Həyatda elə hadisələr baş verir ki, özümüzdən asılı olmayaraq onun təsiri altına düşür, ona tabe olmaq məcburiyyətində qalırıq. Artıq üç ilə yaxındır ki, çağırılmamış qonaq olaraq qapılarımızı açdığımız COVİD kimi. Nə ağlımıza gələrdi, nə də xəyal edərdik ki, günlərin bir günü həyatımızda elə bir dəyişiklik baş verəcək ki, hər şey alt-üst olacaq, xəyallarımızda qurduğumuz arzular arzu olaraq qalacaq, milyonlarla insanın nəsibi olanlar bizə nəsib olmayacaq, minlərlə yaxınımızı, əzizimizi itirəcəyik, həm də acı xatirələrini bir ömür unuda bilməyəcəyimiz dərəcədə...
Çox qəribədir ki, bu qonaq sanki yerini-yurdunu bəyənmiş və heç də getmək fikri yoxdur. Bu gün onunla bağlı statistik göstəricilər yenə də ürəkaçan deyil. Təəssüf ki, bu statistika gündən-günə artan xətlə yüksəlir. Deməli, belə davam edərsə, yenə də qapanmalar, qorunmalar lazım gələcək və sair.
Bütün dünyada, eləcə də ölkəmizdə elə bir adam tapılmaz ki, onun COVİD-lə bağlı acı, hər xatırladığında ürəyini sızladan xatirələri olmasın. Mənim də bir COVİD dəftərim var. Bu günlər onu yenidən vərəqləməli oldum. Əslində bu xatirə dəftərini əlimə almaq belə istəməzdim. Çünki onun hər səhifəsi ilə sanki bir kitab oxuyur, bir film izləyirsən ki, günlərlə təsirindən çıxa bilmirsən. Lakin ölkəmizin quru sərhədləri ilə bağlı bəzilərinin hər dəfə lüzumsuz söhbətləri ilə dəftər məni onu əlimə almağa vadar edirdi.
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçımızın bu məsələyə toxunması və “Halbuki, əfsuslar olsun, yeni məlumat var, özü də Ümumdünya Səhiyyə Təşkilatı bu məlumatı yayıb ki, indi bəzi ölkələrdə yenə maska rejiminə keçmək lazımdır. Biz, əlbəttə ki, bu tendensiyaları izləyirik və biz pandemiyanın ən ağır dönəmində də qapanmaya getmişdik, sonra vəziyyət yaxşılaşanda açılırdıq. Yəni, bu, canlı bir prosesdir. Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərindən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur. Biz COVID dövründə milyardlarla vəsait ayırmışıq, indi mən bunu təkrarlamaq istəmirəm” kimi münasibətindən sonra COVİD dəftərini əlimə aldım. Ötən üç ildəki qeydlərimi bir də ürək ağrısı ilə gözdən keçirdim. Və belə qərara gəldim ki, onları siz oxucularıma da çatdıram və xatırladam ki, biz bütün bunları yaşamışıq. Bəlkə bunları unudanlar varsa, quru sərhədlərin açılması ilə bağlı ağzıgöyçəklik edirlərsə, onlar da buyurub bu yazını oxusunlar...
Minlərlə əli qoynunda insanın “Biz birlikdə güclüyük!”lə xilası
COVİD gəlişi ilə minlərlə insanın əlindən işini aldı, onların əllərini qoynuna qoydu. Həmin dövrdə Prezident cənab İlham Əliyev deyirdi: “Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”.
Bəli, ölkəmizdə pandemiya dövrü üçün hazırlanan sosial paketlərin icrası nəticəsində birinci mərhələdə 600 min şəxsi əhatə edən birdəfəlik ödəmələr verildi. Ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 80 minə çatdırıldı ki, bu da 330 min şəxsin təminatı demək idi. 65 yaşdan yuxarı 15 min tənha insana evlərində sosial xidmətlər göstərildi. İlkin mərhələdə 20 min aztəminatlı ailəyə ərzaq yardımı edildi. Sonrakı mərhələlərdə bu rəqəm 35-40 minə çatdırıldı. Aztəminatlı ailələrdən olan 24 min tələbənin təhsil haqqlarının ödənilməsini dövlət öz üzərinə götürdü və bunun üçün 40 milyon manat vəsait ayrıldı. Elektrik enerjisi limiti 100 kilovat-saat artırıldı. Sahibkarlara dəstək proqramı həyata keçirildi, vergi ödəyicilərinə güzəştlər tətbiq olundu. Daha bir yeni sosial paket hazırlanıb həyata keçirildi ki, bu, yuxarıda sadalananlar ilə birlikdə 2,5 milyon əhalini əhatə etdi.
Ümumilikdə isə labüd pandemiya dövründə bütün təbəqələrdən olan insanı düşünən dövlətimizin düzgün siyasəti nəticəsində hər bir Azərbaycan vətəndaşı bu bəla qarşısında əzmlə durmağı bacardı. Ölkəmizdə koronavirusa yoluxanlar ilə müqayisədə sağalanların dəfələrlə çox olmasını, ürək yanğısı ilə qarşıladığımız həyatlarını itirənlərin digər ölkələrlə müqayisəolunmaz göstəricisini nəzərə alaraq böyük qürur hissi ilə deyə bilərik ki, kiçik ölkəmiz böyük ölkələrə böyük örnək oldu. Tarixə yazılan bu sətirləri pandemiya ilə mübarizəyə gecikən ölkələrin rəhbərləri də, Ümumdünya Səhiyyə Təşkilatı da dəfələrlə səsləndirdi. Pandemiya dövrü bir də onu sübut etdi ki, dövlətin bacarığı o vaxt üzə çıxır ki, prosesi düzgün idarə edə bilir.
Toysuz köçən gəlinlər...
Haqqında söhbət açdığımız COVİD minlərlə gəncin arzularını gözündə qoydu, fərqindəsinizmi? Bir qızın əlinə gəlincik alıb “evcik” oynamağa başladığı vaxt ona bacarar-bacarmaz ilk tikdiyi paltar gəlinlik olur. Bilmir bu paltarın mahiyyətini, lakin genetik ötürücülərlə qız övladımıza verdiyimiz duyğu ilə tikir onu. Televiziya ekranlarında, qohum toylarında gördüyü gəlinlərə bənzətmək istəyir öz gəlinciyini. Öz gəlinciyi isə onun özüdür, deməli, o özünü o gəlinlərə bənzədir. Beləliklə də şüur altında bu ağ paltara sevgi yaranır. Onu nə vaxtsa geyinmək sevgisi...
Bəli, bir qızın gəlinlik geyinib ”Vağzalı” ilə ata evindən gəlin köçməkdən böyük arzusu yoxdur. Bunu hamımız bilirik. Ona görə də övladlarımızın bu arzusunu nəyin bahasına olur-olsun gerçəkləşdirməyə çalışırıq. Lakin pandemiyanın ən ağır dövründə gəlin görək neçə-neçə qızlarımız öz arzularının üzərindən xətt çəkməli oldular. Onlar nə toy gördülər, nə düyün, sadəcə ailə həyatı quracaqları oğlanla birlikdə qeydiyyat şöbələrinə müraciət etdilər, nikahları kəsildi və sakitcə bir maşına əyləşib evlərinə yollandılar.
Gəlinlik geyinənlər də oldu, lakin toysuz-düyünsüz... Hansı ki, o arzularda ağ gəlinliklə onu görəcək yüzlərlə adamın əyləşdiyi zallara, mağarlara gəlmək vardı. Hər kəsin onun gəlinliyinin gözəlliyini görməsi vardı. Bu gəlinlikdə yaxınlar, qohumlar, rəfiqələr ilə şəkillər çəkdirmək arzusu vardı. Olmadı, bütün bunlar arzu olaraq ürəklərə çökdü. Minlərlə qız toysuz ailə qurdu. Çünki xəstəlik tüğyan edirdi, insanlar bir yerə toplaşa bilmirdilər. Ölüm addım-addım onları izləyirdi. Kimin hansı gündə, hansı saatda həyata əlvida deyib əzizlərindən ayrılması bəlli deyildi. Bunu biz bilmirdik, “COVİD” bilirdi. O kimi yaxalayırdısa, buraxmır, özü ilə aparır, bütün cəhdlərimizə baxmayaraq doğmamaızı onun qanlı əllərindən ala bilmirdik.
Daha sonrakı mərhələlərdə-pandemiya bir az səngiyəndə az sayda adamla olsa da, toylara icazə verildi. Lakin bu toylar da bir qızın, bir oğlanın arzularını gerçəyə çevirmək gücündə olmadı. Çünki az sayda insanlar hər iki tərəfin ən yaxın qohumları olurdu. Nə qızın rəfiqələri, tələbə yoldaşları, nə də oğlanın dost-tanışları onların toyunda iştirak edə bilmirdilər. Hansı ki, gənclər uşaqlıqdan toylarının xəyalını dostları, rəfiqələri, tanışları ilə qurmuşdular... Biz bunları kənardan müşahidə etdikcə ürəyimiz şan-şan olurdu. Övladımızın puç olan arzuları fonunda göz yaşımızı onların görmədiyi hər an axıdırdıq.
Bu gün COVİD-lə bağlı məlumatlara hər gün nəzər saldıqda ötən illərdə baş verən bu kimi hadisələr gözlərim önündə canlanır. Və fikirləşirəm ki, görəsən bunları yaşayan kimsə bu bəlanın yenidən artmasını necə düşünməyə bilər?..
Anasının yas mərasiminə gələ bilməyən 8 bacı - qardaş
Biz kimləri itirdik bu pandemiya dövründə, İlahi. Nə ziyalılarımız, alimlərimiz, həkim, müəllimlərimiz, əzizlərimiz bir neçə günün qurbanına çevrildilər. Bu da bir alın yazısı imiş ki, o insanlar dinimizin qayda-qanunlarına uyğun olmayan şəkildə bu dünyadan köç edəcəkmişlər.
Bəli, bax, pandemiya budur. Onun gücü qarşısında biz çox zəifik. O halda zəifik ki, o bizə tərəf gəldikcə, qaçmırıq, qarşısında dayanıb meydan oxuyuruq. Lakin belə deyil. Ona güc gəlmək üçün kənara çəkilməyin, qapanmağın, qorunmağın üstün olduğunu gördük. Gördük ki, bu çağırılmamış qonaqla zarafat həyat bahasına başa gəlir..
2020-ci il idi. Onsuz da blokada şəraitində olan Naxçıvan paytaxt Bakıya təyyarə reysləri də dayandırmışdı. Gediş-gəliş yox idi. Baxmayaraq ki, pandemiyanın tüğyan etdiyi bir vaxt idi, lakin Hənifə xanım öz əcəli ilə dünyasını dəyişmişdi. Uzun illər idi ki, ürək çatışmazlığından əziyyət çəkirdi. Görünür, COVİD-in sədası övladları Bakı şəhərində yaşayan bu qadını onları bir daha görə biləcəkmi-bilməyəcəkmi narahatlığı ilə yorğan-döşəyə salmışdı. Qadın günlər idi ki, həyatla mücadilə edirdi. Və günlərin bir günü nəfəsi ta gəlmədi. Naxçıvanda doqquz övladından tək bir qızı yaşayırdı. Anasının cənazəsi başında yalnız o qızı oturdu. Altı bacısı və iki qardaşı Bakıda yaşamadıqları üçün yas mərasiminə gələ bilmədilər. Təsəvvür edə bilərsinizmi telefon vasitəsilə ananı ağlamağı? O yas mərasimində iştirak etmək, inanın ki, dəhşət idi. Onların bağrı bir yanda, bu bacının da bağrı bir yanda çatlayırdı. Axı valideyn itirəndə bacı-qardaşlar bir-birinə təsəlli verə-verə o acı günləri adlaya bilirlər. Bir bacı təkcə qalmışdı ortalıqda. Bilmirdi gələn qonaqları yola salsın, yoxsa bir-birinin ardınca zəng vuran bacıları, qardaşları ilə birlikdə anasını ağlasın.
Yəni bu hadisəni nağıl etməklə bu bir ailənin timsalında yüzlərlə belə ailələrin olduğunu vurğulamaq istəyirəm. Neçə-neçə ailənin tamamilə məhv olduğundan, neçə-neçə övladların ata-anasını, neçə ana-atanın gənc övladlarını itirdiyindən, qonşu, qohum, iş yoldaşı, rəfiqə, dost itirdiyimizdən, onların acı xatirələrinin bir ömür bizi tərk etməyəcəyindən bəhs etmək istədim.
Bütün bunlar hər birimizin gözləri önündə baş verib. Belə olan təqdirdə necə qaydalara qarşı çıxmaq istəyi ürəyimizə gələ bilər? Bütün bunları təkrar yaşamaq istəyirikmi? Əsla. İstəmirik və kim bunları unudubsa, xatırlatmağa hazırıq.
“Son zəng”siz gənclər, “İlk zəng”siz uşaqlar
Hər kəsin həyatında ilk və son zənglə başlanan və bitən təhsil illəri var ki, onların hər ikisini təntənə ilə qeyd edirik. Bu, bir tərəfdən xalqımızın təhsilə verdiyi dəyərdən, digər tərəfdən isə hər birimizin həyatında yalnız bircə dəfə olmasından irəli gəlir. Bəli, yalnız bircə dəfə...
Bəs 2020-ci ildə orta ümumtəhsil məktəblərini bitirən minlərlə gəncin həyatında necə, bunlar yalnız bircə dəfə olan hadisələr deyildimi? Axı onlar da özlərini dərk edəndən hər il məktəblərindəki “Son zəng”lərdə öz “Son zəng”lərinin xəyalını qurmuşdular. Onlar hər il bir yaş böyüdükcə, uşaqlıqdan yeniyetməliyə, yeniyetməlikdən gəncliyə qədəm qoyduqca “Son zəng”i necə qeyd etmələrini planlaşdırır, bunu səbirsizliklə gözləyirdilər.
İllər ötdü. Onlar böyüyüb on birinci sinif şagirdləri oldular. Dərs ilinin əvvəlindən “Son zəng”lərinin xəyalı ilə yaşadılar. Lakin dərs ilinin sonunda bu tədbiri keçirməyin mümkünsüzlüyü ilə qarşılaşdılar. Onlar nələr yaşadıqlarının fərqində olanlar varmı? Bəli, var. Valideynləri, müəllimləri, ailə üzvləri bu məzunların göz yaşlarını silənlər, təsəlli verənlər oldular.
Minlərlə gəncin COVİD üzündən arzusu ürəyində qaldı. O gündən bir foto belə gələcəyə xatirə qalmadı. Üzərinə “Məzun-2020” yazılan lentlər həmin il mağazalarda satılmayan əşyaya çevrildilər. Çünki heç kimə lazım deyildi, “Son zəng” olmayacaqdı. O gənclər onlayn “Son zəng” keçirdilər, bilirsinizmi? O da ki, kimin evində, telefonunda internet bağlantısı vardısa. O da necə olar, bunu təsəvvür etmək heç də çətin deyil.
Həmçinin də həmin dərs ilinin birinciləri. Onlar da ilk dərs gününün təntənəsini yaşaya bilmədilər, ilk zəngləri də çalınmadı. Bağçadan məktəbəqədərki dövrdə uşaqları o gün üçün hazırlayan, nələr olacağını əvvəlcədən danışan valideynlər uşaqları qarşısında sanki yalançı vəziyyətində qaldılar. Uşaqlar valideynlərinin dediklərinin heç birini görmədilər və onların kiçik qəlbində bir inciklik yarandı. Bu incikliyin kiçik beyinlərdə hansı xatirələrin təməlini qoyması isə gələcək illərdə bilinəcək.
COVİD-ə heç də ciddi yanaşmayan, quru sərhədlərin açılmaması səbəblərini görə bilməyən əziz insanlar, bunları unutmusunuzmu? Yoxsa sizin övladlarınız olmayıb o gənclər, o uşaqlar arasında? Olmayıbsa, düşünün ki, sizin də övladlarınızın növbəti dərd ilində ilk və son zəngləri çalına bilər...
İki düşmən: erməni və COVİD
Biz dünyanı bürüyən koronavirus pandemiyası dövründə bütün dünyadan fərqli bir vəziyyətdə idik. Biz bir yox, iki düşmənlə qarşı-qarşıya idik. Onlardan biri COVİD, digəri isə 2020-ci ilin sentyabrında başlanan İkincı Vətən Müharibəsində torpaqlarımızdan qovub çıxarmaq mücadiləsinə qalxdığımız ermənilər idi. Hər ikisi virus dərəcəsinə görə bir-birinə çox oxşar idi. Bu səbəbdən də ölkəmizdə vəziyyət gərgin idi. Lakin göründüyü kimi, dövlətimiz bütün addımları ilə bu gərginliyi arxada qoydu. İnsanların kütləvi şəkildə məhv olduğu, bütün dünya iqtisadiyyatının tənəzzülə uğradığı bir dövrdə iki düşmənlə mübarizə aparmaqla kiçik ölkəmiz həqiqətən dünyanın böyük ölkələrinə örnək oldu.
Ölkəmizdə xəstəxanalarımız COVİD xəstələri ilə dolu olduğu, onların müalicəsi üçün böyük vəsait lazım gəldiyi bir vaxtda Qarabağda qızğın müharibə gedirdi. Cəbhə hər dəqiqə silah-sursatla, ərzaqla təmin olunmalı idi. Ön cəbhədə erməni, arxa cəbhədə COVİD kimi düşmənləri eyni vaxtda məğlub etməsəydik, onların hər ikisi həyasızcasına üstümüzə ayaq açacaqdılar.
Lakin biz bacardıq. Çünki hər iki düşmənlə mücadilədə həmrəylik nümayiş etdirdik. Dövlətimizin başçısının çağırışlarına səs verdik, birləşdik, bir olduq, həmrəy olduq. Bir yumruq ətrafında birləşdik. O yumruğu cəbhədə ermənin başına endirib 30 il işğal altında qalan torpaqlarımızı azad etdik. Minlərlə şəhid versək də, minlərlə sağlamlığını itirən qazimiz olsa da, biz şərəf işimizi həll etdik. Torpaqlarımızı geri aldıq.
Bu ağır müharibənin fonunda ölkədə pandemiya ilə mübarizə, insanları qarşılaşdıqları çətinliklərdən azad etmək paralel şəkildə aparıldı. Heç biri diqqətdən bir dəqiqə belə kənarlaşdırılmadı. Çünki böyük tələfatla, itki ilə üzləşə bilərdik. Lakin həyata keçirilən tədbirlər hər iki düşməni təhlükəsizləşdirdi. Biz Qarabağda Zəfər çaldıq. COVİD savaşında da itkilərimiz çox olsa da, ona da qalib gəldik. Lakin “düşmən düşmənliyində qalır” deyiminə əsasən milli ordumuz sərhədlərimizdə erməni adlı düşməni nəzarətdən buraxmadığı kimi, bizlər də quru sərhədlərimizdən bu xəstəliyin ölkəmizə sızmasına nəzarət edirik ki, məğlub düşmən acıqlı olar...
Xoşbəxt pişiklər, bədbəxt pişiklər...
Mənim çoxdan belə bir qənaətim vardı ki, insanlar kimi, heyvanların da alın yazısı var: onlar da xoşbəxt və ya bədbəxt ola bilirlər. Bunu evlərdə, həyətlərdə saxlanılan pişiklərlə küçədə özbaşına yaşayan pişiklərin üzərində müşahidə edərək bu qənaətə gəlmişdim. Həyətlərdəki pişiklərin yaşam tərzi, onların yeməyi, gəzməsi, hətta balalarını dünyaya gətirəndə onlara bizlərin dəstəyi... Və küçədəki pişiklərin yemək mücadiləsi, balalarını dünyaya gətirərkən bir etibarlı yer tapmaq axtarışları, ağızlarında onlara yemək daşımaları...
Pandemiyadan tək insanlar deyil, heyvanlar da çox əziyyət çəkdilər. Yaşadığım evin yaxınlığında restoran var idi. Bu restoran həm də pişiklərin yemək üçün üz tutduğu ünvan idi. Orada çalışanlar da, insafən yaxşı adamlarmış, pişiklərə yemək verirdilər. Məhəllədə həmişə pişikləri çox gümrah görürdüm. Həyətimizdə saxladığımız pişiklər isə yəqin ki, verdiyimiz yeməklə kifayətlənirdilər, bu səbəbdən heç o restorana tərəf keçməzdilər.
Elə ki pandemiya gəldi, ölüm sayları sürətlə artdı, qapanmalar oldu, restoranlar aylarla bağlı qaldı, bax həmin dövr o pişiklər üçün də çox ağır keçdi. Onlar artıq bizim həyətə üz tutmuşdular. İnanın, o qədər arıqlamışdılar ki, necə deyərlər, bir dəri, bir sümük qalmışdılar. Tükləri yaprıxmışdı, rəngləri də qəribələşmişdi. O pişiklər bizim pişiklərin yanında o qədər miskin görkəmdə idilər ki, vallah, baxdıqca adamın ürəyi şan-şan olurdu. İlk vaxtlar bizim pişiklər onları heç də məmnunluqla qarşılamadı. Yemək üstündə hey davaları düşürdü. Lakin bir təhər gizlində, aşkarda onları da yemləməyə çalışırdıq. Sonra bildik ki, pişiklər bütün qonşu həyətlərə üz tutublar.
Mən onda bir daha anladım ki, heyvanların da xoşbəxti, bədbəxti olurmuş. Deməli, bir restoran bir neçə pişiyin alın yazısı, yem yeri imiş. Pandemiya dövrü isə onların bu firavan həyatını əllərindən almışdı. Dilsiz-ağızsız pişiklər çətinliklə üzləşməli olmuşdular. Yeməkləri bir yana, onlar suyu necə acgözlüklə içirdilər, kaş ki, görən olardı.
Bəli, haqqında danışdığım pişiklərin timsalında minlərlə it, pişik var ki, belə restoran, kafe, yeməkxanalar onların alın yazısıdır. Onlar fəaliyyət göstərirlərsə, o pişiklər ac qalmır. Məhz buna görə də kaş ki, COVİD yenidən aktivləşməyə. Qapanmalar olmaya. Çünki bundan biz insanlarla yanaşı, heyvanlar da əziyyət çəkəcək.
Onlayn həyat
COVİD həm də həyatımızı onlaynlaşdırdı. İndi tez-tez yazılarımızda qohumun qohum qapısını açmamasından, bayramlarda, ad günlərində bir-birilərini onlayn şəkildə təbrik etmələrindən, görüntülü zənglərlə ata-analarını görən övladların ta onları canlı ziyarət etməyə ehtiyac duymamasından yazırıq, bunları problem məsələlər kimi ortaya qoyuruq. Eyni zamanda insanların telefonlara meyl etməsini, gün ərzində saatlarla sosial şəbəkələrdə gəzmələrini, saatlarla onlayn olmalarını pis vərdiş kimi pisləyirik. Lakin etiraf edək ki, bütün bunlar COVİD-in bizə “töhfələridir”. Uzun müddətdə evdən çıxmayan insanlar təbii ki, başlarını nə iləsə qatmalı idi. Bu səbəbdən də ən əlverişli vasitə kimi telefondan istifadəyə başladılar. Nəticədə isə dünənədək telefona bağlılıq bir idisə, oldu on.
Nəzər salsaq, onlayn görüşlər, danışıqlar, alış-verişlər, dərslər, məşğələlər, hazırlıqlar-hamısı COVİD-in əsərləridir. Bizə isə həyatımızı bu qədər onlaynlaşdırmaq əsla lazım deyildi. Çünki biz mentaliteti, qədim adət-ənənələri olan xalqıq. Bunlara əməl etmək, gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur. Beləliklə onlayn həyatımızı bir qədər səngidək və elə edək ki, COVİD bir daha bu onlaynlaşmaya dəstək ola bilməsin.
Beləliklə COVİD dəftərindən bir necə xatirələri yada salmaqla onun nələrə səbəb olduğunu nəzərdən keçirdik. Və belə qənaətə gəldik ki, yenə də həmrəyliklə, bir-birimizi qarşılıqlı anlama ilə onu həyatımıza yaxın buraxmamalıyıq. Mübarizə isə həmişə qalibiyyətə aparan yoldur, bunu unutmayaq!
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB