“İpək yolu” Beynəlxalq Musiqi Festivalı keçirilir - FOTOLAR

“İpək yolu” Beynəlxalq Musiqi Festivalı keçirilir - FOTOLAR

2010-cu ildən etibarən qədim diyarımız olan Şəkidə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki şəhər İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “İpək yolu” Beynəlxalq Musiqi Festivalı keçirilir. SİA xəbər verir ki, bu il sənətsevərlər yenə də Festivalın şahidi olacaqlar.

Belə ki, Şəki “İpək yolu” XI Beynəlxalq Musiqi Festivalı iyul ayının 7-9-u tarixlərində Şəkidə keçiriləcək. Festivalla bağlı iyulun 4-də Azərbaycan Bəstəkarlar İttifaqında mətbuat konfransı oldu. Mətbuat konfransını giriş sözü ilə açan festivalın bədii rəhbəri, Xalq artisti, UNESKO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadəfestivalın əhəmiyyətindən və bu illər ərzində festivalda iştirak edən görkəmli musiqiçilərdən və musiqi kollektivlərindən söhbət açdı. Firəngiz xanım öz çıxışında konsertlərin yüksək səviyyədə keçirilməsini qeyd etdi. Konsertlərin əsasən də tarixi məkanlarda keçirilməsini, hətta “Leyli və Məcnun”, “Əsli və Kərəm, “Şah İsmayıl” kimi milli operalarımızın Yuxarı Karvansarayda səhnələşdirildiyini və tamaşaçılar tərəfindən də böyük rəğbətlə qarşılandığını xüsusi vurğuladı. Bu konsertlərin başdan sona qədər “Mədəniyyət” kanalı tərəfindən yazılıb, televiziyada göstərilməsini, qızıl fonda daxil olmasını qeyd etdi. Əsas məqsəd də bu festivalı Pandemiyadan sonra yenidən bərpa etməkdir. Bu mənada Firəngiz xanımŞəki “İpək yolu” XI Beynəlxalq Musiqi Festivalının zəngin proqramı haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, konsertlərdə səslənən əsərlərin əksəriyyəti bizim zəfərimizə həsr olunub. Bu da təbiidir, çünki bu il həm də “Şuşa ili” ilə əlaqədar olaraq ifaçılarımız da zəfər müjdəli əsərlərə öz repertuarlarında geniş yer verirlər.

Firəngiz xanım qeyd etdi ki, Şəki “İpək yolu” XI Beynəlxalq Musiqi Festivalı iyulun 7-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin çıxışı ilə başlayacaq. Həmin gün 19.00-da “Dərviş” qrupunun, saat 21.00-da isə Marxal Yay Teatrında festivalın təntənəli açılış mərasimindəF.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı olacaq. İyulun 8-də saat 13.00-da Şəkinin Heydər Əliyev Mərkəzində “Simurq” muğam ansamblının iştirakı ilə konsert, saat 20.30-da isə Yuxarı Karvansarayda Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistləri tərəfindən“Sevil” operası təqdim olunacaq. Bu əsərin festivala daxil edilməsi görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyi ilə əlaqədardır.

İyulun 9-da sənətsevərlər saat 12.00-da Marxal Yay Teatrında Şəkinin “Zirvə” folklor ansamblının çıxışını izləyəcəklər. Saat 20.30-da isə festivalın təntənəli bağlanış mərasimində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışı olacaq.

Firəngiz Əlizadə festivalın proqramı haqqında danışdıqdan sonra sözü festivalda iştirak edəcək kollektivlərin rəhbərlərinə verdi. Belə ki, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblınınbədii rəhbəri, Xalq artisti, professor Ağaverdi Paşayev, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrınınbaş rejissoru, Əməkdar incəsənət xadimi Hafis Quliyev, “Simurq” ansamblının bədii rəhbəri Elnur Mikayılov çıxış edərək repertuarları haqqında və Şəki “İpək yolu” XI Beynəlxalq Musiqi Festivalının əhəmiyyəti barədə mətbuat konfransının iştirakçılarına öz fikirlərini söylədilər.

Mətbuat konfransında dəfələrlə Şəki “İpək yolu” XI Beynəlxalq Musiqi Festivalında iştirak edən Azərbaycan Bəstəkarlar İttifaqının katibləri, əməkdar incəsənət xadimləri Zemfira Qafarova, Cəlal Abbasov da festivalın yüksək əhəmiyyətindən söhbət açdılar. Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçsi Səadət Təhmirazqızı, Beynəlxalq Muğam Mərkəzinin mətbuat katibi Lalə Azəri də çıxış edərək Şəki “İpək yolu” XI Beynəlxalq Musiqi festivalının musiqi tariximiz üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, festival iştirakçılarına uğurlar arzuladılar.

Konfransda Mədəniyyət kanalının, “Xəzər” televiziyasının, eyni zamanda “Mədəniyyət” qəzetinin, “Səs” İmformasiya Agentliyinin və digər mətbuat orqanlarının nümayəndələri də iştirak edirdilər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə