Təbii balla saxta balı necə ayırd etmək olar? - EKSPERT AÇIQLADI

"Təbii balın faydalarına dair maarifləndirmə işi genişləndikcə, günbəgün təbii bala olan tələbat da artmağa başlayıb. Bu halı fürsət bilən bir çox işbazlar bal adı ilə saxta ballarla bazarı doldurmağa başlayıb". Bu fikirləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, bu gün bazarlarda iki cür bal var: "Biri qatqısız təbii bal, digər saxta bal. Marketdən bal alarkən qablaşdırmanın üzərində tərkib yazılan hissədə baldan savayı qlükoza, qlükoza siropu, fruktoza siropu, şəkər kimi maddələr yazılıbsa, o bal qatqılı baldır. Təbii bal qiymət olaraq da baha olur.

Çiçək balı ilə şəkər qarışdırılmış balı bir-birindən ayırd etmək üçün kibrit çöpünün üzərinə bir az bal qoyub işığa tutub baxaraq müəyyən edə bilərik. Güclü bir işığa tutulan, damcılamağa başlayan balda işıqlar sol tərəfə toplanırsa, çiçək, sağ tərəfə toplanırsa şəkər qarışdırılmış baldır. Ancaq sağ tərəfə toplanan işıq hər zaman şəkər qarışdırılmış balda olmur. Bəzən şam və fərqli bitkilərdən əldə olunan balda da işıq sağ tərəfə toplanır.

Satın aldığınız balı saxladıqca bankası yuxarıdan aşağıya doğru şəkərləməyə başlayırsa, saxta olma ehtimalı zəifdir. Xüsusilə soyuducuda 30 günə yaxın qalan təbii bal kərə yağına bənzər bir hala gəlir.

Saxta balların rəngi çox vaxt əsl baldan daha açıq görünür. Ancaq hər tünd rəng bal əsl bal deyildir. Saxta bal istehsalçıları balın rəngini tündləşdirmək üçün müxtəlif vasitələrdən də istifadə edirlər.
Təbii bal şərbət kimi çox şirin olmur. Qlükozalı bal daha şirindir. Balı ağıza aldıqda bir neçə cür dad alınır. Saxta, qatqılı ballarda bir dad olur.
Əsl balın qoxusu yoxdur. Balı iyilədikdə qoxu ala bilirsinizsə, qatqılı olma ehtimalı var. Ancaq hər qoxusuz bal əsl deyildir. İstehsalçılar bir qism qatqı maddələri ilə balların qoxusunu aradan qaldıra bilirlər. Əsl balı qaşıqla götürdükdə bir müddət qırılmadan süzülə bilir. Əgər qaşıqla götürdükdə süzülmürsə, saxta olma ehtimalı var.
İlıq bir suya 1 yemək qaşığı bal salın və gözləyin. Bal əsl əsl baldırsa, saldığınız kimi qalacaq, lakin qatqılı baldırsa, tez əriməyə balşayacaq.

Qeyd etdiyimiz üsullar tez-tez istifadə olunan üsullar olsa da, ən etibarlı üsul balı labaratoriyada analiz etdirməkdir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə