"...O vaxt, fevralın 24-də, dramın məzənnəsi hələ dəyişməmiş, biz deyirdik ki, müharibənin başlaması qısa vaxtda Ermənistan iqtisadiyyatına xeyir verəcək. Əsas da var idi, birincisi, deyirdik ki, müharibə ilə “razılaşmayan” bəzi ruslar Ermənistana gələndə özləri ilə filan qədər pul gətirəcəklər, ikincisi isə, Rusiya qaz və neftini rubla satmağa başlayacaq və biz bundan da “n” qədər irəli düşəcəyik”.
Deməli, bunu Ermənistanın keçmiş baş naziri olmuş iqtisadçı və eyni zamanda özünə “Azadlıq” adlı partiya qurmuş Qrant Baqratyan deyir.
Əslində, sabiq baş nazirin deyib arzuladıqları artıq bu gün Ermənistanda “reallaşıb”. Təbii ki, rusların rublla satdıqları qaz və neftdən ermənilərin nə qədər irəli düşdükləri barədə xəbərsiz olsaq da, amma Ermənistana gəlib burada müvəqqəti də olsa, iş quran rusların, o gün də dediyimiz kimi, elə tör-töküntüsü erməniləri qane etməlidir.
İndi Qrant Baqratyanın dediklərindən belə başa düşülür ki, “nəticə elə də pis deyil”.
Maraqlıdır, bəs onda sabiq naziri qane etməyən nədir?
Sən demə, rusların Ermənistana gətirdiyi rus rubllarının çoxluğu Ermənistanda rublun profisitini yaradıbmış. Bilirsiniz profisit nədir? Mən də bilmirdim, amma axtarşb öyrəndim. Deməli, profisit ölkədə yaranan büdcə artıqlığıdır. Yəni, büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləği.
Deyim ki, bu mənə bizim o filmdəki “...ayə, bu qədər də barıt qoyarlar?” ifadəsini xatırlatdı.
O da maraqlıdır ki, bu gün ermənilərin milli valyutaları olan darmın müvəqqəti də olsa “təxtə çıxmasını” məhz bununla əlaqələndirən Baqratyan baş verənlərdə günahkar kimi Ermənistan Mərkəzi Bankını görür.
Amma o əmindir, “...dramın yenidən qiymətləndirilməsi uzun sürməyəcək, bu birdəfəlik hadisədir, müharibə bitəndən sonra bu təsir tədricən aradan qalxacaq”.
İndi erməni iqtisadiyyatında kiçik də olsa artım olduğunu deyən Baqratyan, bu artımın ucuz, spekulyativ artım olduğunu da etiraf edir: “...hazırda Rusiyadan daşıyırıq, ruslar gəlib, restoranlarda çoxlu çörək verirlər, burada cüzi artım var. Amma bu, müharibə bitəndən sonra azalacaq spekulyativ artımdır”.
Təbii ki, bir müddət bundan əvvəl Putinin ölkəni tərk edən rus iş adamlarının Rusiyaya qayıtmağın vaxtının çatdığını söyləməsi başqa ermənilər kimi, Baqratyanı qane etdiyini deyə bilməsəm də, amma o yaxın 10-15 ildə Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmayacağına “əmindir”. Lakin bununla belə Baqratyan bildirir ki, “Rusiyada iqtisadi fəallığı inkişaf etdirmək mümkün olacaq dərəcədə zəiflədiləcək”.
Ermənistanda son 6 ayda ərzaq məhsulları xəttində 13-14, dollar qiymətlərində isə 40 faiz artım olduğunu deyən sabiq nazir bununla belə ölkədə pensiyanın bir dram belə artmadığını diqqətə çatdırıb. Baqratyana görə, bu gün biz təqaüdçülərimizi, sadəcə olaraq varlığını, hətta ölümlə qurtarmağa məhkum edirik: “...təkcə onu demək lazımdır ki, son 20-25 il ərzində onlar heç vaxt belə pis yaşamamışdılar”.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra Ermənistanın 2019-cu ildəki vəziyyətə qayıtmasının mümkünlüyü ilə bağlı səslənən fikirlərə Baqratyanın cavabı birmənalı olmayıb. Əslində, isə o bu cavabdan yayınmağa çalışıb.
Yeri gəlmişkən, Ermənistanın tənəzzülü, ələbaxımlığı barədə yazan erməni mətbuatı, təbii ki, Azərbaycandakı inkişafı “həzm edə bilməsə də” amma bəzi etiraflarda bulunmağa məcbur olub. Belə ki, iyunun 26-da Azərbaycanın Kəlbəcər və Laçın rayonlarına səfər edən Prezident İlham Əliyevin burada ordunun xüsusi təyinatlı dəstəsinin hərbi hissəsinin açılışını etdiyini, Tərtər çayında yeni su elektrik stansiyasında olduğunu, 13 kilometrlik tunelin tikintisi ilə tanışlığını, Mrov dağlarının altında, Ağar çayı üzərində böyük su anbarı çəkdirdiyini, keyfiyyətli asfalt yolları yoxladığını, həmçinin bir sıra digər mühüm layihələri elan etdiyini qısqanclıqla da olsa etiraf edirlər.
Azərbaycanın geri aldığı rayonları möhkəmləndirdiyini, kommunikasiyalar apardını, logistika yaratdığını, əraziləri geniş məskunlaşma üçün hazırladığını, bunun üçün nəhəng strateji layihələr həyata keçirdiyini və onlara vəsait əsirgəmədiyini həsədlə də olsa müşahidə etdiklərini yazır.
...Əslində, bunlar xəbis erməni qısqanclığı kimi qəbul edilməlidir, doğrudan da, o “inkişaf” hara, bu inkişaf hara...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB