AzMU Azərbaycan təhsinin üz qarasına çevrilir - ARAŞDIRMA

AzMU Azərbaycan təhsinin üz qarasına çevrilir - ARAŞDIRMA

Başı şəxsi biznesinin idarə edilməsinə qarışan rektor Gülçöhrə Məmmədova Memarlıq və İnşaat Universitetində istedadlı memar kadrların yetişdirilməsini yaddan çıxarıb

İstəsək də istəməsək də və ya qəbul etməsək də reallıq ondan ibarətdir ki, bu gün ölkəmizdə tanınan, istedadlı memarlarımızın sayı bir o qədər də çox deyil. Yəni barmaqla sayılan səviyyədədir. Çünki, ölkəmizdə bir sıra tarixi abidələrin bərpa olunması və yaxud Şərqlə Qərbin sintezini özündə birləşdirəcək yeni binaların tikintisinin layihələndirilməsi üçün xarici ölkələrdən memarlar dəvət olunur. Bu halda sual olunur, memar kadrlar hazırlamağı bir vəzifə olaraq üzərinə götürmüş Azərbaycan Memarlıq və İnşaat Universiteti nə işlə məşğuldur. Bu təhsil ocağının professor-müəllim heyətinin saxlanılması üçün hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Eyni zamanda tələbələrin təhsil haqqından milyonlarla maliyyə vəsaiti əldə edirlər. Elə isə, uğurlu nəticələr niyə yoxdur? Yüksək maliyyə təminatı qarşılığında təbii ki, universitetin kadr hazırlığı və göstəriciləri elm ictimaiyyətinin gözləntilərinə uyğun olmalıdır. Ancaq Memarlıq və İnşaat Universiteti istedadlı memar kadrların hazırlanmasında gərəksiz və əhəmiyyətsiz təhsil ocağı olması təsirini bağışlayır.

Nədən professor- müəllim kollektivi rektordan narazıdır?

Digər fakt ondan ibarətdir ki, Universitet nəinki Avropanın, hətta keçmiş sovet respublikaları arasında ən geridə qalan ali təhsil ocaqlarındandır. Bunu bu yaxınlarda açıqlanan keçmiş sovet respublikalarının tanınmış 100 universitetinin siyahısında Memarlıq və İnşaat Universitetinin adının olmaması da təsdiqləyir. Belə faciəvi vəziyyəti müşahidə etdikdə, sual yaranır, ikiqat keçmiş deputat, memarlıq doktoru, professor, keçmiş məmur, biznesmen-sahibkar və nəhayət 1999-cu ildən Memarlıq və İnşaat Universitetinə rəhbərlik edən Gülçöhrə Məmmədova niyə savadlı, istedadlı kadrların hazırlanmasına cəhd göstərmir və ya buna istək nümayiş etdirmir? Niyə təhsil sistemində uğursuz kursa və fəaliyyətə malikdir? Nədən professor-müəllim kollektivi rektordan narazıdır? Səbəb nədir ki, hər il onlarla tələbə universiteti tərk edir? Suallar kifayət qədər çoxdur. Sadəcə bir qismini qeyd etməklə aydın olur ki, rektorun başı var-dövlət yığmağa qarışdığından, universitetdə baş verənləri yaddan çıxarıb. Yəni biznesi elmi fəaliyyətdən üstün tutur. Universitetin qocaman müəllimlərindən olan Müqabil Həsənovun ( özünü belə təqdim edir - İ.Ə) bizimlə söhbətində dediyinə görə, rektorun Gürcüstanda, Rusiyada və Türkiyədə iri biznes şəbəkəsi mövcuddur. İkiqat deputat və memarlıq doktorunun tez-tez sözügedən ölkələrə səfərlər etməsi də məhz obyektlərindəki vəziyyəti yerindəcə öyrənmək istəyi ilə bağlıdır. Bir növ kefindən də qalmır. İstirahətə çıxmaq, yaxtalarda gəzmək, bahalı mağazaladan alış-veriş etmək, lüks otellərdə gecələmək, ecaskar qalaların mərkəzində yerləşən restoranlarda nahar etmək onun həyat tərzidir. Olsun, varlığa nə darlıq. Tələbə ailələrini banklara, faizlərə salmaq, müəllim-professor kollektivinin cibini kəsmək nəyə lazım idi ki? Talan edilən büdcə vəsaitləri, yığılan pullar ən bahalı restoranlarda, yeyib, içmək, istirahət mərkəzlərində istirahət etmək, milyonlarla insana xəyal kimi görünən füsunkar aləm qoynunda bəxtəvər saatlar keçirmək üçün idi ki, onu da edir. Ancaq qeyd etdiyim kimi, aradabir keyf dünyasından ayılıb, rəhbərlik etdiyin müəllim-tələbə heyətini də düşünmək lazımdır, Gülçöhrə xanım. Necə ola bilər ki, Gülçöhrə xanım ölkəmizdə və xaricdə bir neçə gözqamşdırıcı villalara, evlərə, bahalı xarici avtomabillərə, obyektlərə sahib olur, ömürünün az qala 35-40 ilini elmə, təhsilə həsr etmiş müəllim hələ də nimdaş kostyumda evindən işə gedib, gəlir, bəlkə də qarın doyusu nahar edə bilmir. Ədalətsizlik, deyilmi? Necə ola bilər ki, 24 ildir rektor kimi univeristetdə lövbər salıb, Əzrayıl qapını döyməyincə kreslonu boşaltmayacağını iddia edən Gülçöhrə xanım bəd əməllərinə etiraz edən, qanunsuz işlərinə narazlıqlarını bildirən bilikli, savadlı müəllimləri və əməkdaşları işdən azad edir. “Pul-pulu gətirər” prinsipinə zərgər dəqiqliqi ilə əməl edən xanım biznesmen-rektor həm də, İnşaat Kollecini və Layihə İnstitutunu nəzarətində saxlayır. Bütün bunlar azmış kimi Fizika-Riaziyyat təmayüllü lisey də təsis edib. 70 yaşa doğru addımlayan bir insan nə böyük enerjiyə, imkanlara malikdir ki, sayı-hesabı bilinməyən obyekləri, evləri, univeristeti, liseyi və kolleci idarə etsin? Müəmmalı olduğu qədər, təccüblü deyilmi?

Əminik ki, minlərlə oxucumuz, sosial şəbəkədəki istifadəçiləri başlarını bulayıb, “bəli, çox təccüblüdür” deyəcəklər.

Qeyd edək ki, Memarlıq və İnşaat Univeristetində cəryan edən xoşagəlməz hallar, Gülçöhrə Məmmədovanın biznes imperiyası, dövlət maraqlarına zidd fəaliyyəti və digər maraqlı məsələrə dair kitab qələmə alıram. Yaxın vaxtlarda kitab işıq üzü görüb, oxucuların mühakiməsinə veriləcək.

Qaz vurub, qazan doldurmağın zamanıdır

Bu arada sosial şəbəkələrdə Gülçöhrə xanım Məmmədovanın rektor olmasından geninə-boluna bəhrələnərək, var-dövlətini genişləndirməsi barədə xəbəri oxuyub, stasisitika ilə tanış olanda dəhşətə gəldim, əcaba xanım nə yaman diribaş biznesmen-rektor imiş. Məlumatlara istinad etsək, bəlli olur ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti mətbəə çap işləri üçün "A-Delfin-AA" MMC-yə 19133 manat, dəftərxana və təsərrüfat malları üçün "İnci Grour of Comranies" MMC-yə 104 min 938.53 manat, digər maşın və avadanlıqlar üçün "Aysberg SH" MMC-yə 103 min 958 manat, kommunal və kommunikasiya xidmətləri üçün EM-İnşaat MMC-yə 24 min 944 manat, idarənin xərcləri üçün "Xəzri Grour" MMC-yə 109 min 769 manat, inventarın alınması üçün "Qardaşlar Mebel-3" MMC-yə 249 min 442.56 manat, mühafizə xidməti üçün "Gesco" ASC-yə 80 min manat, digər alış və xidmətlər üçün TET MMC-yə 58 min 800 manat, avadanlığın alınması üçün "Automax TT" MMC-yə 48 min 509 manat, liftlərə texniki xidmət üçün "Aslift" MMC-yə 48 min 73.2 manat, internet xidməti üçün "AZRENA AA" MMC-yə 23 min 760 manat, mətbəə çar işləri üçün "Automax" TT MMC-yə 19 min 943 manat, cari təmir üçün "Retro Holding" MMC-yə 43 min 999.6 manat pul ödəyib. Nəticə də 2 milyon manata yaxın vəsait ciblərə ötürülüb.

Təhsil naziri təsirli tədbirlər görməyə tələsməsə...

Müasir dünyamızın yeniliklərlə zəngin olduğu faktdır. Xüsusilə də, təhsilin keyfiyyət və kəmiyyətində mühüm dəyişiliklər baş verir və proses davam etməkdədir. Təəssüf ki, Memarlıq və İnşaat Univeisiteti müasir dövrün yeniliklərindən uzaq olan təhsil ocağıdır. Bu universitetdə hələ də köhnə təhsil sistemi hökm sürür. Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov ADA, Bakı Ali Neft Məktəbi, UNEC istisna olmaqla digər univesitetlərin, təbii ki, Memarlıq və İnşaat Univeisitetinin köhnə təhsil sistemi əsasında fəaliyyətini davam etdirdiyini bildirib: “Azərbaycan universitetlərinin idarə edilməsində köhnə tədris proqramlarından istifadə olunması, ümumilikdə təhsilin məzmununun yenilənməməsi, digər tərəfdən dərsliklərlə bağlı olan problemlər kifayət qədər çoxdur. Çox az sayda universitetlərimiz var ki, onlar özlərinin yeni dərsliklərini, tədris proqramlarını formalaşdıra biliblər. Əlbəttə universitetlərin demək olar ki, hamısında tədris proqramları formalaşıb. Amma onlardan çox azı günün tələblərinə cavab verə bilir. Məsələn, ADA, Bakı Ali Neft Məktəbi, UNEC və s. kimi universitetləri nümunə göstərmək olar. Amma təəssüf ki, böyük əksəriyyətində köhnə tədris proqramları, müasir tələblərə cavab verməyən dərsliklər, eyni zamanda universitetlərin pedoqoji heyyətinin yeni tələblərə cavab verməməsi kimi məsələlər həllini tapmayıb. Təsadüfi deyil ki, artıq həmin ali təhsil müəssisələrinin məzunları əmək bazarında çox böyük çətinliklərlə üzləşirlər. Halbuki, bu gün Azərbaycan əmək bazarında kifayət qədər işçiyə tələbat var. Düşünürəm ki, burada ali təhsil müəssisəninin rəhbərliyindən də çox şey asılıdır”.

Bir sözlə, fakt ondan ibarətdir ki, Memarlıq və İnşaat Univeristeti Gülçöhərə xanım Məmmədovanın yarıtmaz rəhbərliyi səbəbindən öz tarixi adını, şan-şöhrətini itirməkdədir. Yəqin ki, təhsil naziri Emin Əmirullayev təsirli tədbirlər görməyə tələsməsə, ən azı Baş Prokuroluq yanında Korrupsiyaya qarşı Mübarizı İdarəsinin əməkdaşları, eləcə də Dövlət Təhlükəsizlik Xidmətinin qara maskalıları günün birində Gülçöhrə xanımın kabinetinin qapısını döyməsələr Univeristetin öz mövcudluğunu itirəcəyi şübhəsizdir. Çünki, fəlakət həqiqətən də kulminasiya nöqtəsinə yüksəlib.

Bizdən Memarlıq və İnşaat Univeristetində baş verən rüsvayçı halları qeyd edib, həyacan təbili çalmaq, ilkin neqativ məqamları diqqətə çatdırmaqdır. Təbii ki, sonrakı addım təhsil nazirinin verəcəyi qərardan və hüquq mühafizə orqanlarının atacaqları addımlardan asılıdır.

İ.ƏLİYEV
P.S. Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə