Kök və çuğundurun faydaları nələrdir? - MÜTƏXƏSSİS AÇIQLADI

"Yerkökü çox dadlı, qidalandırıcı və faydalı bir tərəvəzdir. Beta-karoten qaynağıdır. Orqanizmdə A vitamininə çevrilən bu vitamin göz sağlamlığı üçün də çox faydalıdır. Həmçinin yerkökündə alfa-karoten, lutein, polyasetilen və antosianin kimi antioksidantlar var". Bu fikirləri Sİa-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözərinə görə, tərkibində antioksidantlarla yanaşı yüksək miqdarda lif, K1 vitamini və kalium immunitet sistemini gücləndirir və qəbzliyin qarşısını alır: "Aşağı kalorili və doyurucu olduğu üçün sağlam arıqlamaq istəyənlər üçün də faydalı seçimdir. Çiy və ya bişmiş olaraq yeməklərdə, salatlarda, kekslərdə istifadə olunur. Hətta suyunu da sıxıb içə bilərsiniz.
Yerkökünün tərkibində A vitamini miqdarı növünə görə fərqlidir. Ancaq ən çox istifadə etdiyimiz yerkökük növünün tərkibindəki A vitamini, gündəlik ehtiyacımız olan A vitamininin 28%-ni qarşılayır.
Qış mövsümündə rəngarəng tərəvəzlər və meyvələr bazarları bəzəyir. Rəngi diqqət çəkən tərəvəzlərdən biri də qırmızı çuğundurdur. Bu tərəvəz C vitamini, folat (B9 vitamini), fosfat, manqan, kalium, kalsium, selenium, dəmir kimi bir çox vitamin və mineralla zəngindir. Turşu olaraq da salatlarda daha çox istifadə olunan qırmızı çuğundurun uşaqlar üçün də faydası çoxdur".
Mütəxəssis həmçinin qeyd edib ki, qırmızı çuğundur C vitamini baxımından da zəngindir və immunitet sistemimizi gücləndirir: "Çuğundura bənövşəyi rəngi verən betalain yüksək miqdarda antioksidant xüsusiyyətə malikdir. Bu da ürəyi gücləndirir və xərçəngə qarşı qoruyucu təsir göstərir.
Ürək-damar xəstəliklərinə faydalı olan qırmızı çuğundur infarkt, xroniki ürək çatışmazlığı və böyrək xəstəliklərinə qarşı da qoruyucudur. Hipertoniyası olanlar gündə stəkanı keçməmək şərtilə (250 ml) qırmızı çuğundur suyu içərək qan təzyiqini tənzimləyə bilər. Təzyiqi aşağı saldığı üçün çox içmək olmaz.
Qırmızı çuğundurda olan nitratlar fiziki peformansı da artırır. Nitratlar, istirahət əsnasında daha çox oksigeni daşımaqla əzələləri dinc saxlayır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə