Kolbasalarda donuz piyindən istifadə edilir? - MÜTƏXƏSSİSLƏR FAKTLARI AÇIQLADI

Kolbasalarda donuz piyindən istifadə edilir? - MÜTƏXƏSSİSLƏR FAKTLARI AÇIQLADI

"Halal nemət adı" altında satılan kolbasa məhsullarının tərkibində donuz piyindən istifadə olunurmu?

Məsələ ilə bağlı SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev bildirib ki, donuz əti qida sənayesi üçün sərfəli ətdir: "Kolbasa, sosiska və bir çox qida məhsullarında donuz ətindən də, yağından da istifadə olunduğu məlumdur. Demək olar ki, donuzun sümüyündən tükünə qədər bütün hissələri sənayedə istifadə olunur. Donuz ildə iki, bəzən üç dəfə doğum edir və hər doğumda 15-20-yə yaxın bala dünyaya gətirir. Donuzun yağlılığı yüksək olduğu üçün sənayedə yağından geniş istifadə olunur. Üstəlik bəslənməsi də şüşə xaric, leş daxil hər şey yediyi üçün çox sərfəlidir.

Azərbaycanda istehsal olunan kolbasaların etiketində donuz yağının qatılmasına dair hər hansı bir qeyd yoxdursa, lakin bu barədə şübhə varsa, labaratoriyada müəyyən etmək olar.

Digər məqamlardan biri də ölkəmizin şimal bölgəsində donuz fermaları var və bu ətlərin hansı təyinatlı istifadə olunduğunu araşdırmaq lazımdır. "Halal" markası altında kolbasa istehsalında donuz ətindən istifadə olunub-olunmaması istehsalçının vicdanına qalmış məsələdir. Kolbasa ÜST-ün də istehlakını azaltmağı tövsiyə etdiyi qida məhsullarındandır. Ayda 2-3 dəfədən artıq kolbasa, sosiska yemək tövsiyə olunmur. İstehsal zamanı kolbasanın həm rənginin qorunması, həm rəf ömrünün uzadılması üçün bir çox kimyəvi qatqı maddələri qatılır. Çox kolbasa, sosiska istehlakı insanlarda obezitə (piylənmə) daxil, xərənçəngə meyillilik riskini artırır".

Məsələ ilə bağlı din xadimi Mircəfər Eyyubov bildirib ki, kolbasa emalı ilə əlaqədar olaraq xalq arasında əsası olmayan bir fikir yaranıb: "O da belədir ki, kolbasa yalnız donuz piyinə bağlıdır. Bu qətiyyən belə deyil. Bunun ən bariz nümunəsi budur ki, hazırda müsəlman ölkələrindən - İranda Türkiyədə, Ərəbistanda ümumiyyətlə donuz əti yemək xalqın ənənəsinə ziddir. Amma kolbasa istehsal olunur və kolbasa istehsal edən mütəxəssislər də qeyd edirlər ki, kolbasada ya inəyin iç piyi, ya da donuz piyi istifadə olunur. Hətta bu yaxınlarda bitki tərkibli formulu da tapılıb. SSRİ dövründə kolbasa ilə donuz piyi qoşa səsləndiyi üçün camaatın təfəkküründə bu belə formalaşıb. Tibbi baxımdan müəyyən xəstəliyi olan insanlara kolbasa yeməyi həkimlər məsləhət görmürlər. Amma bu o demək deyil ki, tibbi baxımdan ziyandırsa dini baxımdan da ziyandır. Əgər hansısa kolbasa fabriki insanı aldadırsa, "halal" adı altında haram məhsul satışa çıxarırsa təbii ki, bu məsələlər araşdırılmalıdır. Onlar şəriyət baxımından doğru sayılmır, qəti şəkildə haram hesab olunur. Hər hansı bir müsəlmandan ət və ət məmulatlarını alırıqsa onu araşdırmaq vacib deyil və həmin məhsulun haram olduğunu bilmiriksə halal sayılır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə