Şəhər sakinləri "Meymunçiçəyi" virusu ilə bağlı nə düşünür? - SORĞU

Şəhər sakinləri "Meymunçiçəyi" virusu ilə bağlı nə düşünür? - SORĞU

İki ildən çoxdur ki, insanlar dünyanı cənginə alan koronavirusla mübarizə aparırlar. Bildiyimiz kimi bu virus nəticəsində minlərlə insan həyatını itirib. Zaman keçdikcə virus mutasiyalara uğrayaraq zərərsizləşib və öz təhlükəsini itirib. İndi isə bir çox ölkələrdə "meymun çiçəyi" virusu yayılıb. Bu günə qədər virus İngiltərə, İspaniya, Portuqaliya, ABŞ, Kanada, İsveç, İtaliya, Fransa, Belçika, Almaniya və Avstraliyada müşahidə edilib. Bəs görəsən şəkər sakinləri "meymunçiçəyi" virusu ilə bağlı nə fikirləşirlər?

SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb:

Şəhər sakini Nigar Əliyeva: “İnsanlar biraz daha ehtiyatlı olmalıdır. Çünki biz iki il ərzində koronavirus pandemiyasından əziyyət çəkmişik. Virusun azalmasını bir çox insanlar virus bitmiş kimi hesab edir. Amma ki, pandemiya bitməyib. Biz çox diqqətli olmalıyıq ki, yenidən qapanmaya getməyək. Dünyada “meymunçiçəyi” adlı yeni növ virus yaranıb. Bu virus ölkəmizdə olmasa da, gələcəkdə yayılmaması üçün müxtəlif tədbirlər görməliyik”.

Şəhər sakini Sadiq Qurbanov: “Son günlərdə yoluxma sayı artıb. Bu səbəbdən düşünürəm ki, yenidən qapanmaya gedə bilərik. Əsrlər boyu xəstəliklər, viruslar olub. Amma biz hələ digər virusdan canımızı təzə qurtarmışıq. İnşallah ki, bu virus bizim ölkəyə də yayılmaz. Allah hər kəsə şəfa versin".

Şəhər sakini Esmira Bağırlı: “Heç kəs yenidən pandemiyanın olmasını, qapanmaya getməyimizi istəməz. Çünki bu virusun yayılması təbii ki, pisdir. İnşallah bizim ölkəyə yayılmaz. Düşünürəm ki, dövlətimiz bununla bağlı ciddi tədbirlər görməlidir. Bu virusun ölkəmizdə yayılmasının qarşısını almaq lazımdır. İstəmirik ki, yenidən ölkəmizdə viruslar baş qaldırsın, qapanmalar olsun".

Şəhər sakini Aydın Məmmədov: ““Meymunçiçəyi” virusu ilə bağlı məlumatım yoxdur. Lakin viruslar təhlükəli bir şeydir. Ölkəmiz, dünyamız hələ təzəlikcə bir virusdan canını qutarıb. Təzə-təzə öz əvvəlki həyatımıza qayıtmışıq. İstəmərəm ki, yenidən virus olsun, qapanmalar olsun”.

Şəhər sakini Nəzakət Qurbanova: ““Meymun çiçəyi” virusunun yayılması heç yaxşı hal deyil. İnsanlar yenidən əziyyət çəkməli olacaqlar. Kaş bu virusun qısa zamanda qarşısı alınar. Allahdan hər kəsə sağlamlıq arzu edirəm”.

Şəhər sakini Məhəmməd Rzayev:““Düzdür, artıq bir çox ölkələrdə bu virus yayılıb. Deyirlər ki, bu çiçək xəstəliyi kimidir. Amma yenə də virusun yoluxması istənilən deyil. Virusun yoluxması təbii ki, təhlükəlidir. Deyirlər ki, hələ Azərbaycanda yayılmayıb. Heç yayılmasın da. Allah dövlətimizi qorusun”.

Şəhər sakini Günay Abdullayeva: ""Belə bir virusun olduğundan xəbərim yoxdur. Amma düşünürəm ki, bu virus bizim ölkəyə yayılmaz. Yaqin ki, bununla bağlı ölkəmizdə qabaqlayıcı tədbirlər görərlər. Allah xalqımızı qorusun".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə