İş tapmaq getdikcə niyə çətinləşir? - ARAŞDIRMA

İş tapmaq getdikcə niyə çətinləşir? - ARAŞDIRMA

Müasir dünya məkanında dövlətlərin daxili siyasəti, dövlətlərin sabitliyinə təhlükə yaradan və onların həlli üçün əməkdaşlıq tələb edən işsizlik, iqlim dəyişikliyi, epidemiyalar, iqtisadi böhran kimi problemlərin həlli ilə bağlıdır. Son üç onillikdə işsizlik təkcə inkişaf etməkdə olan ölkələrdə deyil, həm də inkişaf etmiş ölkələrdə ən mühüm problemlərdən birinə çevrilmişdir. İşsizlik kütləvi yoxsulluğa, maaşların aşağı düşməsinə gətirib çıxarır, sosial və siyasi sabitliyi təhdid edir.

Əmək bazarında tələb və təklif arasında uyğunsuzluq, təkcə işsizliyə deyil, həm də daha geniş mənada əmək resurslarından kifayət qədər istifadə edilməməsinə gətirib çıxarır. 188 milyon işsizlə yanaşı, dünyada daha uzun saatlarla ödənişli işlərdə işləməyə hazır olan 165 milyon insan və aktiv iş axtarmağı dayandıran və ya əmək bazarından kənarda qalan 120 milyon insan var. Ümumilikdə dünyada 470 milyondan çox insan bu problemlərlə üzləşir.

Son məlumatlara və təxminlərə əsaslanaraq, araşdırmaçılar belə qənaətə gəlirlər ki, qlobal gəlir bərabərsizliyi, xüsusən də inkişaf etməkdə olan ölkələrdə düşünüldüyündən daha qabarıqdır.

İnkişaf etməkdə olan ölkələrdə 2020-22-ci illərdə ifrat və ya orta yoxsulluq şəraitində yaşayan, işləyən insanların sayının artacağı gözlənilir. Bu 2030-cu ilə qədər hər yerdə yoxsulluğa son qoymaq olan Dayanıqlı İnkişaf Məqsədə nail olmaq üçün əlavə maneələr yaradacaq. İşləyən yoxsullar hazırda 630 milyondan çox işçini və ya dünya işçi qüvvəsinin beşdə birini təşkil edir.

Hesabatda gender, yaş və ya coğrafi yerlə bağlı digər əsas bərabərsizliklər də bugünkü əmək bazarının xarakterik xüsusiyyətləri kimi müəyyən edilmişdir. Onlar həm fərdi imkanların reallaşmasına, həm də ümumi iqtisadi artıma mane olurlar. İşləməyən, oxumayan və ya peşə təhsili almayan 15-24 yaş arası gənclərin sayı xüsusilə diqqəti cəlb edir. Onların sayı 267 milyondur. Hesabat müəllifləri xəbərdarlıq edirlər ki, məşğulluqla bağlı vəziyyətə həm birbaşa, həm də dolayı əhəmiyyətli təsir, ticarət məhdudiyyətlərinin və proteksionist tədbirlərin sərtləşdirilməsinə səbəb ola bilər.

İqtisadi artıma gəlincə, onlar belə qənaətə gəlirlər ki, onun hazırkı tempi və xarakteri yalnız aşağı gəlirli ölkələrdə yoxsulluğun azaldılması və iş şəraitinin yaxşılaşdırılması səylərinə mane olur. Hesabat daha yüksək əlavə dəyərli məhsulların istehsalının stimullaşdırılmasına diqqət yetirmək üçün artımın xarakterini dəyişdirməyi tövsiyə edir.

Dünya Məşğulluq və Sosial Görünüş hesabatı işsizlik, əməyin tam istifadə edilməməsi, yoxsulluq, gəlir bərabərsizliyi əmək gəlirlərinin payları və maneələr daxil olmaqla əsas əmək bazarı problemlərindəndir. Gənclərin işsizliyi müasir dünyanın ən aktual problemlərindən biridir. Bir çox ştatlarda bu yeni problem deyil. Lakin bu, iqtisadi böhran kontekstində genişlənib və həm yüksək ixtisaslı universitet məzunları, həm də çətin həyat vəziyyətində olan gənclərin geniş təbəqəsini əhatə edir. Amma hər bir ölkədə işsizliyin müəyyən səbəbləri, onun səviyyəsi, nəticələri var. Digər fərq bu sosial-iqtisadi problemin həllində dövlətlərin həyata keçirdiyi məşğulluq siyasətinin özəlliklərindədir. Məhz buna görə də tam məşğulluğun təmin edilməsi və qorunub saxlanılması dövlətlərin makroiqtisadi siyasəti üçün prioritet məqsəd kimi qəbul edilir.

İşsizlik cəmiyyətin əsas məhsuldar qüvvəsinin - işçi qüvvəsinin böyük miqyasda israf edilməsinə, ölkənin potensial ümumi məhsulunun və milli gəlirinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Açıq-aydın görünür ki, mövcud əmək ehtiyatlarından tam istifadə edilmədikdə, iqtisadi sistem istehsal imkanlarının həddinə çatmadan işləyir. Beləliklə, işsizlik səviyyəsi iqtisadiyyatın ümumi vəziyyətini müəyyən etmək, onun səmərəliliyini qiymətləndirmək üçün əsas göstəricilərdən biridir.

İşsizlik - ölkə əhalisinin əmək qabiliyyətli yaşına çatmış, işsiz olan və qanunla müəyyən edilmiş müddətdə iş axtaran insanlardan ibarət hissəsidir. Bir şəxsin işsiz kimi tanınması üçün meyarlar adətən qanun və ya hökumət sənədləri ilə müəyyən edilir və ölkədən-ölkəyə bir qədər fərqli ola bilir. Lakin bir qayda olaraq, bütün təriflərdə bir neçə əlamət mövcuddur. Eyni zamanda, müvafiq orqan və qurumların təqdim etdiyi məlumatlar əsasında işsizlər hesablanır və işçi qüvvəsi ölkə əhalisinin ümumi sayı ilə ayrı-ayrı əhali qrupları arasındakı fərq kimi müəyyən edilir.

Müasir iqtisadçılar işsizliyi bazar iqtisadiyyatının təbii və tərkib hissəsi hesab edirlər. İşsizlik növlərinin fərqləndirilməsi meyarı, bir qayda olaraq, onun səbəbidir. Ölkəmizdə keçən ilin statistikasına nəzər yetirdikdə İyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1677,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911,6 min nəfər, qeyri-dövlət sektorunda isə 766 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 32,1 min nəfər, qeyri neft-qaz sektorunda isə 1645,5 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi tikintidə, 7,3 faizi emal sənayesində, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, cari ilin vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 682,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 902,5 min nəfər, qeyri-dövlət sektorunda isə 779,6 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31,3 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 650,8 min nəfər çalışmışdır.

İqtisadi siyasət komitəsinin sədri
Tahir Mirkişili SİA-ya açıqlamasında
iqtisadiyyat qarşısında duran əsas vəzifələrdən biri məşğulluğun təmin edilməsidir, deyə vurğulayıb. Keçən illər ərzində iqtisadiyyatımız inkişaf etdikcə ölkədə açılan yeni iş yerlərinin də sayı artmışdır. Belə ki, son 15 ildə ölkədə 2.5 milyondan çox yeni iş yerləri açılmış, pandemiya dövründə iş yerlərinin ixtisar olunmaması üçün məhdudiyyətin təsir etdiyi sahələrdə işçilərin əmək haqqlarının böyük hissəsi dövlət tərəfindən ödənmişdir.

Azərbaycanda hər il bazara 100 minə yaxın yeni işçi qüvvəsi daxil olduğundan məşğulluğun təmini üçün ildə ən azı 100 minə yaxın iş yerinin açılması əsas hədəflərdəndir. Təbii ki, bu prosesdə əsas missiya özəl sektorundur. Məhz yeni iş yerlərinin yaradılması əsasən yeni investisiyalar, sahibkarlığın inkişafı, səffaflıq hesabına baş verməlidir və bu prosses davamlı olaraq gedir. Eyni zamanda özünəməşğulluq proqramları, texniki peşə məktəblərinin inkişafı, internetin yaratdığı imkanlar işsizliyin azaldılmasında mühüm roy oynayır. Bütün bunlarla yanaşı aparılan təhlillər bu sahədə qarşımızda yeni çağırışların da olduğunu göstərir. Bəzi hallarda bazarın tələb etdiyi kadrların qıtlığı, kadrların hazırlıq səviyyəsinin bəzən aşağı olması, gənclərin ixtisas seçimində mütəxəssislərə olan tələbin bəzən nəzərə alınmaması, kadrların öz üzərlərində daimi təkmilləşmələri bəzi hallarda aparmaması kimi hallar bu kadrların işsiz qalmasına, iş yerlərinin isə boş qalmasına səbəb olur. Amma müsbət hal ondan ibarətdir ki, bu halların qarşısının alınması üçün həm dövlət, həm də özəl sektor tərəfindən lazımi kurslar, proqramlar təklif olunur və bu imkanlardan yararlanan insanların sayı durmadan artır.

İqtisadçı Xalid Kərimli isə işsizliyin yaranmasına bir çox səbəblərin olduğunu vurğulayır. Böhran zamanı emal sənayələrinin, iş yerlərin az olması, lazımi imkanlardan istifadə edə bilməməsi və s. əhalini işsizlik durumuna gətirib çıxarır. Elə bir hal olur ki, bir insan iş yerindən çıxır və yeni iş yeri tapana qədər müəyyən vaxt gedir. Struktur işsizlik isə adamın bilik və bacarıqları ilə bazar arasında fərq yaranması anlamına gəlir. Bilik və bacarıq köhnəlir, bazar isə tamamilə yeni şeylər tələb edir. İşsiz adam o adama deyilir ki, işi yoxdur və aktiv iş axtarır. İş axtarmayana işi olmayaraq qalsa belə işsiz sayılmır. İşsiz əhali üçün hökümət bir çox qaydaları müəyyənləşdirmişdir.

Ölkəmizdə belə bir qayda var ki, kənd yerində yaşayırsa və adına torpağı varsa, o, birbaşa məşğul əhali qismində gedir. Adında torpağı varsa, artıq o işsiz sayılmır. Ümumiyyətlə, işsizlik təkcə hökumətin problemi deyil. Hökumətin əsas məqsədi qeyri-neft sektorlarında müəssisələrin yaradılması, özəl sektorlarda iş yerlərinin artırılmasıdır. Əsas nüans ondan ibarətdir ki, özəl sektorlar xüsusi olaraq bununla məşğul olur. Əgər dövlət özü yaratmış olsa, daha çox yük dövlətin üzərinə düşür deyə, özəl sektorların sayının çoxalması dövlət üçün də arzuolunandır. Xüsusilə qeyd etmək lazımdır ki, bəzi sosial cəhətdən zəif təbəqələr var ki, qazilər, şəhid ailələri, əlil ailələri və s. bunlar üçün ciddi proqramlar vardır ki, əmək və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bir çox ictimai iş yerlərə cəlb olunurlar. Şirkətlərin özlərinə belə ailə üzvlərinin işə götürülməsi üçün vergilərdə güzəştlər olunur.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Qubad İbadoğlu açıqlamasında bildirib ki, işsizliyin çoxalmasının əsas səbəbi dövlət idarəçiliyində, hüquq-mühafizə orqanlarında, məhkəmələrdə demək olar ki, hər kəsin öz tanışını, yaxınlarını işə götürməsidir. Özəl sektorlar geniş iş imkanlarına sahib olmadığı üçün yeni namizədləri işə götürməkdə çətinlik çəkirlər.

O qeyd edib ki, kimsə işsizdirsə və iş axtara-axtara qocalırsa, günəmuzd işləyirsə, rəsmi olaraq maaş almırsa, əmək müqaviləsiz çalışırsa, o da pensiya ala bilməyəcək. Qanuna görə, 25 il iş stajı olub, tələb olunan 28.800 manat pensiya kapitalını yığa bilməyənlər minimum məbləğdə pensiya alacaqlar. Odur ki, hər kəsin aşağı maaşla ən azı 25 il işləməsi gərəkdir.

Müəllif: Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə