Postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni strateji mərhələ TƏHLİL
Dövlət başçısının Sərəncamı ilə "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilib
Azərbaycan dövləti iqtisadi gücünü, qüdrətini daha da artırmaqla yeni hədəfləri gerçəkləşdirmək əzmindədir. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaratmışdır. Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur. Məhz bu məqsədlə "Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq olunmuş və bu prioritetlərə söykənən "2022‒2026-cı illərdə sosialiqtisadi inkişaf Strategiyası" hazırlanmışdır.
İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini, icrasına nəzarəti və hesabatlılığını Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirəcək. Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcəkdir. İcrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görüləcəkdir. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcəkdir.
STRATEGİYANIN REALLAŞMASI İQTİSADİYYATIN VƏ MƏŞĞULLUĞUN DAYANIQLIĞINI TƏMİN EDƏCƏK
Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, insan kapitalının davamlı inkişafını təmin edir. Uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir. Sözügedən Strategiyanın reallaşması 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacaqdır. İqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşaraq, iqtisadiyyatın və məşğulluğun dayanıqlığını təmin edəcəkdir. Sözü gedən Sənəddə qeyd edildiyi kimi, nəzərdə tutulan müddətdə kapital bazarının inkişaf mühitində əhəmiyyətli dəyişikliklər baş verəcək, real sektorun və sahibkarlığın maliyyə xidmətlərinə və resurslarına çıxış imkanlarının genişləndirilməsi mexanizmləri gücləndiriləcəkdir.
BÖYÜK QAYIDIŞ ƏHALİNİN DAYANIQLI MƏSKUNLAŞMASINI TƏMİN EDƏCƏK
44 günlük Vətən müharibəsində Zəfər çalmış Azərbaycanın işğaldan azad olunan ərazilərində tarixi dönüş dövrü başlanılıb. Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası xalqımızın çoxəsrlik tarixində misilsiz nailliyyətdir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir. Əldə olunmuş nailiyyətlər son illərdə həyata keçirilən genişmiqyaslı hədəflərə hesablanmış islahatların nəticəsidir.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşmasının təmin olunması əsas məsələlərdəndir. Bu ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Müasir infrastruktura malik "ağıllı şəhər və ağıllı kənd" konsepsiyaları reallaşacaq. Bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, sosial xidmət infrastrukturu və s. yaradılacaq. Görüləcək işlər əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olmaq məqsədinə xidmət edir.
STRATEJİ DÖVRDƏ YENİ ARTIM MODELİ ÖZƏL TƏŞƏBBÜSLƏRƏ, KEYFİYYƏTLİ VƏ SAĞLAM İNSAN KAPİTALINA SÖYKƏNƏCƏK
2022-2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modeli Azərbaycanda çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsini müəyyən edəcəkdir. Sənəddə qeyd olunduğu kimi, bu mərhələdə başlıca məqsəd yüksək, dayanıqlı, inklüziv iqtisadi artım templərini bərpa etməklə, hər bir Azərbaycan Respublikası vətəndaşının sabit təminatlı həyat səviyyəsinə nail olmaqdır. Strateji dövrdə yeni artım modeli özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənəcəkdir. Dayanıqlı, inklüziv inkişafı təmin edən özəl təşəbbüslər və rəqabətqabiliyyətli açıq iqtisadiyyat modeli müasirləşmə strategiyasının əsas qüvvəsi olacaqdır. Yeni inkişaf modeli çərçivəsində, işğaldan azad olunmuş ərazilər də əhatə edilməklə vahid iqtisadiyyat müasir dəyər zənciri qurulacaqdır. Modelin aparıcı qüvvəsi olan Azərbaycan Respublikası vətəndaşının bilik, bacarıq və səriştələrinin artması onun gəlir qazanmaq imkanlarını genişləndirəcək və sağlam həyat tərzini təmin edəcəkdir. Bilikli cəmiyyət müasir texnologiya və innovasiyaların həm yaradıcısına, həm də istifadəçisinə çevriləcək.
"QÜDRƏTLİ DÖVLƏT VƏ YÜKSƏK RİFAH CƏMİYYƏTİ"
Növbəti strateji dövrdə "Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti"nə çevrilmək üçün mövcud sosial-iqtisadi modelin məzmunu və strukturu əhəmiyyətli dərəcədə yenilənəcəkdir. Bu əsasda qəbul edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" müasir inkişaf ideologiyasına əsaslanan yeni sosial-iqtisadi artım modelinin bazasında həyata keçiriləcəkdir. Bu model ölkənin bütün resurslarını və nailiyyətlərini səfərbər etməklə, onları uzunmüddətli dövrdə qarşıya qoyulan strateji vəzifələrin reallaşmasına yönəldəcəkdir. Yeni sosial-iqtisadi inkişaf modeli 2030-cu ilədək olan dövrdə ölkədə bütün sahələrdə həyata keçirilməsi nəzərdə tutulan köklü islahatların ideologiyasını təmin edir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB