Ağsaqqallar Şurasından xeyirxah aksiya

Ağsaqqallar Şurasından xeyirxah aksiya

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin təşəbbüsü ilə Şura növbəti xeyirxahlıq missiyasına start verib. Belə ki, dünya müsəlmanlarının müqəddəs Qurban bayramı münasibətilə təşkilat tərəfindən Sabunçu rayonunun Maştağa, Bilgəh, Nardaran və Zabrat qəsəbələrində şəhidlərin ailə üzvlərinə, qazilərə və aztəminatlı ailələrə qurban paylarının çatdırılmasına başlanılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Şuranın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, adları çəkilən qəsəbələrdə yaşayan ailələrə baş çəkərək qurban paylarını təqdim edən Azərbaycan Ağsaqqallar Şurasının nümayəndələri rəhbərlik adından onları Qurban bayramı münasibətilə təbrik edərək, bundan sonra da şəhid ailələrinə, qazilərimizə və aztəminatlı ailələrə qayğı göstəriləcəyini qeyd ediblər.

Göstərilən diqqəti məmnunluqla qarşılayan və buna görə təşəkkürlərini bildirən sakinlər dövlət səviyyəsində hər zaman böyük qayğı ilə əhatə olunduqlarını vurğulayıb, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Ümumilikdə 2500-yə yaxın ailə üçün nəzərdə tutulmuş bu aksiya Qurban bayramı günlərində - iyulun 9-da və 10-da həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının nümayəndələri mütəmadi olaraq müxtəlif bayramlarda şəhidlərin ailə üzvlərinə, qazilərə və aztəminatlı ailələrə baş çəkərək, onlara Şuranın adından yardım payları, sovqatlar təqdim edirlər. Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin təşəbbüsü ilə həyata keçirilən bu nəcib əməllər ölkəmizdə şəhid ailələri, müharibə əlilləri, qazilər və aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli üzrə dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə