“Neqativ hallar həmin kanalın nüfuzuna xələl gətirir” - SƏDR MÜAVİNİ İRAD BİLDİRDİ
“Hər hansı bir KİV-də efir standartlarından kənar və ümumi mənəvi dəyərlərə zidd davranış ilk növbədə həmin KİV-in özünə zərər gətirir. Sonuncu hadisədə göstərdik ki, “ARB” kanalında olan bu hadisəni heç kim bəyənmədi. Yəni, elə bir Azərbaycan vətəndaşı və ya tamaşaçı tapılmadı ki, bu məsələyə müsbət rəy bildirsin. O baxımdan bu onu göstərir ki, hər kəs mövzuya yanaşmada eyni mövqedən çıxış edirsə, deməli həqiqətən də baş vermiş hadisə ümumi əxlaq normalarına ziddir”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, televiziyanın auditoriyası xalqdırsa, deməli bu məsələlərə diqqət edilməlidir: “Bu cür hərəkətlər aparıcıların qeyri-etik, ümumi dəyərlərə və efir mədəniyyətinə zidd davranışı ona efir məkanı vermiş televiziya kanalı üçün mənfidir”.
Müşfiq Ələsgərli sözlərinə belə davam edib: “Hesab edirəm ki, bu qədər etiraz çıxışlarından sonra ən azı həmin KİV üzrxahlıq etməli və bundan sonra bu halların təkrarlanmayacağını bildirməli idi.
Məsələnin ikinci tərəfi odur ki, bu cür neqativ amillər hansısa bir efirdə törədilirsə, başqaları üçün də nümunəyə çevrilir. Bu halların tendensiyaya çevrilməməsi üçün buna qarşı qınaq olmalıdır. Biz bunu sosial mediada və ümumi etirazlarda gördük.
Məsələnin digər tərəfi odur ki, bu cür hallar qanun pozuntusudur. Efirin özünün standartları var və bunlara əməl edilməlidir.
Bütün bunların hər birindən öncə KİV üçün əsas meyar auditoriyadır. KİV çalışmalıdır ki, ictimai qınağa səbəb olan hallardan yayınsın və öz nüfuzlarına xələl gətirməsin”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə