Qarabağ qazilərinin, şəhid ailələrinin məsələləri kompleks şəkildə həll olunur ŞƏRH
Bu amil həm də onu isbat edir ki, cənab Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar, iqtisadi gücü daim artan ölkəmizin bu istiqamətdə məqsədyönlü siyasət kursu sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb
Azərbaycanda əhalinin sosial müdafiəsinin etibarlı təmin edilməsi, dövlətin bu fəaliyyəti prioritet elan etməsi praktik işdə real təsdiqini tapır. Bu reallıq özünü növbəti dəfə Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə keçirilən ilin ilk altı ayına həsr edilmiş müşavirədə də sübut etdi. Bu amil həm də onu isbat edir ki, cənab Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar, iqtisadi gücü daim artan ölkəmizin bu istiqamətdə məqsədyönlü siyasət kursu sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb.
Vətən müharibəsindən keçən 1,5 ildən çox müddətdə Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçılarımız – qazilərimiz də daim diqqətdədir. Belə ki, şəhid ailələri, qazilərə qayğı hər zaman dövlətin prioritet istiqamətlərindən olub. Müharibə əlillərinin, veteranların sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, Vətən uğrunda canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda şəhid ailələrinin mənzil, veteranların avtomobillərlə təmin olunması bu istiqamətdə görülən işləri kifayət qədərdir, hazırda da davam etdirilir. Əbəs deyil ki, dövlətimizin başçısı bu müşavirəsində də xüsusi olaraq müvafiq qurumlara öz tapşırıq və tövsiyələrini verərək Vətən müharibəsi veteranlarının, habelə şəhid ailələrinin qayğılarına davamlı olaraq qalınması vacibliyini vurğuladı, onların problemlərinə xüsusi həssaslıqla yanaşılması tapşırığını verdi.
Eyni zamanda qeyd edim ki, bu istiqamətdə atılan bir sıra mühüm addımlar atılıb və atılmaqda davam edir. Misal üçün, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli sərəncamına əsasən, 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsini göstərmək olar. Bununla əlaqədar ötən il 3 min mənzil və fərdi ev şəhid ailələrinə və qazilərə təhvil verilib, proses hazırda da davam etdirilir.
Həmçinin, Prezident İlham Əliyevin tapşırığı, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə müharibə əlillərinin yüksək texnologiyalı müasir protezlərlə təminatı sahəsində də ardıcıl iş aparılır. 44 günlük Vətən müharibəsinin qaqziləri yüksək texnologiyalı müasir 4-cü nəsil protezlərlə təmin olunmaqdadırlar. Vətən müharibəsində yaralanmış, sağlamlıqlarını itirmiş şəxslərin müalicəsinə dövlət tərəfindən daim dəstək göstərilir. Bir sıra qazilər isə müalicə üçün xarici ölkələrə göndərilir. Həmçinin Vətən müharibəsində yaralanmış 2500-dən çox hərbçiyə əlillik dərəcələri, Prezidentin aylıq təqaüdü və əlilliyə görə pensiya, yaxud əlilliyə görə müavinət təyin olunub.
Şəhid ailə üzvlərinin və müharibədə yaralanmış hərbi qulluqçuların məşğulluğuna dəstək məqsədilə ötən ilin iyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”na yüzlərlə işəgötürənlər qoşularaq kifayət qədər vakansiyalar təqdim ediblər. Təqdim edilmiş vakansiyalar üzrə qeyd edilən kateqoriyalara aid 2000-dən çox şəxs artıq işlə təmin olunub.
Bu xüsusda daha bir faktora toxunmaq vacibdir ki, həmin qəbildən olan insanların mənzil, məişət problemlərinin həlli üçün Azərbaycan Prezidentinin fərmanına əsasən, ötən ilin yanvar ayında yaradılmış və çox uğurlu fəaliyyət göstərən “YAŞAT” Fondu da fəaliyyət göstərir. Şəhid ailəsi, istər qazi, istərsə də veteranların məşğulluğunun təmin olunması daim dövlətin diqqət mərkəzindədir.
Eləcə də, “Məşğulluq haqqında” qanuna əsasən, müəssisələrdə bu kateqoriyadan olan vətəndaşların işlə təminolunması üçün müəyyən kvota yer ayrılıb. Həmin şəxslər ilk növbədə işlə təmin olunma hüququna malikdir. Ötən ilin iyun ayından başlamış “Məşğulluq marafonu” davam etməkdədir. İndiyə kimi 3 minə qədər şəhid ailəsi və qazi işlə təmin olunublar. Bütövlükdə isə, Qarabağ qazilərinin, şəhid ailələrinin məsələləri kompleks şəkildə həll olunur və dövlət qayğısı bundan sonra da davam edəcək.
Beləliklə, fakt budur ki, Prezident İlham Əliyevin sosialyönümlü siyasəti Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində məqsədyönlü addımların atılacağına təminat verir. Bu amil qarşıdakı illərdə də önəm kəsb edəcək, mühüm addımlar atılacaq.
Almaz HƏŞİMOVA,
YAP Füzuli rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB