Kijəbə qəsəbəsində səyyar qəbul və görüş - FOTOLAR

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kijəbə qəsəbəsində vətəndaşlarla səyyar qəbul-görüş keçirmişdir. Qəbulda rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

İcra başçısı qəsəbədə və nümayəndəliyə daxil olan kəndlərdə keçirilən səyyar qəbul-görüşlərin səmərəli olduğunu, qaldırılan problemlərin əksəriyyətinin həllinə nail olunduğunu bildirmişdir. Sizinlə ilk görüşlərimizdə Ulu Öndərin dəfələrlə qəsəbədə olduğunu, sakinlərlə səmimi görüşlər keçirdiyini fəxrlə qeyd edərək, adına istirahət parkının salınmasını təklif etmişdiniz. Qəsəbədə görülən ilk işlərdən biri bu parkın salınması oldu. Bundan sonra qəsəbə tam orta məktəbi, ailə sağlamlıq mərkəzinin binası əsaslı təmir olunmuş, bayraq meydanı salınmış, səkilərə daş üzlüklər döşənmiş, qəsəbənin əsas küçələrinin işıqlandırılması təmin olunmuşdur. Kijəbə-Maşxan, Kijəbə-Ojakəran, Kijəbə-Qəcimardə, Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolları və Lovayın yaşayış massivinə gedən yollar asfaltlaşdırılmış, Şəmətük kəndində avtomobil körpüsü salınmış, suötürücü kanallar lildən təmizlənmiş, xeyli quruculuq-abadlıq işləri görülmüşdür. Yaxın günlərdə qəsəbə daxili yola iki istiqamətdə asfalt döşənəcəkdir. Bu görüşdə də məqsədimiz sizi dinləyərək narahatlıq doğuran məsələlərin həllinə birgə nail olmaqdır.

Sakinlər çıxış edərək son illər respublikamızda və rayonumuzda görülən işlər, qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Çəkilən asfalt yolların, tikilən təhsil-səhiyyə müəssisələrinin, digər quruculuq-abadlıq işlərinin əhalinin güzəranını xeyli yaxşılaşdırdığını qeyd edərək razılıqlarını bildirmiş, sakinlərlə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına minnətdarlıq etmişlər. Görülən işlərlə yanaşı qəsəbə sahə xəstəxanasının istilik sisteminin qaz xəttinə birləşdirilməsi, təzə məhəllələrin qazlaşdırılması, suötürücü kanalın qazılaraq təmizlənməsi, qəsəbə daxili yolların təmiri barədə təkliflər vermişlər.

İcra başçısı qaldırılan müəyyən məsələlərin həllindən ötrü idarə, müəssisə rəhbərlərinə tapşırıq vermiş, digərlərinin həllinin diqqətdə saxlanacağını bildirmişdir.

Qeyd etmişdir ki, doğrudan da müstəqil dövlətimizin inkişafı, tərəqqisi bizi hədsiz sevindirir. Uzun illər həlli əngələ çevrilən Qarabağ problemi Müzəffər Ali Baş Komandanın uzaqgörən siyasəti, yüksək hərbi bacarığı və qəhrəman oğullarımızın fədakarlığı, böyük Vətən sevgisi ilə həllini tapmışdır. Xalqın öz rəhbərinə sonsuz inamının nəticəsi idi ki, yumruq kimi birləşərək cəsur əsgər və zabitlərimizin yenilməz gücü ilə 44 gün müddətinə düşməni ağır məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etdilər. Bununla da bütün şəhidlərimizin qisası alındı. Xalqımız indi haqlı olaraq bu qələbənin sevinci və qürurunu yaşayır. Vəhşi, quldur düşmənin minaladığı və xarabalığa çevirdiyi əraziləri bərpa etməkdən ötrü dövlətimiz gecə-gündüz çalışır. Doğma yurdlarından qaçqın düşən soydaşlarımızın öz məkanlarına qayıtması üçün hazırda böyük layihələrin icrası həyata keçirilir. Bununla yanaşı digər regionların, o cümlədən rayonumuzun inkişafı da diqqət mərkəzindədir. Hazırda avtomobil yolları təmir olunur, Deqədi, Səlivə, Burzubənd kəndlərinə təbii qaz xətti çəkilir, digər abadlıq işləri görülür. Bu qədər quruculuq və abadlıq işlərinin aparılması ölkəmizin böyük iqtisadi gücünü göstərməklə, əhalinin normal yaşayışının təmin edilməsi, rifah halının yaxşılaşdırılmasına xidmət edir. Görülən hər bir işin arxasında cənab Prezidentimiz durur.

Bunlar xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə bəxş etdiyi əmin-amanlıq və ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin nəticəsidir. Tam əminliklə deyirəm ki, getdikcə Azərbaycanımız daha güclənəcək və ən böyük hədəflərinə çatacaqdır. Bu işlərdə biz də hər zaman ölkə rəhbərinə dəstək olmalı, ətrafında sıx birləşməli, birlik nümayiş etdirməliyik.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...