzgülərin keyfiyyətindən bir də söhbət açaq, dedik, yaxşı deyil, bayramdır, qalsın gələn həftəyə. Sözümüz də sözdür. İndi bir də söhbət açaq bu güzgülərdən, bəlkə bir köməkliyi olar. Özümüzü olduğumuz kimi görə bilərik. Axı buna böyük ehtiyacımız var.

Düzü, hər dəfə bu mövzuda söhbət düşəndə hamı özünü haqlı hesab edir. Mən düzü düz, əyrini əyri göstərirəm, yəqin tamaşaçıda zövq yoxdur mənasında cavab alırıq. Hamı özünü haqlı hesab edir. Hansı telekanal haqqında bir tənqidçi, jurnalist, sıravi vətəndaş tənqid söyləyir, düşünürlər ki bəs onların pisini deyirlər. Əksinə, biz bizim olan yaxşıya niyə pis deməliyik ki?..

Yaxşıya kim pis deyər?..

Belə deyək, tutaq ki, ölkəmizdəki televiziya kanallarının hər biri yüksək səviyyədə verilişlər yayımlayır (inşallah). Televizorun idarəetmə pultunu əlinə alıb çevirdikcə hansı kanalda qalacağına tərəddüd edirsən: İlahi, bunların hansına baxasan, nə gözəl verilişlər gedir. Belə olan halda kim öz yaxşısına pis deyər? Bu barədə heç düşünmüşük? Düşünmüşük ki, telekanallarda bütün sahələrdən yaxşı verilişlər hazırlanırsa, bütün təbəqədən olan insanların zövqünü oxşayırsa, hər kəs istədiyi verilişə yüksək keyfiyyətdə baxa bilirsə, bu insanlar nədən giley-güzar etsinlər?

İndi ki, söhbət düzü düz, əyrini əyri görməkdən, deməkdən gedir, etiraf edək ki, 2-3 telekanal var ki, tək onlara baxanda özümüzü görə bilirik. Lakin məsələ tək özümüzü görmək deyil, həm də müxtəlif zövqlərin oxşanmasını görməkdir. Ümid edirik ki, həmin telekanallarda yaxın gələcəkdə ürəyimiz istəyənləri də görə biləcəyik.

Onu da etiraf edək ki, ailələr var ki, həmin 2-3 kanaldan başqa digər kanalları öz televizorundan silib. Silməyənlər də var, lakin baxmırlar. Nə üçün baxmırlar, çünki zövqlərini oxşamır, milli-mənəvi dəyərlərimizdən uzaqdırlar. Həmin televiziyalarda verilişlər heç də ürəkaçan səviyyədə deyil. Əsasən, şou proqramları hesabına “öz yaşayışını quran” belə kanalların verilişlərində yalnız müğənniləri görmək olur. Axı nə qədər müğənni, nə qədər eyni mahnılar. Nə qədər hər dəfə verilən suallar, alınan cavablar. Tamaşaçı bundan bezir. Sual olunur, nə üçün verilişlərə müğənnilər bütün sahələrin insanlarından çox çağırılır? Bu sualın cavabını bilən varmı? Niyə bizim televiziya məkanında komediya bütün janrları üstələyib? Nə qədər gülmək olar, başqa dərd-sərimiz yoxdur?

Hələ verilişlər bir yana, aparıcı geyimləri də diqqəti çəkməyə bilmir. Veriliş boyu fikri ya paltarının yaxasında, ya da ətəyinin uzun kəsiyini ora-bura çəkişdirmək olan bəzi aparıcılarımız var. Qolunu qaldırıb qonağının çiyninə qoyan, milli dəyərlərimizə əks şəkildə qonağı ilə rəftar edən, qonaqlarına lüzumsuz suallar verən, şəxsi həyatı tamaşaçı qarşısına çıxaran, müzakirəsini açan aparıcılarımız var.

Azərbaycan dilinin qrammatik qanunlarını hər cümləsində pozan, danışığına başqa dillərdən sözlər daxil edən, ləhcə ilə danışan, durğu işarələrindən sonra fasilə vermədiyinə görə anlaşılmaz cümlələr quran, kameralara alışa bilmədiyi hər an özünü büruzə verən, bunun da nəticəsində sanki rəsmi bir xəbər oxuyurmuş kimi təsir bağışlayan aparıcılar var.

Xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyir: “...Aparıcılarda vurğu xoşuma gəlmir. Danışığın danışıq tərzi var. Aparıcı danışır, elə bil ki, üzündən nəsə oxuyur. Halbuki heç nə oxumur. Uşaqlar, gənclər üçün verilişlər yoxdur. Bu həqiqətən də mənim yaralı yerimdir. Biz o vaxt yeni tamaşaçıları yeni gənclərlə, müğənnilərlə tanış edirdik. İndi nədənsə elə verilişlər görmürəm, məndən heç kim inciməsin”.

Bəli, Öfeliya xanımın da söylədiyi kimi, gənclərlə və uşaqlarla bağlı verilişlər yox dərəcəsindədir. Hansı ki, o uşaqlar ötən 18 ildə bu ölkədə elə vətənpərvər böyüdülər ki, 2020-ci ildə Ali Baş Komandanımızın bir əmri ilə Qarabağa yollanıb 30 il düşmən tapdağı altında qalan torpaqlarımızı azad etdilər. Üç mindən artıq şəhidimiz oldu, minlərlə gənc sağlamlığını itirdi. Həmin şəhid və qazilərimiz haqqında gözəl bir verilişə baxa bilmişikmi?..

Görmək istədiklərimiz, görə bilmədiklərimiz...

Professor Qulu Məhərrəmli deyir: 44 günlük Vətən müharibəsi zamanı tamaşaçılar arasında Azərbaycan televiziyalarına ciddi maraq yarandı. Cəmiyyət onlara lazım olan əsas informasiyaları məhz yerli televiziyalardan əldə edə biləcəyi gerçəyini anladı. Bu mötəbərliyi indi qoruyub saxlamaq, inkişaf etdirmək, cəmiyyətə çox ciddi mesajlar vermək, ciddi problemləri açıq şəkildə müzakirə etmək, televiziyaların təbliğat yükünü azaltmaq çox önəmlidir. Eyni zamanda, araşdırma aparmaq olar ki, tamaşaçılar xarici kanallarda daha çox hansı verilişlərə baxırlar. Həmin verilişlərin oxşarını necə yaratmaq olar? Bütün bu məsələlər kompleks şəkildə həyata keçirilməlidir.

Bəli, 44 günlük Vətən müharibəsində tamaşaçılar xəbərləri yalnız televiziya kanallarından ala bilirdilər. Müharibə zamanı telekanallar da insafən xəbərləri vaxtlı-vaxtında çatdırmağa çalışır, onların hər birində bir operativlik hiss olunurdu. Lakin müharibə bitdi, sanki telekanalların da fəaliyyəti bitdi. Biz müharibə iştirakçısı olan gənclərlə bağlı daimi bir verilişin açılacağını gözləyirdik. Gözləyirdik ki, qazilərimiz, şəhid yaxınları, dostları həmin verilişlərə dəvət olunacaq, onların döyüş yollarından, şəhid gənclərimizdən söhbət açılacaq. Müharibə bitəndən bir qədər sonrayadək bəzi verilişlərə çağırılırdı qazilərmiz, şəhid ailələri, lakin çox keçmədi ki, bu ənənə unuduldu. Yəqin qaldı müharibənin ikinci ildönümü ərəfəsinə.

Müharibənin acılarından əziyyət çəkən uşaqlarımız var, onları verilişlərdə görmək istəyirdik, təəssüratlarını, ümumiyyətlə, müharibə onlar üçün nədir suallarının cavabını balacalarımızdan dinləmək istəyirdik, lakin görə bilmədik. Artıq 1 il 8 ay ötür tarixi Zəfərimizdən. Ötən dövr ərzində telekanallarımızda Vətən müharibəsindən bəhs edən sanballı bir filmə, televiziya tamaşasına, verilişə, bir gözəl klipə baxa bilmişikmi? Bir yaddaşlara hopan mahnı dinləyə bilmişikmi? Qaçqın, köçkün, didərgin kimi ömrünün 30 ilini qurban verən insanların söhbətlərinə qulaq asa bilmişikmi?

Televiziya kanallarımızda görmək istədiklərimiz gördüklərimizdən qat-qat çoxdur. Tək müharibə, Zəfərimizlə bağlı deyil, gündəlik həyatımızda qarşılaşdığımız problemlər, aktual mövzular, ziyalı məsləhətləri, ailə-məişət mövzuları, tariximizi əks etdirən verilişlər indi yerini verib ya mətbəxə, ya şoulara, ya da məqsədinin nə olduğunu anlamadığımız verilişlərə.

Qulu Məhərrəmlinin vurğuladığı kimi xarici telekanallarda tamaşaçıların hansı verilişə daha çox baxdıqları da nəzərə alınıb. Bu gün Azərbaycan telekanallarında əksər veriliş elə xarici kanallarda gedən verilişlərin təkrarıdır. Səhnə dizaynından tutmuş verilişin mövzusunadək eynidir. Lakin bu verilişlər də səmimi təsir bağışlamır. Bir sünilik, quruluq, səhv qurulan dialoq, yanaşma adamın necə deyərlər, zövqünə balta çalır. Xarici kanallardan söz düşmüşkən, xarici filmlərin dublyajından heç söhbət açmayım. Çünki bu, tamaşaçıların ən yaralı yeridir. Çünki hazırda telekanallarda peşəkar jurnalistlər barmaqla sayılacaq qədərdir. Televiziya isə təsadüfən ona tərəf üz tutanları deyil, peşəkarları sevir.

Televiziyalar dəyişmək istəmir, tamaşaçı baxmaq istəmir ...

Və ya güzgü çoxdur, baxan yoxdur. Bütün dövrlərdə insanların ən çox müraciət etdiyi telekanallar olmasına baxmayaraq. O televiziya kanalları ki, insanların onlarda görmək istədikləri çox məqamlar var. Ən birincisi telekanallar asudə vaxtın dostu olmalıdır. İkincisi maraq dairəsi yaradaraq tamaşaçını özünə bağlamalıdır. O mənada ki, ələ idarəetmə pultu alınan zaman yalnız o kanal axtarıla. Üçüncüsü isə bütün yaşlarda olan insanların zövqünü oxşamalı, gələcəyimiz olan uşaqların tərbiyəsində böyük rola malik olmalıdır. Yadımdadır, biz balaca olanda kimin valideynləri işləyirdisə, uşaqları evlərdə televizorla başbaşa qoyub rahatlıqla işə gedirdilər. Çünki arxayın idilər ki, uşaqlar nə qədər televizora baxsalar da, onlara ziyan gələ bilməz. Yaxşı xatırlayıram, mütəmadi Azərbaycan filmləri, tamaşaları, gözəl verilişlər, konsertlər bir-birini əvəz edirdi. Bax ki, baxasan. Aparıcılardan mükəmməl nitq öyrənmək, film, tamaşalardan mentalitetimizi, veriliş və konsert proqramlarında aparıcı və müğənnilərdən abırlı və zövqlü geyimlər əxz etmək olurdu.

İndi necə? Televizorla uşaqları başbaşa qoyub bir neçə saatlığa evdən ayrılmaq olarmı? Uşaqlar televiziya kanallarında nələr görməzlər, nələr eşitməzlər?.. Yuxarıda bəhs etdiklərimizin hamısını. Odur ki, əksər valideyn övladlarına yalnız öz nəzarəti altında televizora baxmağa icazə verir. Çünki bütün telekanalların hamısı baxmalı deyil. Uşaqların isə öz yaşına uyğun veriliş tapması mümkün deyil.

Beləliklə tamaşaçılar əksər televiziya kanallarında yayımlanan verilişlərin keyfiyyətindən qətiyyən razı deyil. Bu səbəbdən də həmin telekanallara, ümumiyyətlə, baxmamağı seçirlər. Lakin baxmamaq məsələnin həlli deyil. Bu, kimlərinsə seçimidir ki, bununla da problem bitmir. Problemin kökündən həlli isə görünür, hələlik mümkün deyil. Çünki həmin telekanallar haqqında dəfələrlə tənqid söylənilib, məsləhətlər verilib, yollar göstərilib, lakin ortada elə bir fərq yoxdur. Odur ki, telekanallar tamaşaçılarını itirirlər. Bundan özləri nə qədər narahatdırlar, deyə bilmərəm. Onu deyə bilərəm ki, belə davam edərsə, o güzgülərə özlərindən başqa baxan olmayacaq. Və ümidvaram ki o güzgülərə baxa-baxa bir gün gələcəyi də görə biləcəklər. Öz əlləri ilə yaratdıqları gələcəyi...

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə