Hadisə belə olub. Əvvəlcə deyim ki, Fatma nənə oğlu ilə birlikdə hündür mərtəbəli binalardan birində yaşayır. Üç nəvəsi var. Bu yaxınlarda oğlu ilə gəlini istirahətə gedibmişlər. Fatma nənə də uşaqlarla evdə qalıb. Bu günlərdən birində oğlan nəvəsi tələm-tələsik evə gəlir ki, ay nənə, mən uşaqlarla piknikə gedirəm.
Fatma nənə:
-Hara gedirsən, bala?
Nəvəsi:
-Piknikə.
-Hara, ay bala, öz dilində danış görüm nə deyirsən?
-Ay nənə, öz dilimdə danışmıram, bəs hansı dildə danışıram? Deyirəm uşaqlarla yığışıb piknikə gedirık.
-Bir şey anladımsa, ərəb olum.
-Ay nənə, sən də, vallah, kefsən ey. Ərəb-zad kimdir?
Nənə heyrətlə:
-Yox, bala, icazə verə bilmərəm, ata-anan burada deyillər, gedərsən başına bir iş gələr, gələndə onlara nə cavab verərəm mən?
-Ay nənə, piknikdə mənim başıma nə gələ bilər ki? Uşaqlarla 1-2 saatlığa gedib qayıdacağam.
Nənə:
-Olmaz, vəssalam. Mən nə bilim pişikdi, nədi, ora haradı, orada kimlər var, yaxındı, uzaqdı? Otur yerində, ata-anan gələndə onlardan icazə alıb gedərsən.
Nəvə:
-Ay nənə, qurban olum, yaxşı da. Sən niyə belə edirsən axı? Uşaqlar məni gözləyirlər.
Nəvə bunu deyib nənəsinin o üzündən, bu üzündən öpüb qaçır həyətə-onu gözləyən uşaqların yanına.
Nənə də qalır yerində qurcalana-qurcalana.
Nə isə, axşamçağı olur, nəvəsi gəlib evə çıxmır ki, çıxmır. Fatma nənə düşür təşvişə. Ay Allah, bu uşağın başında nə var, hara getdi, niyə gəlmədi, görəsən haradadır? Bu cür düşünə-düşünə nənənin təzyiqi qalxır. Fatma nənə təzyiqli xəstə olduğu üçün oğlu təcili yardım stansiyasının telefon nömrəsini onun telefonuna qeyd etmiş, demişdi ki, narahat olsan, bunun üstündən sıx, cavab verəcəklər.
Fatma nənə gördü ki, yox ey, başı çatlayır ağrıdan, telefonu götürüb zəng vurdu. Bir azdan təcili yardın avtomobili onların yaşadığı binanın qarşısında idi.
Həkimlə tibb bacısı Fatma nənənin təzyiqini ölçdülər. Təzyiqi çox da qalxıbmış. Ona tibbi yardım göstərdilər.
Həkim:
-Fatma xanım, bəlkə yeməyinizə diqqət etməmisiniz, təzyiqiniz niyə bu qədər qalxsın?
Nənə:
-Yox, ay bala, yeməkdən olmayıb.
Həkim onlardan bir az sonra həyətdən evə gələn qızlardan soruşdu:
-Nənə bu gün hirslənməyib?
Qızlar ikisi də birdən:
-Xeyr.
Nənə:
-Ay qızlar, qardaşınız gəlib çıxmadı, bu mənim evimi yıxacaq, vallah.
Qızlardan biri:
-Ay nənə, qardaşım piknikə gedib, indicə gələcək.
Nənə:
-Hə, bax, bu pişikdi, nədi, məni bu günə salan o oldu. Allah bilir hardadı bu uşaq. Axı söz dinləmirlər ki...
Nənənin ağzından söz qurtarar-qurtarmaz evdəkilərin hamısı gülməyə başladılar.
Həkim:
-Ay ana, sən uşaq piknikə getdiyi üçün narahat olub, özünü bu hala salmısan?
Nənə:
-Bəs niyə narahat olmayım ki, mən nə bilib o nədir?
Həkim:
-Ay ana, piknik gəzinti deməkdir də. Uşaq-böyük yığışıb gedirlər. Budur, sizin evin yanında da bağ var, oradadılar yəqin. Bunun üçün niyə narahatsan ki? Heç o bağın yaxınlığından maşın yolu da keçmir.
Həkim sözünü təzəcə qurtarmışdı ki, nəvə də gəlib çıxdı.
Nənə:
-Ay başınıza dönüm, mən nə bilim ki, bu bağa gəzməyə gedir. Neçə dəfə soruşdum, pişikdi, nədi, deyə də bilmirəm, onu dedi. Mən də qaldım içimdə qovrula-qovrula ki, görəsən haradı ora. Fikirdən təzyiqim qalxdı belə. Ay bala, nə olar öz dilinizdə danışın da. Niyə məni öldürürsünüz?
Nəvə:
-Ay nənə, Allah haqqı mən öz dilimizdə dedim...
Əhvalatı eşidəndən sonra mən də şübhələndim bu sözdən. Dedim görüm uşaq bu arvadın başını aldadır, yoxsa həqiqətən bizim lüğətimizdə belə bir söz var, uşaq da məktəbdə öyrənib də, nə etsin? Açdım izahlı lüğəti, baxdım ki, var, bəli, piknik sözü var. Həm də belə: piknik- (şəhərdən kənarda, təbiət qoynunda kiçik qrup halında yeməklə müşayiət olunan kollektiv əylənmə və gəzinti). Vallah biz az düşündüm, dedim yazıq “gəzinti”, görəsən kimin xoşuna gəlməyib ki, onu edib “piknik”? Nə olardı ki, gəzinti vardı da, onu piknik etməzdiniz, Fatma nənənin da başına bu oyun gəlməzdi.
Gəzinti deyə bilərdik də, niyə nə olub ki, bu sözə? Nə isə, yəqin məsləhət bilinməyib, amma kaş ki, məsləhət bilinərdi. “Piknik” əvəzinə “gəzinti” olsaydı, daha başadüşülən olardı. Hamı da anlayardı. Ta Fatma nənə kimi bir gün axşamadək narahatlıqdan təzyiqi qalxmazdı. Yazıq arvad, başına gələnə bax ey. Oturduğu yerdəcə xataya düşmək buna deyiblər bax...
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB