Şəhər sakinləri Qurban bayramını necə keçirəcəklər? - SORĞU

Şəhər sakinləri Qurban bayramını necə keçirəcəklər? - SORĞU

Qurban bayramı İslam dininin ən müqqəddəs bayramlarından biridir. Bəs, Qurban bayramında qurbanlıqlar necə kəsilməlidir və kimlərə paylanılmalıdır? SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb:

Şəhər sakini Səbirə Əliyeva: "Hər il Qurban bayramını keçiririk. İmkan olduqca qurban alıb kəsməyə çalışırıq. Keçən il də qurban kəsmişdik. Amma bu maddi imkana görə qurban kəsə bilməyəcəyik. Əlbəttə ki, əvvəlki illərdə qurban kəsdikdə ehtiyacı olanlara, kasıblara paylayırdıq".

Şəhər sakini Vüqar Əliyev: "Əgər din üçün kəsilirsə, yəni qurban kimi yoxsullara paylanacaqsa, kəsilmə zamanı bütün gigiyena qaydalarına mütləq əməl olunmalıdır. Heyvanın kəsilməsi zamanı bütün qaydalara riayət etmək lazımdır. İslam aləmi üçün düzgünü məhz budur. Qurban pulla verilə bilməz. Qurban Allahın rızası üçün imkanı olmayan şəxslərə, yoxsullara verilən bir paydır. Gigiyena qaydalarına əməl olunmazsa, burada qurbanlıqdan söz gedə bilməz. Qurban bayramı dini bayramdır. Buna görə qurbanların təmiz şəkildə və islama uyğun qayda ilə kəsilməyi çox vacibidir. Pay verilən ətin keyfiyyəti də çox önəmlidir".

Şəhər sakini Dilşad Nağıyeva: "Qurban bayramı dini bayramdır. Buna görə qurbanların təmiz şəkildə və islama uyğun qayda ilə kəsilməyi çox vacibdir. Qurban payında kasıb ailələr xüsusi olaraq seçilməlidir. Bəzi insanlar maddi cəhətdən yaxşı olan insanlara da qurban payı verir".

Şəhər sakini Sirac Sadıqov: "Antisanitar şəkildə qurbanların kəsilməsi ilk öncə olaraq dinimizə uyğun deyil. Dinimizdə qurbanın kəsilməsinin öz qayda-qanunları var. Belə ki, heyvana əziyyət verilməməli, iti bıçaqla kəsilməli və heyvanın gözü bağlanmalıdır. Eyni zamanda təmiz yerdə kəsilməsi olduqca vacibdir"

Şəhər sakini Nuranə Əzimova: "Qurban bayramı bütün müsəlman ölkələrinin keçirtdiyi dini bayramdır. Bu baxımdan bu bayrama verilən diqqət daha çoxdur. Küçələrdə antisanitar şəkildə qurbanların kəsilməsi qəbuledilməzdir. Onu xüsusi yerlərdə kəsib ehtiyacı olanlara paylamaq lazımdır. Qurbanların maddi cəhətdən imkanı olan qohumlara və ya tanışlara verilməsini düzgün hesab etmirəm. Yalnız kasıblara paylanmalıdır".

Şəhər sakini Şükür Əliyev: "Gigiyenik qaydalara əməl olunmadan kəsilən qurbanlar var. Düşünürəm ki bu səhvə yol vermək olmaz. Hazırda bəzi yerlərdə bu qaydalara riayət olunur. Lakin təəssüflər olsun ki, küçənin ortasında islam dininin qaydalarına əməl olunmayan yerlər də var. Qurban bayramı ən müqqəddəs bayramlardan biridir. Şəraitsiz yerdə qurban kəsmək olmaz. Pay veriləcək heyvanın əti də keyfiyyətli olmalıdır. Xəstə heyvanları kəsmək olmaz. Bu proseslərin hamısı müsəlman adət-ənənəsinə uyğun olmalıdır. Qurban kəsdirəndə və pay veriləndə insanlarda müəyyən bir sevinc yaranır".

Şəhər sakini Zərifə Alıyeva: "Qurbanların çoxu küçələrdə kəsilir. Bu mənada adiyyatı qurumlar qurbanların kəsilmə şəraitinə diqqət yetirməlidir. Bu şəkildə kəsilən qurbanlar Allah tərəfindən də qəbul olunmaz. Qəssablar daha çox pul qazanmaq üçün şəraitə yetərincə önəm vermirlər. Eyni zamanda kasıb ailələr xüsusi olaraq seçilməlidir. Bəzi insanlar maddi cəhətdən yaxşı olan insanlara da qurban payı verir. İcra hakimiyyətləri bayramda yoxsullara qurban paylanmasına və ərzaqla təmin olunmasına yardım edir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə