Başı aşağı məsələsi Felyeton

Başı aşağı məsələsi Felyeton

Kişilər həmişə o qadınlara böyük hörmət bəsləyirlər ki, onlar başı aşağı olurlar. Yəni küçədə gedərkən ora-bura boylanmır, nəzərlərini yerə dikirlər. Kişilər düşünürlər ki, qadınlar bunu onların hörmətini qazanmaqdan ötrü edirlər. Lakin çox yanılırlar. Bu, əksər qadının damarlarından axan qanın tərkibindən irəli gəlir.

Həqiqətən də gözləri göydə gəzdirib harasa ilişib yıxılmaqdansa və yaxud ətrafdakı eybəcərlikləri görməkdənsə başı aşağı yola davam etmək hamısından yaxşıdır. Elə nənə-babalarımız, ata-analarımız da həmişə qız uşağını qarşısına əyləşdirib təlim-tərbiyə verəndə ilk sözləri bu olub ki, qız xeylağı başı aşağı olmalıdır. Bu, o demək deyil ki, başını o qədər aşağı dikəsən ki, ətrafı görməyib yıxılıb şikəst olasan, qarşıdan gələnlərlə toqquşub xəsarət alasan. “Başı aşağı ol” o mənada deyilirdi ki, gözlərinin nəzərini ehmalca aşağı dik. Bu, qadının yaraşığı, həqiqətən bənzərsiz keyfiyyətidir. Nəsihət dinləyən qızlar da böyüdükcə bu öyüdü qulaqlarında sırğa edib həyatları boyu nəzərlərini yerə endirməyə üstünlük verirlər.

Bəli, qadınların bu xüsusiyyəti də bizim cəmiyyətin kişilərinin çox xoşuna gəlib və onların dilində belə bir deyimə çevrilib: filankəsin qızı, filankəsin bacısı bilirsən necə başı aşağıdır. Ailə quranda da belə qızla evlənəsən. Hətta yaxın dost-tanışlarına da belə qızlarla ailə qurmağı məsləhət bilirlər.

Müasir cəmiyyətimizdə ta nənə-baba, ata-ana öyüdünü telefonlar əvəz edib. Küçədə-bacada, nəqliyyatda indi kişili-qadınlı əksəriyyət başı aşağıdır. Telefonlarda saatlarla vaxt keçirən insanlar var. O gün küçədə onlardan ikisinin toqquşmasının şahidi oldum. Biri qız, digəri oğlan idi. İkisinin də əlində telefon vardı, gözləri telefonda, sürətlə addımlayırdılar. Yəqin işə, harasa tələsirdilər. Bir-birilərinə necə çarpıldılar, deyə bilmərəm. Onu deyim ki, başladılar bir-birini günahlandırmağa. Qız oğlana dedi ki, korsan, oğlan da qıza dedi, qarşına bir bax da. Nə isə ki, uzun söz-söhbətdən sonra hərəsi öz yoluna davam etdi.

Nəqliyyatda da belə hadisələrlə tez-tez qarşılaşmaq olur. Bir də görürsən ki, diqqət o qədər telefonda, nəzərlər aşağıdadır ki, düşünürsən ki, bunlar yaxşı ki, yıxılıb şil-küt olmurlar.

Bu yaxınlarda bir qadın nəqliyyatda telefona o qədər dalıb qalmışdı ki, enəcəyi dayanacağı keçib getmişdi. Sonra da sürücü ilə əsəbi şəkildə danışmağa başladı. “Qarşıda bir yerdə saxlayın”,- dedi. Sürücü isə “orada saxlaya bilmərəm”,- deyəndə ortalığa dava düşdü. Mən müşahidə etdiyim üçün kimin haqlı, kimin haqsız olduğunu görürdüm. Lakin müşahidə etməsəydim, mən də digər sərnişinlər kimi heyrət içində onların hansının haqlı olduğunu aydınlaşdırmaqda çətinlik çəkəcəkdim.

Hələ o gün metroda, olardı dörd qız, hamısı birinin telefonunda nəyəsə baxır, ucadan gülürdülər. O qədər özlərinə qapılmışdılar ki, yolu kəsdiklərinin fərqində deyildilər. Camaat onların yan-yörəsindən bir təhər keçib o yana, bu yana hərəkət edirdi. Heç kim də dinmirdi. Düşündüm, ona görə dinmirlər ki, ağızlarını açıb haqsız olmaqdansa, susmaq qızıl qiymətinədir.

Nə isə, yenə mətləbdən xeyli uzaqlaşdım. Nə edim, deyir söz sözü gətirər. Bu başı aşağı olmaq məsələsi özündə xeyli mətləbləri cəm edir. Lakin mən tamamilə başqa mövzudan danışacaqdım, gör gəlib hansı söhbəti saldım ortaya.

Keçim mətləbə. Hə, doğrudan da başı aşağı olmaq gözəl keyfiyyətdir. Qız-gəlinin iffətidir. Elə buna görə də əsrlər boyu bu, öyüdə çevrilib, qızlarımıza tövsiyə olunub. Lakin kaş ki, o ata-babalarımız, nənə-analarımız sağ olardı, onlardan bir söz soruşardıq. Soruşardıq ki, qızları qarşınıza qoyub günlərlə “başı aşağı olun”,- deyib bunu beyinlərinə yeridəndə, oğlanları heç bircə dəfə qarşınıza qoyub “küçədə, ictimai yerə tüpürməzlər” demisinizmi? Yəqin cavab belə olacaqdı ki, əlbəttə, demişik. Mən də inanıram ki, bu, onlara dəfələrlə tövsiyə olunub. Lakin yəqin bəzi nəzərləri göydə qadınlar kimi, tüpürcəkləri yerdə kişilər də var. Necə deyərlər, öyüdü bu qulağından alıb, o qulağından havaya ötürüblər.

Kaş ki, qalardı o nənə-babalar, görərdilər ki, “başı aşağı olun” dedikləri qadınlar yerdə əksər kişilərin murdar tüpürcəklərini görməkdən necə bezar olublar. Vallah görsəydilər, müasir dövrdə gözləri ətraflarda dolaşan, nəzərləri telefondan ayrılmayan qızları qınamazdılar da. Deyərdilər ki, yerə baxıb “ürəyin ağzına gəlincə”, cəhənnəm göyə bax, eyib etməz.

Yəqin həmin nənə-babalar yerə tüpürən kişilərə də belə deyərdilər ki, “canınız gözünüzdən çıxsın”. Başı aşağı qız-gəlini bəyənirdiniz, hörmət edirdiniz. Ta onları başı aşağı görməyəndə, qınamayın. Onlardan yox, özünüzdən küsün...

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə