Deputat Göyçay və Ağdaş rayon polis şöbələrində görüş keçirib - FOTOLAR

Bu il Azərbaycan polisi 104 illiyini qeyd edir. 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Azərbaycan Polisi Günü münasibəti ilə şəxsi heyəti təbrik etmək üçün ictimai asayişi qoruyan, qanunun keşiyində duran polis işçiləri ilə 02 iyul 2022-ci il tarixində Göyçay və Ağdaş Rayon Polis Şöbələrində görüş keçirdi.

Qeyd edək ki, bu gün 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edilməsi tarixi ilə bağlı olaraq Azərbaycan Respublikası Prezidentinin 24 may 1998-ci il tarixli, 710 nömrəli Fərmanına əsasən ənənvi olar bütün ölkə miqyasında qeyd olunur.

Tədbirdən öncə millət vəkili ilk növbədə rayon polisinin şəxsi heyəti ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi üzərinə güllər düzərək ruhunu dərin ehtiramla yad etdi.

Sonra rayon polis şöbələrində keçirilən görüşlərdə çıxış zamanı M.Əfəndiyev ilk növbədə tədbir iştirakçılarını müstəqil dövlətimizin əsas sütunlarından olan Azərbaycan polisinin 104 yaşı münasibəti ilə təbrik edərək Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanlarının tarixi əhəmiyyətindən söz açdı.

Eyni zamanda istər Birinci, istərsə də İkinci Qarabağ-Vətən Müharibələrində, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman polislərimizdən bəhs edərək 460 nəfər polis əməkdaşının, 511 nəfər Daxili Qoşunların hərbi qulluqçularının şəhidlik zirvəsinə ucaldığını xüsusi vurğuladı.

“1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə Azərbaycan polisi böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, daha sonra 30 illik müstəqillik tarixinin formalaşmasında, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb”.

Daha sonra deputat müstəqillik illərində dövlətçiliyin qorunmasında Daxili İşlər Nazirliyi əməkdaşlarının göstərdiyi fədakarlığı, onların hər zaman Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirməsini vurğulayaraq keçən müddət ərzində hüquq-mühafizə orqanlarının öz fəaliyyətlərini yeni çağırışlara uyğun quraraq insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin qorunması, ölkədə haqq və ədalətin bərqərar olunması sahəsində böyük əzmkarlıq göstərdiklərini, qətiyyətli mübarizə apardıqlarını qeyd etdi.

Məzahir Əfəndiyev eyni zamanda Azərbaycan polisinin çətin pandemiya dövründə də ölkədaxili sabitliyin qorunmasını təmin edərək, habelə karantin şərtlərinin icrasında, yeni çaöırışların mənimsənilməsində böyük əziyyətlərini, hər an insanların təhlükəsizliyinin və sağlamlığının keşiyində ləyaqətlə durduğunu xüsusi vurğuladı.

Sonda rayon polis şöbələrinin rəhbərliyi və şəxsi heyət səmimi görüşə görə millət vəkilinə öz minnətdarlıqlarını bildiriblər.

Bir daha Azərbaycanın bütün polislərini təbrik edir, onlara çətin və şərəfli işlərində müvəffəqiyyət diləyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə